Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:45

'Üsyankar müstəntiq'in vəkilinə 'yox' dedilər


Bu gün, sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində ölkədə qanunsuzluqlara etiraz olaraq müstəntiqlikdən istefa verdiyini deyən Rüfət Səfərovun məhkəməsi davam edib.

R.Səfərovun vəkili Bəhruz Bayramov bildirir ki, hakimdən müdafiə çıxışına hazırlaşmaq məqsədilə bir həftə vaxt istəyib. Ancaq ona bu vaxt verilməyib: «Bu onunla bağlıdır ki, biz vəsatətləri və müdafiə çıxışını yazılı olaraq məhkəməyə təqdim etmək istəyirik. Adətən şifahi çıxışlar etdikdə bu, protokola olduğu kimi yazılmır. Lənkəranda isə bizim elə imkanımız, ofisimiz yoxdur ki, rahat prosesə hazırlaşa bilək. Buna görə, bir həftə vaxt istədim. Hakim bu zamanı bizə tanımadı, prosesi saat 16:30-a kimi təxirə saldı».

Sentyabrın 7-də keçirilən məhkəmədə dövlət ittihamçısı çıxış edərək, Rüfət Səfərovun 10 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Buna da bax-'Üsyançı' müstəntiqə 10 il həbs istənildi

Ötən il dekabrın 20-də Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlayıb. Bundan dərhal sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb, mənzildən onun kompüteri, telefonu götürülüb.

Yanvarın 15-də Rüfət Səfərova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüş, o həbs olunmuşdu. Bir həftə sonra - yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etmişdi.

Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

Rüfət Səfərov hakim Yeni Azərbaycan Partiyasından keçmiş deputat, eləcə də Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.

Günün bütün mövzuları

XS
SM
MD
LG