Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 00:18

'Vladimir Putin' Ukraynadan siyasi sığınacaq istəyib


Roman Roslovtsev Putin maskasıyla etiraz aksiyası

Roman Roslovtsev Putin maskasıyla etiraz aksiyası

-

Kremlə qarşı çıxan siyasi fəal Roman Roslovtsev Rusiyanın toplaşma azadlığını məhdudlaşdıran sərt qanununa qarşı təkbaşına aksiyaları ilə tanınıb.

Aksiyalar zamanı o, rezindən düzəldilmiş Putin maskası taxır.

Roslovtsev avqustun 20-də günorta saat 12 radələrində Moskvadan qaçıb. Bütün əşyalarını, elə həmin o maskanı da Moskvada kirayədə qaldığı mənzildə qoyub. O, avqustun 22-də Kiyevdə RFE/RL-in müxbirinə verdiyi müsahibədə deyib ki, özü ilə yalnız Rusiyanın "daxili pasportunu", bir az nağd pul və paltar götürüb. Telefonunun Rusiya təhlükəsizlik xidmətləri tərəfindən dinlənilməsindən qorxan Roslovtsev Rusiyadan getdiyini heç anasına da deməyib.

ƏVVƏL BELARUSA, SONRA UKRAYNAYA

Bir dostu onu maşını ilə Belarusa keçirib. Gecəyarısına az qalmış Ukrayna sərhədinə yaxınlaşıb. Bir xeyli piyada yol gedəndən sonra nəhayət bir yük maşınına minib.

Ukraynaya çatan Roslovtsev sərhəd mühafizəçilərinə belə deyib: "Xahiş edirəm, mən Ukraynada siyasi sığınacaq istəyirəm".

Ukraynanın Sərhəd Mühafizə Xidmətinin sözçüsü Oleh Slobodyan Roslovtsevin avqustun 21-də Ukraynanın Belarusla sərhədini keçdiyini təsdiqləyib.

Roslovtsevin Ukraynaya daxil olmasına imkan yaradan sərhəd keşikçiləri onu qəhvəyə qonaq edərək Kiyevə gedən ilk avtobusa oturdublar. Avqustun 21-də saat səhər saat 10 radələrində özünü çox yorğun, amma azad hiss edən Roslovtsev Kiyevə çatıb. "Kiyevdə özümü yaxşı, təhlükəsizlikdə hiss edirəm", o deyib.

21 DƏFƏ SAXLANIB

Moskvada doğulub böyümüş 36 yaşlı Roslovtsev mühasiblik oxuyub. 2013-cü ilin sonlarında Ukraynada Avromaydan hərəkatı başlayana qədər siyasətə meyl göstərməyib. O deyir ki, ukraynalıların korrupsiya və hakimiyyətdən sui-istifadəyə küçə etirazları onu ruhlandırıb.

Rusiyada etiraz aksiyalarına qarşı sərt qanun qəbul olunanda o da öz ölkəsində etiraz etmək qərarına gəlib. Üzündə Putin maskası, əlində isə "Mən 212.1-dən qorxmuram" sözləri yazılmış plakat olan Roslovtsev Qızıl meydanla Kremlə tərəf addımlayarkən polis onu yaxalayıb.

Roman Roslovtsev

Roman Roslovtsev

Ancaq onun bu etirazı İnternetdəki fəalların diqqətini cəlb edib. Roslovtsev öz etirazını bir daha təkrarlayıb və polis onu yenə tutub. Sonra yenə... Bu minvalla o, düz 21 dəfə saxlanıb. 13 dəfəsində onun üzündə Putin maskası olub.

MƏHKƏMƏYƏ GEDİB ÇIXMAQ İSTƏYİB, ALINMAYIB

Sözügedən qanun Rusiyanın Cinayət Məcəlləsinə 2014-cü ilin iyulunda salınıb. Bu qanun müxalifətin etiraz nümayişlərini əngəlləmək və Kremlin tənqidçilərini nəzarətdə saxlamaq niyyəti güdür.

Qanun hüquq müdafiəçilərinin sərt tənqidinə tuş gəlib. "Amnesty International" onu "çox sərt", "Human Rights Watch" isə "ictimai tənqidi kriminallaşdırmaq cəhdi" adlandırıb.

Roslovtsevin sözlərinə görə, o, qaçışını hələ sonuncu etiraz aksiyasını keçirdiyi gündən –iyunun 10-dan bəri planlaşdırıb. Bu aksiyadan sonra 30 gün həbsdə keçirməli olub. Bu, inzibati cəzanın ən sərt formasıdır. O, Federal Təhlükəsizlik Xidmətinin (FTX) təqiblərindən və "Rusiyada etiraz fəaliyyətini davam etdirməyin qeyri-mümkünlüyündən" bezib.

Fəal həmçinin ümid edirmiş ki, sonuncu etirazından sonra cinayət işi açılacaq və o, məhkəmədə "bu qanunun bütün absurdluqlarını" ortaya qoya biləcək. Ancaq bu baş verməyib.

ÇAMADANLARI DA EVDƏ QOYUB

Əvəzində FTX işçiləri ona deyiblər ki, etirazlarını davam etdirəcəyi halda ya dəlixanaya göndəriləcək, ya da yenə 30 gün həbs cəzası alacaq.

"Anladım ki, arzuladığım nəticəni almıram, cinayət işi açmırlar," o deyir.

İyulun 10-da həbsdən çıxan Roslovtsev Rusiyanı tərk etmək qərarına gəlir.

Növbəti bir ay ərzində o, qaçışını planlaşdırıb. Avqustun 20-də hərəkət etmək vaxtı gələndə o, yaşadığı binanın həyətində iki şübhəli adam görüb və tərəddüd etməyə başlayıb.

Dostu onu maşınla götürməyə gələndə çamadanlarını evdə qoyub ki, həmin şəxslər onun planını anlamasınlar.



SİLAHIN ÜSTÜNƏ HƏMİN SÖZLƏRİ YAZACAQ

Roslovtsev sığınacağı Ukraynadan istəməsini bu ölkənin "Putin rejiminə qarşı fəal mübarizə aparması" ilə izah edib.

“Ukraynanın ordusuna daxil olmaq istəyirəm. Bu imkan yaradılsa, çox minnətdar olaram," deyən Roslovtsev bunu öz etirazının davamı kimi gördüyünü bildirib.

O deyib ki, Ukrayna ordusuna qoşula bilsə, öz silahının üzərinə "mən 212.1-dən qorxmuram" sözlərini, dəbilqəsinin üzərinə isə "maska" sözünü yazacaq və beləliklə Putin rejiminə qarşı mübarizəsini davam etdirəcək.

Ancaq Roslovtsev "tromboflebit" adlı ağır xəstəlikdən əziyyət çəkir. Onun ayaq venaları iltihablanır.

Astiqmatizm diaqnozu isə vaxtilə Rusiyada hərbi xidmətə cəlb olunmasına imkan verməyib.

BÜROKRATİK POSTSOVET SİSTEMİ

Daha iki rusiyalı fəal bundan əvvəl etiraz qanunu ilə təqib olunduğundan Şərqi Avropa ölkələrindən siyasi sığınacaq istəyib. Irina Kalmykova mayda Litvadan, 79 yaşlı Vladimir Ionov isə Ukraynadan siyasi sığınacaq alıb. Ionov bu sərt qanunla ittiham olunan ilk şəxsdir.

Ancaq tarixən Ukrayna siyasi sığınacaq istəyən şəxslərin istəyini təmin etmir.

2015-ci ildə Ukraynanın Dövlət Miqrasiya Xidməti öz ölkələrində təqibdən qorxaraq bu ölkəyə gələn Rusiya vətəndaşlarının böyük əksəriyyətinə siyasi qaçqın statusu verməkdən imtina edib. BBC Ukrayna Xidmətinin məlumatına görə ötən il müraciət edən 86 rusiyalıdan yalnız yeddisinə sığınacaq verilib.

“Onlar düşünürlər ki, bura gələndə gənc, inqilabdan yeni çıxmış demokratik ölkə görəcəklər. Ancaq bunun əvəzində köhnə, postsovet bürokratik sistemi ilə üzləşirlər," "Sərhədsiz" insan hüquqları qrupundan Maksim Butkevych BBC Ukraynaya deyib.

PREZİDENT VƏD VERİB, AMMA...

BMT Ali Qaçqınlar Komissarlığı (UNHCR) 2013-cü ildə yazıb ki, Ukrayna sığınacaq prosesini təkmilləşdirməlidir.

2015-ci ilin aprelində Rusiyada doğulmuş jurnalist Yekaterina Sergatskova-ya Ukrayna pasportu təqdim edən prezident Petro Poroshenko demişdi ki, öz ölkələrində təqiblə üzləşən şəxslərə, özəlliklə, rusiyalılara vətəndaşlıq və siyasi sığınacaq vermə prosedurlarının asanlaşdırmasından ötrü ölkə parlamentinə təsir etməyə çalışacaq.

Ancaq hələ də parlamentə belə bir qanunvericilik təklifi daxil olmayıb.

Roslovtsevin sığınacaq xahişi ilə məşğul olan hüquqşünas Yuriy Shulipa Ukraynanın bu xahişi yerinə yetirəcəyinə çox inanır.

Roslovtsevin Putinə qarşı çıxması, onun rejimiylə mübarizə aparmaq istəyi və artıq təqib olunan başqa bir rus fəala sığınacaq verilməsi presedentinin olması bu ehtimalı artırır. "Düşünürəm ki, Roslovtsevin 100 faiz şansı var," Shulipa RFE/RL-ə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG