Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:10

Türkiyə hansı dönəmə qayıdır?


Ankarada partlayışlardan sonra nümayişçilərlə polis arasında toqquşma – 10 oktyabr 205.
Ankarada partlayışlardan sonra nümayişçilərlə polis arasında toqquşma – 10 oktyabr 205.

-

Qərb mediasının aparıcı mövzularından biri oktyabrın 10-da Türkiyənin paytaxtı Ankarada baş verən partlayışdır. Qoşa partlayışlarda 90-dan çox insan həlak olub, yüzlərlə yaralı var. Baş nazir Ahmet Davutoğlu hücumu Türkiyə tarixində «ən ağrılı insident» adlandırıb.

«The New Yorker»də Robin Wright yazır ki, bu hücum Suriya ilə sərhəddə, yaxud İstanbulda deyil, mərkəzdə, darıxdırıcı sənaye şəhəri olan Ankarada baş verdiyi üçün xüsusilə diqqət çəkir.

Vudro Vilson adına Elmi Mərkəzdən Henri Barkey deyir ki, prezident Recep Tayyip Erdoğan heç vaxt bu qədər problemlə üz-üzə qalmayıb. Noyabrın 1-də parlament seçkiləridir, iyundakı seçkidən sonra yeni hökumətin formalaşdırılması alınmadı. Erdoğan seçkidən iki həftə sonra Böyük 20-liyin sammitinə də ev sahibliyi edəcək. Bu arada kürdlərlə kövrək sülh prosesi də iflasa uğrayıb. Üstəlik, ölkə regional xaosa sürüklənib. Qonşu Suriyadakı vətəndaş müharibəsi nəticəsində iki milyon qaçqın bu ölkəyə sığınıb.

Müəllif yazır ki, cəmi 4 il öncə, Yaxın Şərqdə «Ərəb baharı» tüğyan edəndə, Türkiyə müsəlman dünyasına demokratik dəyişiklik gətirəcək ölkə modeli kimi təqdim olunurdu. Erdoğan deyirdi ki, ölkəsi dörd sütun – demokratik, dünyəvi, sosial və hüquqi dövlət üzərində dayanıb. Ancaq Rusiya prezidenti Vladimir Putin kimi, Erdoğan da siyasi sistemlə manipulyasiya edib, baş nazir postundan prezident postuna keçib, Erdoğan-ın rəhbərliyi getdikcə avtoritarlaşıb. Mediaya qarşı senzura artıb. İqtisadiyyat da zəiflədikcə, türklər bir partiyanın dominantlığına qarşı çıxmağa başlayır.

«On illik sabitlikdən sonra Türkiyə əvvəlki dönəmə qayıtmağa başlayır – 70-ci illərin sonlarına. O zaman küçədə solçu və sağçıların toqquşmalarında 450 nəfər həlak olmuşdu. Yaxud 1984-cü ildən sonra PKK ilə savaş başladı» -bunu Xarici Əlaqələr Şurasından Steven A.Cook deyir.

BOMBA HÜCUMLARINDAN SONRA MEDİA SENZURA OLUNUR

«The Independent»də Lizzie Dearden yazır ki, hökumət şənbə günkü partlayışlardan görüntülərin yayılmasına qadağa qoyub.

Ankarada terror aktına qarşı etiraz nümayişində aksiyaçılar Türkiyə hökumətinə qarşı şüarlar səsləndirirlər – 11 oktyabr 2015.
Ankarada terror aktına qarşı etiraz nümayişində aksiyaçılar Türkiyə hökumətinə qarşı şüarlar səsləndirirlər – 11 oktyabr 2015.

«Twitter» və digər sosial şəbəkələr həmin gün problemlər yaşayıb. Mediaya nəzarət qurumu olan Türkiyə Ali Radio və Televiziya Şurası (RTÜK) partlayış anının təsvirlərinin yayılmasını qadağan edib.

Hökumətin sözçüsü qanlı, yaxud çaxnaşma yaradan təsvirlərə qadağa qoyulduğunu bildirib. Bəzi istifadəçilər hətta «Facebook» səhifələrinə də girə bilmədiklərini deyiblər.

«The Independent» yazır ki, son illər ölkədə sosial mediaya ard-arda qadağalar etirazlara və beynəlxalq tənqidlərə yol açıb. «Index on Censorship» ölkəni «qismən azad» adlandırıb. Britaniya hökuməti də sosial mediaya qadağalar və jurnalistlərlə davranış sarıdan narahatlığını bildirib.

Prezident Erdoğan isə bu hücumun cəmiyyətdə parçalanmaya gətirməyəcəyini deyib: «Mənşəyi, məqsədi və adından asılı olmayaraq, hər hansı terrorçu hərəkət və ya təşkilata qarşı çıxırıq. İstənilən terror aktı kimi Ankara mərkəzi vağzalındakı hücum da bizim birliyimizi, qardaşlığımızı və gələcəyimizi hədəfə alıb».

UÇURUM DƏRİNLƏŞİR

«The Wall Street Journal»ın yazdığına görə, Türkiyə paytaxtında azı 97 nəfərin ölümünə gətirmiş intiharçı hücumlarından sonra ölkədə qarışıqlıq və siyasi qütbləşmə artıb. Hücuma görə məsuliyyəti üzərinə götürən olmasa da, rəsmilər «İslam Dövləti» silahlı qruplaşması və PKK-dan şübhələnirlər.

Ankarada sülh yürüşü zamanı partlayışda yaralanan qadın-10 oktyabr 2015.
Ankarada sülh yürüşü zamanı partlayışda yaralanan qadın-10 oktyabr 2015.

Müxalifət prezidenti və baş naziri kürdlərlə qarşıdurmanı gücləndirməkdə ittiham edir və məqsədin də 1 noyabr seçkisində çoxluğu yenidən qazanmaq olduğunu deyir.

«Bu hücum onsuz da təhlükəli şəkildə parçalanmış cəmiyyətdə dərin uçurumları bir az da dərinləşdirəcək», - bunu siyasi risklər üzrə «Teneo Intelligence» təşkilatının direktoru Wolfango Piccoli deyir.

Müxalif siyasətçilər də hökuməti xarici siyasəti ilə Türkiyəyə təhlükəni gücləndirməkdə ittiham edir. Onların fikrincə, ölkə getdikcə daha çox Yaxın Şərqdəki münaqişələrə cəlb olunur.

Məsələn, Suriya müharibəsi artıq Türkiyə ərazisində hiss olunur. Ankara Avropaya yönəlik miqrant böhranında mərkəzi oyunçuya çevrilməkdədir. Erdoğan-ın ötən həftə Brüsseldə görüşlərindən sonra AB Türkiyəyə sərhədlərini möhkəmləndirmək, qaçaqmalçı dəstələrlə mübarizə üçün 1 milyard avro təklif edib.

XS
SM
MD
LG