Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:12

QULAQ yenidən qayıdır?


Moskva 19 aprel 2015
Moskva 19 aprel 2015

Rusiyada icbari əməkdən də cəza növü kimi istifadə ediləcək

Rusiya gələn il yanvarın 1-dən icbari əməkdən də cəza növü kimi istifadə etmək niyyətindədir.
Bu Cinayət Məcəlləsinə hələ 2011-ci ildən daxil edilib, ancaq işləməyib, çünki uyğun yer və infrastruktur olmayıb. Gələn ildən durum dəyişir və bu cəza növündən azadlıqdan məhrumetmə cəzasına alternativ kimi istifadə ediləcək.
QULAQ yenidən qayıdır? Yenilik bir çox insanda Stalin repressiyalarının ağrı-acıları ilə xatırlanan QULAQ sisteminin qayıdışı təəssüratı oyadır. Ağır şəraitdə görülən icbari iş həmin sistemin də əsası idi.

Buna da bax: 37-ci illərdə Azərbaycan yazıçıları bir-birlərini satır, vəzifəyə gedirdilər...

Rusiya Federal Penitensiar Xidməti rəisinin müavini Valeri Maksimenko bu təəssüratı bölüşmür. Onun fikrincə, əksinə, yeni cəza növü məhkumu cəmiyyətdən tam təcrid edən azadlıqdan məhrumetmə cəzasından daha yaxşıdır:

Arxiv foto
Arxiv foto

Həbsxanalardakı qədər sərt olmayacaq

“İcbari əmək cəzası alan məhkumların qaldığı yerlərin mühafizəsi və təhlükəsizlik tədbirləri həbsxanalardakı qədər sərt olmayacaq. Onlar müəssisə rəhbərliyinin icazəsi ilə cəza çəkdikləri yeri müvəqqəti tərk edə də biləcəklər. Ancaqtəhkim olunduqları işdən boyun qaçıra və ya onu başqa işlə əvəzləyə bilməzlər”.

Rusiya Konstitusiyası və Cinayət Məcəlləsi icbari əməyi qadağan edir. Ancaq Əmək Məcəlləsində belə bir müddəa var ki, məhkəmənin təyin etdiyi cəzanın icrası qismində görülən iş icbari əmək sayılmır. Məhz bu boşluq hökumətə imkan verir ki, icbari əməkdən alternativ cəza növü kimi istifadə etsin.
Qanunvericiliyə görə, məhbuslar pul qazanmaq istəyirlərsə, həbsxanada könüllü işləyə bilərlər. Amma bu, reallıqda könüllü deyil, məcburi seçimdir.

Buna da bax: Sovet repressiya aparatının əmək düşərgələri - QULAQ fotolarda

Qara qəpiklik iş

İvan Pavlov sərbəst informasiyaya əldə etmək hüququnun təbliğiylə məşğul olan “Komanda 29” adlı qeyri-hökumət təşkilatının rəhbəridir. Onun sözlərinə görə, məhbusların öz iradələrinin əleyhinə məcburi əməyə cəlb edilməsi qanunsuz olsa da,Rusiya həbsxanalarında geniş yayılıb:

“Məhbuslar həbsxanalarda qara qəpiyə işlədilir. Üzrlü səbəbsiz işdən imtina ciddi pozuntu sayılır. Həmin şəxs ya karserə salınır, ya da əvfə düşməməsi üçün ona daxili intizam qaydalarını kobud şəkildə pozan məhbus xasiyyətnaməsi verilir”.

Buna da bax: Rusiya həbsxanasından dəhşətli işgəncə videosu yayılıb

İşlər necə bölüşdürüləcək?

İcbari əməklə cəzalandırılanların cəlb ediləcəyi işlərin növləri, yaxud siyahısı qanunvericilikdə hələ müəyyənləşdirilməsə də, müəssisə rəhbəri belə işləri fərdlərin yaşını, cinsini və sağlıq durumunu nəzərə alaraq bölüşdürəcək.
Yeni qayda özəl şirkətlərin işinə yarayıb. Çünki Amerika həbsxanalarında olduğu kimi, Rusiyada da icbari əməkdən özəl şirkətlər də faydalana biləcək və bununla çox ucuz işçi qüvvəsi əldə etmiş olacaqlar.

Hər 100 min nəfərə düşən məhkum sayına görə, Rusiya dünya ölkələri arasında 9-cu yerdədir. Bu ölkədə hər 100 min nəfərə 447 məhbus düşür. ABŞ 693 nəfərlə siyahıda birincidir.
Azərbaycan siyahıda 54-cü yerdədir.Azərbaycanda hər 100 min sakinə 236 məhbus düşür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG