Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:44

►Müxtəlif əhali təbəqələrindən olan ruslar ölkələrindəki iqtisadi böhranın onların həyatına təsirindən, 2016-cı il üçün qorxu və ümidlərindən söz açıblar

Tatyana Zaugolnova, 29 yaş, “My Green Style” adlı internet kosmetika mağazasının sahibidir, 6 işçisi var.

"Günbəgün əlbəttə, hiss edirəm ki, ərzaq malları, xüsusilə də balıq bahalaşır. İndi ərzağı iki dəfə bahasına alıram. Səyahət etmək iki dəfə baha olub. Əgər əvvəllər bel çantamı geyinib sakitcə xaricə həftəsonu keçirməyə gedə bilirdimsə, indi oturub hesablayıram, görürəm ki, gedə bilməyəcəyəm, çünki hər şey bahalaşıb. Biznes saxlamaq da çətinləşib. Avropa kosmetikasının qiymətləri iki dəfə artıb. Bəziləri öz mallarını bundan da çox bahalaşdırıblar. Tələb də, təbii ki, düşüb. Rusiya kosmetikası ilə işləmək asandır, çünki o, müqayisədə 20-30 faiz bahalaşıb. Yəni Avropa mallarından daha sərfəli olub. Ümumilikdə isə, satış əlbəttə ki, azalır.

Mən xərcləri azaltmağa cəhdlər etmişəm. Daha kiçik ofisə köçmüşük, işçilərimizlə məsafədən işləmişik. Görək də, nə olur? Yəqin ki, nəticə olacaq və bu böhrandan da, əvvəlki böhranlardan olduğu kimi çıxa biləcəyik.

Mən hiss edirəm ki, böhranının zirvəsini aşmışıq və iqtisadiyyat özünü yerli istehsala kökləyə bilib. Sanksiyalar və dolların bahalaşması nəticəsində Rusiya istehsalçıları yaxşı stimul alıblar. Mən bunu kosmetikanın nümunəsində görürəm. Rusiya kosmetikası Qərb kosmetikası ilə müqayisə az bahalaşıb və nəticədə populyarlığı artıb.

Əlbəttə, ümid edirəm ki, qarşıdan gələn il bu ildən yaxşı olacaq və hər şey sabitləşəcək və asanlaşacaq. Ən azı arzu edirəm ki, sabitlik olsun. Dollar və avronun sıçrayışları qiymətləri çox təsirləndirir. Belə bir şəraitdə gələn il nə qədər xərcləyəcəyimi bilmirəm. Qorxularım varmı? Ən böyük qorxum odur ki, dükanımı bağlamalı olum. Hazırda vəziyyət çox pisdir. Ümid edirəm ki, mənim qiymətləri salmaq strategiyam işləyəcək və dükanı bağlamalı olmayacağam. Bəli, ən böyük qorxum, dükanın bağlanmasıdır”. (Ardı aşağıda)

Vladimir Skiba, 65 yaş, pensiyaçı, musiqi müəllimi

"Düşünürəm ki, müəyyən peşəsi olan adamlar, pensiyadan əlavə qazanc üçün işləyə bilərlər. Xüsusilə də musiqiçilər, incəsənət, mədəniyyət adamları… Çalıb-oynamağı, yazmağı, bəstələməyi bacaran adamları deyirəm. Bu adamlar özlərinə məşğuliyyət tapa bilərlər. Deməzdim ki, iqtisadi geriləmə çox hiss olunur və ya böyük təsiri olub.

Mən bu haqda daha çox mediadan eşidirəm. Mən yaxın gələcəkdə yaşayış standartlarımı yaxşılaşdırmağı, yaxud maşın almağı planlaşdırmıram. Gündəlik həyata gəlincə isə, ərzaq mallarında elə bir bahalıq hiss etmirəm.

Mən 1990-cı illəri yaxşı xatırlayıram. Onda daha çətin və daha pis idi. Mən defoltu və hətta çox balaca olduğum vaxtları, Xruşşov dövrünü xatırlayıram. O vaxt çörək, yağ kimi adi ərzaq mallarına dəhşətli növbələr vardı. 1990-cı illər də çox çətin idi. Əksinə, bu böhran haqqında mən daha çox mediadan, televiziyadan və qəzetlərdən xəbər tuturam, bir də söz-söhbətlərdən. Elə vaxtlar olur ki, tanışlar gəlib pul istəyirlər. Amma o vaxtlar böhran lap göz qabağında idi.

Düşünürəm ki, biz böhranın zirvəsini artıq aşmışıq və qiymətlər sabitləşib.

Mənim ümidim odur ki, hamının həyatı yaxşılaşsın. Adamlar qəpik saymalı olmasınlar, istədiklərini ala bilsinlər. Əlavə gəlir üçün heç də bütün pensiyaçılar işləyə bilmirlər. Bizdə bəzi Qərb ölkələrində olduğu kimi deyil. Xaricdə çoxlu dostlarım var və düşünürəm ki, orada pensiya yaşında olan adamların vəziyyəti daha yaxşıdır. Qorxulara gəlincə isə, qorxum yoxdur. Düşünürəm ki, hər şey normal olacaq."

Buna da bax: Putin ailəsinin milyardları- [Video]

Svyat Kozlov, 52 yaş, keçmiş mebel təmirçisi, əlillik pensiyası alır

"İqtisadi böhranın bir pensiyaçı kimi mənim həyatıma təsiri böyükdür. Bir, ya iki il əvvəl mənim pensiyam dollarla 300-400 idi. İndi bu böhrana görə pensiyam olub yüz-filan. Çində olduğu kimi. Real həyatda 100-150 dollara yaşamaq çox çətindir. Ərzaq dükanlarında bahalıqdır.

Sanksiyalar Putinə qarşı qoyulub. Onları rus xalqına yox, Putinin dostlarına qarşı qoyublar. Lakin hamımız “xoşbəxt” yaşaya bilək deyə, Putin elə edib ki, xaricdən ərzaq ala bilmirik. Rusiyada öz istehsalımız yoxdur. İndi Türkiyə mallarına da qadağan qoyublar. Bir azdan başqa ölkələrin də mallarından imtina edəcəyik. Nəticədə bizə perestroyka zamanında olduğu kimi ərzaq talonları paylayacaqlar.

Biz böhranın zirvə nöqtəsinin arxada qalmasından necə danışa bilərik ki, bu ölkənin kiçik biznesi tamam məhv edilib. Son iki ildə kiçik şirkətlər kütləvi şəkildə bağlanıb. Ötən il 100 min, yoxsa 200 min kiçik biznes dayanıb. Yalnız böyük oliqarxlar belə vəziyyətdən salamat çıxa bilərlər. O da neft və qazdan oğurlanan pullara görə. Moskvadan 100 kilometr kənara çıxmaq kifayətdir ki, bu ölkənin yoxsul olduğunu görəsən. Bu böhran hələ uzun, çox uzun müddtədə davam edəcək.

Mənim ümidim onadır ki, Qərb ölkələri sanksiyaları dayandırsınlar. Qorxum isə ondandır ki, daha bir müharibəyə başlayaq. Rusiya Ukraynada döyüşürdü. Biz İslam Dövlətinə müharibə elan etmişik. Onlar bizə yox ha, biz onlara. Ona görə də qorxum var ki, müharibə bizim ərazimizə gəlsin." (Ardı aşağıda)

Yekaterina Kondratyeva, 28 yaş, telejurnalist

"Mən maşın almaq üçün yüksək faizli kredit götürmüşdüm. Bundan əvvəl maşını 15 faizli kreditlə almağa gücüm çatardı, amma indi kreditin faizi 20 olub. Əlbəttə, səfər xərcləri də var. Məsələn əgər mən Avropa ölkələrinə uçurumsa, deməli indi cibimdə dollar və avro ilə əvvəllər olduğundan iki dəfə az pul var. Düzü baqqal dükanları ilə bağlı o qədər çətinlik çəkmirəm. Düzdür,onlar malları bahalaşdırıblar, lakin bu, bir o qədər də hiss olunmur. Ümumilkdə mən böhranı orda-burda görmüşdüm, amma bu ilk dəfədir ki, onu öz maliyyə vəziyyətimdə hiss edirəm. Ola bilsin, bu ona görədir ki, ödəyəcəyim kredit var. Əvvəlki böhranları o qədər də hiss etmirdim, çünki onda kreditlərim yox idi. Düşünmürəm ki, biz artıq böhranın zirvəsinə çatmışıq. Vəziyyətin daha pis və ya yaxşı olacağını bilmirəm, amma düşünürəm ki, böhran hələ qalacaq.

2016-cı il üçün heç bir qorxum yoxdur. Düşünmürəm ki, vəziyyət çox qorxulu olacaq. Geniş mənada, ölkə miqyasında nələrsə baş verə bilər. Amma özüm barədə çox da narahat deyiləm. Məncə mənimçün hər şey qaydasında olacaq. Ümidlərimə gəlincə isə, əlbəttə var. Ümid edirəm ki, bu böhran gələn il, ya o biri il bitəcək, hər şey əvvəlki kimi, bəlkə ondan da yaxşı olacaq. Mən həyatda nikbin adamam.

Buna da bax: İŞİD-in ideologiyasına qalib gəlmək üçün nə lazımdır?

Dmitry Klimanov, 29 yaş, müstəqil sığorta agenti

"Sığorta biznesi hazırda xeyli çətin vəziyyətdədir. Mən avtomobil və tikinti avadanlığının sığortası sahələrində çalışıram. Vəziyyət belədir ki, maşın satışı azalıb, ehtiyat hissələri isə bahalaşıb. Müştəri tapmaq müşkül olub. Bu əsas məsələdir. İkincisi budur ki, şirkətlərin vəziyyəti pisləşib. Nəticədə sığortalar üzrə ödənişlərin icrasına nail olmaq çətinləşib. Bunun çox neqativ təsiri var. Sığorta müştərilərin gözündən düşür. Digər, əksinə olan bir tendensiya da var. Adamlar həm də mülkiyyətlərini itirməkdən qorxurlar. İndi maşın qəzası əvvəllər olduğundan 2 dəfə yarım, 3 dəfə baha başa gəlir. Ehtiyat hissələri bahalaşıb. Adamlar özlərini sığortalamaq istəyirlər.

Mən heç bir şirkətdə işləmirəm. Müstəqil işlədiyimdən mənim daimi maaşım yoxdur. Odur ki, gələcəkdə baş verəcək hadisələrdən narahatlığım var. Böhrandan əvvəl mən Maldiv adalarına getmişdim. Lakin bu dəfə Dominikan Respublikasına getdim, çünki ora daha ucuzdur. Gələn il hara gedəcəyimi isə heç bilmirəm. Çünki hər yerdə bahalıqdır. Bəlkə də daçada təzə bir hamam tikib istirahəti orda etmək olar.

İqtisadi problemlər artmaqda davam edir. Mən bunu öz işimdə də görürəm. Şirkətlər bağlanır və bu proses hələ davam edəcək. Artım yoxdur. Çoxları son ana qədər gözləyiblər. Bir çox həmkarlarım bu işi buraxıb ofis işinə gedirlər, çünki orada az da olsa stabillik var.

Mənim üçün bir qədər asandır. Peşə baxımından deyirəm. Dostlarım narahatdırlar ki, şirkətləri bağlana və ya maaşları azaldıla bilər. Mənim qorxuların isə gələcəkdə nələrin baş verə biləcəyindəndir. Belə ehtimallar var ki, cinayətkarlıq arta bilər. Məsələn maşın, fara, güzgü oğurluğu artıb. Mənim qorxum ondandır ki, birisi telefonumu almaq üçün mənim başımı əzsin."

Günün bütün mövzuları

XS
SM
MD
LG