Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:13

Rusiya həm Ermənistan, həm də Azərbaycanda özünə yer eləyir


S.Sarkisian, V,Putin və İ.Əliyev

S.Sarkisian, V,Putin və İ.Əliyev

Gürcüstanın «Georgia Today» qəzeti Rusiyanın eyni zamanda həm Azərbaycana, həm də Ermənistana silah satmağından yazır.

Müəllif – Gürcüstanın Siyasət İnstitutundan Joseph Larsen yazır ki, Rusiya Qarabağ məsələsində neytral olduğunu söyləməklə yanaşı, hər iki tərəflə oynayır və əslində, münaqişənin ən vacib tərəfidir. Moskva özünü Yerevanın müttəfiqi elan edib, bu iki ölkə həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, həm də ikitərəfli əməkdaşlıq edir. Ermənistanda Rusiyanın hərbi bazası qalır, Rusiya müasir silahları Ermənistana endirimlə satır, bu il isə Ermənistan Rusiyadan sonra «Iskander» raketinə sahib olan yeganə ölkəyə çevrilib. Nəticədə ermənilər rusları öz müdafiəçiləri hesab etməyə başlayıblar.

DOSTDAN ALINAN SİLAH

J.Larsen Rusiyanın Azərbaycandan ayrılmış Qarabağın müstəqilliyini tanımadığını, eyni zamanda Azərbaycanın ən böyük silah təchizatçısına çevrilərək kələfi bir az dolaşdırdığını yazır: «Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun 2015-ci ilki hesabatına görə, Azərbaycan 2010-2014-cü illərdə əldə etdiyi silahların 85%-ni Rusiyadan alıb və həmin dövrdə Azərbaycanın illik silah idxalı 3 dəfədən də çox artıb. Bu ilin əvvəlindəki döyüşlərdə də erməni əsgərlər düşmən saydıqları Azərbaycanın dost Rusiyadan aldığı silahlarla vurulub».

Yerevanda hərbi parad - 2016

Yerevanda hərbi parad - 2016

Müəllif yazır ki, Kreml Qarabağ məsələsində özünü sülh tərəfdarı kimi aparsa da, tərəflərin günü-gündən silahlanması, eləcə də aprel hadisələri durumun gözləndiyi kimi qalmadığını, hər döyüşün əvvəlkindən ölümcül olacağını göstərdi. Görünür, buna görə Moskva indi hər iki tərəfə geninə-boluna, həm də ağır silah-sursat satmaqla müharibə ehtimalını uzaqlaşdırmağa və öz rahatlığını təmin etməyə çalışır.

Keçən ay isə Rusiya prezidenti Vladimir Putin Ermənistanla Rusiyanın birgə ordusunun yaradılması haqda göstəriş imzalayıb. Sənədə görə, Rusiyanın, eləcə də Ermənistanın ərazisinə müdaxilə olarsa, bu ordu birgə fəaliyyət göstərməlidir. Kreml anlaşmanın Qarabağa aid olmadığını, Qarabağı tanımadığını vurğulayır, amma müəllifin fikrincə, bu sənəd özlüyündə Bakının yerində oturmasına səbəb olacaq, çünki Azərbaycana da silah verməsinə baxmayaraq, Rusiyanın daha çox Ermənistanın tərəfini tutduğunu göstərir.

Qarabağda erməni əsgər

Qarabağda erməni əsgər

RUSİYANIN XEYRİNƏ

J.Larsen hesab edir ki, Qarabağ münaqişəsini bu şəkildə dondurmaq Rusiyaya hərtərəfli sərf edir. Əvvəla, hər iki tərəfə satılan silah Rusiyaya gəlir gətirir. Digər tərəfdən, Ermənistanın siyasi asılılığı Kremlin xeyrinədir. Rusiya həm də Azərbaycanla qarşılıqlı əməkdaşlığını təmin edə bilir.

Amma əgər bu siyasət işləməsə, silahlar qarşıdurmanı gücləndirsə, ya da birgə ordunun yaradılması, bəzi ekspertlərin düşündüyü kimi, durumu çətinləşdirib Azərbaycanın Qarabağa hücum ehtimalını yaratsa, Rusiya irəli dura və hər şeydən öncə özünə sərfəli razılaşmanın əldə edilməsinə nail ola bilər. Yəni, Rusiya yaratdığı durumdan bütün hallarda öz xeyrinə çıxasıdır.

«Kreml bu 25 il ərzində çox şey öyrənib, qələbəyə gedən ən yaxşı yolun hər iki tərəfə oynamaq olduğunu bilir», - J.Larsen belə yazır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG