Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:41

Rusiyanın nəhəng «Non-stop Production» kino şirkətinin şəriki Azərbaycandan imiş. Kommersant.ru «Non-stop Production»ın 49%-nə «Excalibur» adlı Lüksemburq şirkətinin sahib olduğunu yazır. «Excalibur»un benefisiarı isə Azərbaycanın dövlət şirkəti, Azərbaycan Beynəlxalq Bankının mübahisəli kreditlərini idarə edən «Aqrarkredit»dir.

Azərbaycan prezidentinin fərmanına əsasən, «Aqrarkredit» vaxtıkeçmiş kreditlərin geri alınmasıyla məşğul olmalı, onların effektiv şəkildə qaytarılmasını təmin etməlidir. Maraqlıdır ki, «Aqrarkredit»in məşğul olduğu mübahisəli kreditçilərdən biri də elə «Aqrarkredit»in dolayısı ilə şərik olduğu «Non-stop Production»dır .

4 MİLYON DOLLAR

Kommersant.ru saytının əldə etdiyi bilgiyə görə, tammetrajlı filmlərin istehsalıyla məşğul olan, kino bazarının liderlərindən biri kimi tanınan «Non-stop Production»ın Azərbaycan Beynəlxalq Bankına 4 milyon dollar borcu var və şirkət Azərbaycana nəinki aldığı krediti, heç kreditin faizini də ödəməyib.

Rusiyadakı borclularla məşğul olmaqdan ötrü «Aqrarkredit» Rusiyanın «Vertical Capital» şirkətiylə razılaşma imzalayıb. Və «Vertical Capital» «Non-stop Production»la bağlı tələbini şirkətin prodüseri Aleksandr Rodnyansky-yə artıq çatdırdıqlarını bildirir.

«Excalibur»ün şəriki olduğu «AR films»in icraçı direktoru Fyodor Petrov Kommersant.ru-ya müsahibəsində Azərbaycan Beynəlxalq Bankının Moskva nümayəndəliyinə 4 milyon dollarlıq borcları olduğunu təsdiqləyib. Ancaq bankın bu borcla bağlı tələb irəli sürmədiyini, «Vertical Capital» adlı şirkəti də tanımadıqlarını deyib.

Dollar

Dollar

DAHA KİMİN BORCU VAR

Kommersant.ru-nun yazdığına görə, Azərbaycan Beynəlxalq Bankına yalnız «Non-stop Production» borclu deyil. «Vertical Capital» Azərbaycanla razılığa əsasən, Rusiyada bir neçə problemli kreditlə işləyir və onların ümumi məbləği 1 milyard dolları keçib.

«Vertical Capital»ın sayta verdiyi məlumata görə, Babayev qardaşlarının Sankt-Peterburqdakı beşulduzlu «Hermitage» oteli, İsraildə Khikhinashvili-lər ailəsinə məxsus «Diamond» sintetik almaz istehsalı və elektrostansiya layihəsi (81 milyon dollar), qazax biznesmen Jomart Kamenov-un bir neçə layihəsi (180 milyon dollar), Rusiyanın nəhəng şərab idxalçısı «Mistral Alko» (19 milyon dollar) və «Mistral Alko»nun keçmiş sahiblərindən biri, abxaziyalı sahibkar Levan Tuzhba və onun strukturlarının (400 milyon dollar) Azərbaycan Beynəlxalq Bankına borcu qalır.

«Borclular krediti qaytarmaq iqtidarında olmayanda, kreditə zamin duran şəxsə müraciət edilməlidir», - «МЭФ-Аудит»in layihə rəhbəri Aleksandr Ovesnov Kommersant.ru-ya müsahibəsində deyib. «Həmin şirkətlərin də kreditlərə zamini, yəqin ki, qeyd edilib, əlbəttə, əgər bankın bu şirkətlərlə xüsusi əlaqəsi olmayıbsa». A.Ovesnov-un sözlərinə görə, krediti qaytara bilməyən şirkətləri subsidiar məsuliyyətə cəlb etmək olar, amma bu da asan deyil və yalnız borclu şirkət müflisləşdiyi halda mümkündür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG