Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:37

'Üsyankar müstəntiq'in məhkəməsi başladı


►Rüfət Səfərov: “Mənə qarşı repressiyaların bir hissəsidir”

Siyasi bəyanatla Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verən və ardınca həbs olunub, sonra isə ev dustaqlığına buraxılan Rüfət Səfərovun məhkəməsi başlayıb.

Bu işə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Asim Hacıyevin sədrliyilə baxılır.

İyulun 25-də məhkəmənin hazırlıq iclası keçirilib. Rüfət Səfərovun vəkili Bəhruz Bayramov bəraətverici əsaslarla cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb.

Müdafiəçi vəsatətini əsaslandırarkən bildirib ki, bu cinayət işi sifariş əsasında başlanıb, istintaqın gedişində xeyli qanun pozuntularına yol verilib, Rüfət Səfərovla rüşvət aldığı iddia olunan şəxslər arasında üzləşmə keçirilməyib.

HAKİM ÇIXIŞI YARIMÇIQ KƏSİB

Rüfət Səfərov da vəkilinin vəsatətini müdafiə edib. Barəsindəki cinayət işinin və ona qarşı irəli sürülmüş rüşvət alma ittihamının qondarma olduğunu deyən sabiq müstəntiq bütün bunları repressiya kimi qiymətləndirib:

"Mən ölkədə insan haqlarının pozulmasına, kütləvi qanunsuzluqlara etiraz olaraq, bəyanatla prokurorluqdan istefa verəndən sonra mənə qarşı başlanmış repressiyaların tərkib hissəsidir".

Buna da bax: «YAP-a qoşulub, «ağıllansam»...»

Hakim Rüfət Səfərovun çıxışını yarımçıq dayandırıb.

Məhkəmə qısa müşavirədən sonra vəsatətin təmin olunmadığını açıqlayıb.

Cinayət işi məhkəmə baxışına verilib və məhkəmə avqustun 8-nə təyin olunub.

Xatırladaq ki, Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, ötən il dekabrın 20-də Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. Bundan dərhal sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb, mənzildən onun kompüteri, telefonu götürülüb.

Yanvarın 15-də isə Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülərək, həbs olunmuşdu. Bir həftə sonra - yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin edib.

Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

Qeyd edək ki, Rüfət Səfərov hakim YAP-dan keçmiş deputat, eləcə də Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.

Üsyankar müstəntiq azadlıqda

Günün bütün mövzuları

XS
SM
MD
LG