Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:29

'Üsyankar' müstəntiq: Görünür, yaxşı rüşvət ala bilməmişəm


Rüfət Səfərov atası Eldar Sabiroğlu ilə
Rüfət Səfərov atası Eldar Sabiroğlu ilə

►“Şəxsən Zakir Qaralov özü mənə yaxşı işlədiyimə görə təşəkkür elan eləyib. Əgər mən rüşvətxor idimsə, mənə niyə təşəkkür eləyirdi?”

"Bu, ittiham aktı yox, torba aktıdı və Baş prokuror Zakir Qaralovun göstərişi ilə hazırlanıb. Amma çox qeyri-peşəkarcasına hazırlanıb".

Bunu ölkədəki qanunsuzluqlara etiraz olaraq müstəntiqlikdən istefa verdiyini deyən Rüfət Səfərov məhkəmədə ifadəsində deyib. Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verəndən sonra rüşvət alma ittihamı ilə həbs olunmuş Səfərov bir qədər sonra ev dustaqlığına buraxılıb.

“NİYƏ TƏŞƏKKÜR ELƏYİRDİ?”

Sabiq müstəntiqin işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır.

Avqustun 8-də keçirilən məhkəmə iclasında elan olunan ittiham aktına görə, Rüfət Səfərov müstəntiq kimi, 2014-cü ildə Zərdabın Əlibəyli kənd bələdiyyəsinin sədri Elçin Xəlilovdan 1000 manat, rayonun Elektrik Şəbəkəsinin məsul işçisi Ələmdar Abbasovdan 700 manat, Zərdabın Baytarlıq İdarəsinin əməkdaşı Mənsur Pənahovdan 500 manat, Mədəniyyət və Turizm şöbəsinin rəhbəri Eldəniz Abdullayevdən 3 min manat rüşvət alıb. Bu pullar adları çəkilən şəxslər barədə şikayətlərin rədd edilməsi, cinayət işi başlanmaması məqsədilə verilib.

Rüfət Səfərov (sağda)
Rüfət Səfərov (sağda)

Rüfət Səfərov ittihamı qəbul etməyib və bu cinayət işini prokurorluqdan bəyanatla istefa verməsi, tənqidi fikirlərilə əlaqələndirib:

"Şəxsən Zakir Qaralov özü mənə yaxşı işlədiyimə görə təşəkkür elan eləyib. Əgər mən rüşvətxor idimsə, mənə niyə təşəkkür eləyirdi? Görünür, yaxşı rüşvət ala bilməmişəm ki, məni həbs eləyiblər. Bir məsələdə də özümü şanslı hesab edirəm ki, nə yaxşı məni dövlət çevrilişi, qanunsuz silahlı birləşmə kimi əməllərdə ittiham eləməyiblər. Mən qanunsuzluqlara, özbaşınalıqlara etiraz olaraq istefa vermişəm. Bundan sonra prokurorluğa yoxlama göndəriblər. Yəni mən özüm istefa vermişəm, məni çıxarmayıblar".

Buna da bax: «YAP-a qoşulub, «ağıllansam»...»

ŞAHİDLƏR TƏSDİQLƏYİRLƏR

R.Səfərov qeyd edib ki, rüşvət aldığı iddia olunan şəxslərin bir qismini tanısa da, aralarında qeyri-rəsmi münasibət olmayıb:

"Bu adamların bəzilərindən şikayət daxil olub, bir qismi ilə bağlı cinayət işi başlanıb. Qanuna uyğun şəkildə bildiriş göndərib çağırmışam, gəlməyəndə telefonla əlaqə saxlamışam".

Rüşvət verdiyi iddia olunanlar və daha bir neçə başqa adam şahid qismində dindirilib. Şahidlərin bir hissəsi müstəntiqə rüşvət verdiyini təsdiqləsə də, R.Səfərov onların yalan danışdığını bildirib.

R.Səfərovun vəkili Bəhruz Bayramov rüşvət verdiyi iddia olunan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi qərar çıxarılması barədə vəsatət qaldırıb:

"Çünki Azərbaycan Cinayət Məcəlləsinə görə, rüşvət vermə də cinayət sayılır".

Vəsatət təmin olunmayıb.

Buna da bax: Rüfət Səfərov: "Məni özgür fikrimdən uzaqlaşdırmaq üçün..."

Rüfət Səfərov: "Məni özgür fikrimdən uzaqlaşdırmaq üçün..."
Gözlə

No media source currently available

0:00 0:07:28 0:00

CİNAYƏT İŞLƏRİNİN AQİBƏTİ BİLİNSİN

Vəkil ikinci vəsatətində isə məhkəmənin sorğu göndərib rüşvət verdiyi iddia olunan şəxslərlə bağlı şikayət və cinayət işlərinin aqibəti barədə məlumat almasını istəyib. Bu vəsatət təmin olunub.

Məhkəmə prosesi sentyabrın 7-də davam edəcək.

Xatırladaq ki, Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, ötən il dekabrın 20-də Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyi açıqlayıb. Bundan dərhal sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb, mənzildən onun kompüteri, telefonu götürülüb.

Yanvarın 15-də isə Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülərək, həbs olunmuşdu. Bir həftə sonra - yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin edib.

Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

Qeyd edək ki, Rüfət Səfərov hakim YAP-dan keçmiş deputat, eləcə də Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG