Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:33

Keçmiş müstəntiq: “Hər şey gözləyirəm”


►“Həbsim mənim üçün gözlənilməz olmadığı kimi, ev dustaqlığının həbslə əvəzlənməsi də gözləniləndi. Açığı, buna da hazıram”

Siyasi bəyanatla prokurorluq orqanlarından istefa verən və ardınca da həbs olunub, bir həftədən sonra azadlığa buraxılan keçmiş müstəntiq Rüfət Səfərov fevralın 12-də yenidən Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağrılıb.

Sabiq müstəntiq prokurorluğa getməmişdən əvvəl media nümayəndələrinin suallarını cavablandırıb:

– Bu gün saat təxminən 12 radələrində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Ərşad müəllim məni dəvət etdi. Çox güman ki, istintaq hərəkətinin yerinə yetirilməsilə əlaqədardır.

– Çağrılmanın konkret səbəbi deyildimi?

– Konkret səbəb deyilmədi. Güman ki, dindirmə ilə bağlı ola bilər.

– Həbsdən ev dustaqlığına buraxılandan sonra istintaqa çağırılmışdınızmı?

– Xeyr. O vaxtdan bəri bir dəfə də olsun, istintaqa çağırılmamışdım. Bu gün "Azadlıq" qəzetində mənim bir müsahibəm çıxdı. Mən orada öz fikirlərimi ifadə etmişəm. Bir aydan sonra istintaqa dəvət olunmağımın həmin müsahibə ilə bağlı olduğunu da istisna etmirəm.

– Necə düşünürsüz, prokurorluğa çağırılmağınız həqiqətən istintaq hərəkəti aparılmasına görədir, yoxsa sizə xəbərdarlıqdır?

– Dəqiq bir söz deməkdə çətinlik çəkirəm. Amma bir ay ərzində dəvət olunmamağım düşünməyə əsas verir ki, bu, istintaq hərəkəti deyil. Necə olur ki, məhz "Azadlıq" qəzetində müsahibəm çıxan kimi istintaqa dəvət olunuram?!

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

– Bir müddət əvvəl sizə qarşı təzyiqlər, hədələr barədə məlumat yayılmışdı. Hazırda vəziyyət necədir?

– Bununla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə müraciət etdim. İzahatımı aldılar. Əgər cinayət işi başlanmayıbsa, bu halda, mənə gəlib-gedən zənglərin siyahısının çıxarılması çətin məsələdir. Yəni bu məsələ hələ də açıq qalıb. Hansı təhdidlərə, alçaldıcı ifadələrə məruz qaldığımı dilə gətirmək istəmirəm. Bütün bunları da özümün son dövrlərdəki fəaliyyətimlə əlaqələndirirəm.

– Barənizdəki ev dustaqlığı qətimkan tədbirinin həbslə əvəz olunmasını gözləyirsinizmi?

– Mən hər şey gözləyirəm və bunu da istisna etmirəm. Həbsim mənim üçün gözlənilməz olmadığı kimi, ev dustaqlığının həbslə əvəzlənməsi də gözləniləndi. Açığı, buna da hazıram. Əminliklə deyirəm ki, barəmdə qaldırılan cinayət işinin, mənə qarşı irəli sürülən ittihamın heç bir əsası yoxdur. Bu baxımdan tam rahatam.

***

Rüfət Səfərov təxminən bir saata yaxın Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirildi. Prokurorluqdan çıxandan sonra yenidən mediaya açıqlama verən keçmiş müstəntiq bildirdi ki, onunla bağlı müəyyən istintaq hərəkətləri həyata keçirilib. Rüfət Səfərov iltizama imza atmasını əsas gətirərək detallar barədə məlumat verməsə də, qeyd etdi ki, fevralın 13-nə də yenidən istintaqa dəvət olunub.

Xatırladaq ki, Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, dekabrın 20-də Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib.

Bundan dərhal sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı evdə isə axtarış aparılıb, mənzildən onun kompüteri, telefonu götürülüb.

Yanvarın 15-də Rüfət Səfərova qarşı CM-nin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsilə ittiham irəli sürülərək həbs olunub. Yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəkilinin vəsatətini təmin edib və Rüfət Səfərov azadlığa buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG