Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:28

Portuqaliya yığmasının hücumçusu Nani AÇ-2016-nın finalında Fransa üzərində qələbədən sonra ona «Gümüş buts» bağışlayan komanda yoldaşı Cristiano Ronaldo-ya təşəkkür edib.

Turnirdə üç qol vuran və iki məhsuldar ötürmə verən Ronaldo-ya «Gümüş buts» çatıb. «Qızıl buts»u isə altı qol və iki məhsuldar ötürmə ilə yadda qalan Fransa yığmasının forvardı Antoine Griezmann alıb. Nani «Instagram» hesabında bunları yazıb: «Sən kapitandan daha artıqsan, sən çempionsan! Hədiyyəyə görə sağ ol! İrəli, Portuqaliya! Biz çempionuq!».

RONALDO FASİLƏDƏ KOMANDA YOLDAŞLARINA NƏ DEYİB?

Portuqaliya yığmasının müdafiəçisi Cédric Fransa ilə oyunun fasiləsində komandasının paltardəyişmə otağında hökm sürən ab-hava haqda danışıb. Onun dediyinə görə, zədə üzündən 25-ci dəqiqədə əvəzlənən Cristiano Ronaldo oyundaşlarını 2-ci hissəyə kökləmək üçün lazımi sözləri tapıb. Cédric Goal.com saytına bunları deyib: «Ronaldo-nun zədəsi bizim üçün çox ağır məqam idi. Həm mənim, həm də bütün komanda üçün. Sadəcə, hamı şokda idi. Ancaq fasilədə Cristiano bizi ruhlandırmaq üçün fantastik sözlər tapdı. O bizə dedi ki, Avropa çempionluğunu qazanacağımıza əminəm. Sadəcə, vahid komanda kimi döyüşün. Ronaldo fantastikadır. Onun münasibətini sözlə təsvir etmək olmaz. Fasilədə bizə çox kömək etdi. O, həmişə ruhlandırıcı sözlər tapır. Komanda da Ronaldo-nun sözlərinə reaksiya verdi».

«AÇ-2016-DA BİR NEÇƏ LƏNƏT GÖTÜRÜLDÜ»

Fransanın şəhər işi, gənclər və idman naziri Patrick Kanner son oyundakı məğlubiyyətə baxmayaraq, AÇ-2016-dan razıdır. O, həmçinin turnirdə bir neçə qələbə seriyasının qırılmasını vurğulayıb. «France Info» nazirin bu fikirlərini yayıb: «AÇ-2016-da bir neçə lənət götürüldü. Almaniya İtaliyanı, Fransa Almaniyanı, ardından Portuqaliya Fransanı məğlub etdi. Bu idmandır. Turnir əla keçdi. Fransanın malik olduğu keyfiyyətlər Portuqaliyada da vardı. Onlar Ronaldo-nun zədəsinə baxmayaraq, ağıllı futbol nümayiş etdirdi».

«EDER EYBƏCƏR ÖRDƏKDƏN GÖZƏL QU QUŞUNA ÇEVRİLDİ»

Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos finaldakı yeganə qolun müəllifi – hücumçu Eder-i meydana buraxmaq haqda qərarından danışıb. Xatırladaq ki, 28 yaşlı hücumçu yalnız qrup turnirinin ilk iki oyununun son dəqiqələrində meydanda görünmüş, qalan vaxtı isə ehtiyat oyunçular skamyasında keçirmişdi. Santos-un bu haqda dedikləri: «Cristiano Ronaldo-nu əvəzləməyin lazım gəldiyini anlayanda əvvəlcə Eder-i meydana buraxmaq istəyirdim. Ancaq sonra qərar verdim ki, bizə taktikanı dəyişmək lazımdır, bu üzdən fikrimdən daşındım. Sonradan bizə hava mübarizələrini udmağa, hücumda nəsə yaratmağa qadir, bir sözlə, fransızların işini çətinləşdirən futbolçu lazım olacaqdı. Eder-i çağırdım, o isə mənə yaxınlaşdı və dedi: «Məşqçi, mən qol vuracam». Sözünü tutdu, eybəcər ördəkdən gözəl qu quşuna çevrildi».

PAYET: «MEYDANDA PİS OĞLAN ROLUNU OYNAMAQ TƏBİƏTİMƏ YADDIR»

Fransa yığmasının hücumçusu Dimitri Payet final görüşündən sonra verdiyi açıqlamada heç də Cristiano Ronaldo-nu zədələmək fikrində olmadığını deyib. Xatırladaq ki, Portuqaliya yığmasının 31 yaşlı lideri Payet ilə 8-ci dəqiqədəki toqquşmada dizindən ciddi zədə alıb, mübarizəni davam etdirmək üçün çox çalışsa da, 25-ci dəqiqədə əvəzlənib: «Bu, adi oyun epizodu idi, başqa heç nə. Topu özümə qaytardım və onu zədələmək istəmirdim. Meydanda pis oğlan rolunu oynamaq təbiətimə yaddır. Buna heç kimin şübhəsi olmasın».

Maraqlıdır ki, iki futbolçunun toqquşmasından ötən bir saat ərzində istifadəçilər Payet-in «Instagram» hesabına 100 mindən artıq şərh yazıb ki, bunlar da təhqir, lənət və hədələrdən ibarət olub.

XS
SM
MD
LG