Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:26

'Rusiya böhrandan durğunluğa qədəm qoyur'


Foto illüstrasiya. Neft
Foto illüstrasiya. Neft

Rusiya uzun böhrandan bəri yenidən iqtisadi yüksəliş mərhələsinə qədəm qoyduğunu iddia edir. Ancaq buranı tərk edib Londona köçən, indi Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) çalışan keçmiş Kreml məsləhətçisi Sergei Guriyev belə düşünmür. AYİB-in aparıcı iqtisadçısı deyir ki, Rusiya iqtisadiyyatında hələ dirçəliş gözə dəymir.

«BU, İQTİSADÇILARIN «DURĞUNLUQ» ADLANDIRDIĞI PROSESDİR»

Rusiya rəsmiləri ölkə iqtisadiyyatının gələn ildən başlayaraq, böhrandan qurtulub bərpa mərhələsinə qədəm qoyacağını bildirmişdilər. İqtisadiyyat Nazirliyi builki 0.2 faizlik enişdən sonra 2017-ci ildə 0.8 faizlik artım proqnozlaşdırır.

Di gəl, 3 il öncə siyasi təqiblərdən çəkinib, Rusiyanı tərk edən tanınmış iqtisadçı Sergei Guriyev-in fikrincə, ölkə iqtisadiyyatı artım deyil, «böhrandan durğunluğa keçid» prosesindədir.

«Ümumdaxili məhsulun (ÜDM) azalması sona çatıb. Artıq artım ya sıfır səviyyəsindədir, ya da çox yavaş gedir» deyən iqtisadçının sözlərinə görə, müsbət dinamika olsa belə, ildə bir faizi aşmayacaq: «Bu, iqtisadçıların «durğunluq» adlandırdığı prosesdir».

Moskvanın tanınmış Yeni İqtisadi Məktəbinin rektoru olmuş Guriyev 2008-2012-ci illərdə - Medvedev administrasiyası dövründə Kremlin məsləhətçilər şurasında çalışıb. O, «Sberbank»ın idarə heyətinin də üzvü olub.

2013-cü ildə - Rusiya elitasının Putin-in avtoritar siyasətini tənqid edən liberal düşüncəli üzvlərinə qarşı təqiblər başlananda, o, Rusiyanı tərk edərək Fransaya köçüb.

Sergei Guriyev
Sergei Guriyev

DURUM AĞIR OLARAQ QALACAQ?

Guriyev bunu da bildirib ki, üzümüzə gələn aylarda adi Rusiya vətəndaşının durumu ağır olaraq qalacaq. Axı hökumət neftin ucuzlaşması fonunda büdcə xərclərini azaltmaqda davam edir. Bu isə iqtisadi fəaliyyətə, cüzi də olsa, təkan verən dövlət kontraktlarına daha az vəsait ayrılması deməkdir.

Guriyev-in sözlərinə görə, Rusiya rəsmiləri büdcə xərclərini ciddi şəkildə azaltmağa məcburdurlar. İqtisadçı bildirir ki, bu, bütün sahələri, o cümlədən müdafiə xərclərini əhatə edəcək: «İndi silahların müasirləşdirilməsi üzrə dövlət proqramında da irimiqyaslı azalmalar müzakirəyə çıxarılır».

Guriyev-in fikrincə, ölkədə iqtisadi islahatların aparılmaması və Qərbin sanksiyaları Rusiya iqtisadiyyatının durumunu daha da ağırlaşdırıb:
«Yumşaq desək, vəziyyət asan deyil».

Adi rusiyalılar büdcə xərclərinin azaldılmasını dərhal öz ciblərində hiss ediblər.

«BU BAŞ VERƏRSƏ…»

İqtisadçının sözlərinə görə, avqust ayında ailəbaşı gəlirlərdə ötən ilin eyni ayı ilə müqayisədə 8 faiz azalma qeydə alınıb. Bu, ölkədə bahalaşmanın, ikirəqəmli inflyasiyanın aramsız hal almasının nəticəsidir.

Guriyev deyir ki, Rusiya hökuməti neft qiymətlərinin yüksək olduğu zamanlarda ağır günlərə toplanmış pullardan yararlanaraq, iqtisadiyyatı ayaqda saxlaya bilir. Ancaq iqtisadçı xəbərdar edir ki, neft qiymətləri qalxmasa və sanksiyalar yerində qalsa, hökumət başqa fondlara da əl atmalı olacaq. Bura pensiya sistemindəki kəsiri ödəmək üçün yaradılmış fond da daxildir: «Bu baş verərsə, Ehtiyat Fondu bu ilin sonu, ya da gələn ilin birinci yarısında tükənəcək və hökumət Milli Rifah Fondundan xərcləməyə məcbur qalacaq».

Guriyev-in sözlərinə görə, hökumət artıq əhalini buna hazırlamağa başlayıb. Artıq pensiya sistemi ehtiyatlarının 2017 və 2018-ci illərdə büdcə kəsrini qapamağa xərclənə biləcəyi açıqlanıb.

YAXŞI XƏBƏR DƏ VAR

Deyilənlərin fonunda yaxşı xəbər odur ki, inflyasiya yüksək qalsa da, «Mərkəzi Bank onu azaltmaq üçün çox çalışıb və biz bu il inflyasiyanın ikirəqəmli olmadığını görürük».

İqtisadçının fikrincə, ölkə iqtisadiyyatının bərbad durumu təkcə ucuz neft qiymətlərindən və sanksiyalardan qaynaqlanmır. Yeni investisiyaların olmaması da mühüm amildir. İqtisadi artımın zəifləməsi yerli kapitalı da azaldıb. Moskva ilə Qərbin münasibətləri pisləşdiyindən, xarici investorlar da ölkəni tərk ediblər.

«Təəssüf ki, Rusiyada bütövlükdə xaricdən birbaşa yatırımların həcmi ciddi şəkildə azalıb», - deyə Sergei Guriyev vurğulayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG