Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:21

'Rolls-Royce' Azərbaycanda da rüşvət veribmiş


«Rolls-Royce» holdinqi avtomobillər, təyyarə mühərrikləri, generatorlar istehsal edir.

«Rolls-Royce» holdinqi avtomobillər, təyyarə mühərrikləri, generatorlar istehsal edir.

Araşdırmalar nəhəng Britaniya şirkəti «Rolls-Royce»un bəzi ölkələrdə rüşvətə əl atdığını, mühüm müqavilələri imzalatmağa məhz bu yolla nail olduğunu üzə çıxarıb.

«The Guardian» və BBC-nin birgə əldə etdiyi məlumata görə, qarşı tərəflərə rüşvəti «Rolls-Royce»un həmin ölkələrdə işə götürdüyü vasitəçilər təklif edirmiş. Adıçəkilən 12 ölkə arasında Azərbaycanın da adı var.

«Rolls-Royce» holdinqi avtomobillər, təyyarə mühərrikləri, generatorlar istehsal edir.

ABŞ və Britaniyanın korrupsiya əleyhinə agentlikləri şirkətlə bağlı geniş tədqiqata başlayıblar.

«The Guardian» yazır ki, «Rolls-Royce»a işləməkdə şübhəli bilinən şəxs, əslən Hindistandan olan məşhur işadamı Sudhir Choudhrie və onun oğlu Bhanu-nu bu yaxında həbs etsələr də, sonradan azadlığa buraxıblar. Onlar Korrupsiya Əleyhinə Mübarizə İdarəsi (SFO) tərəfindən sorğu-sual olunarkən ittihamları rədd ediblər.

«DÜNYA LİDERİ»

Mətbuatın yazdığına görə, Sudhir Choudhrie-nin ailəsi liberal demokratlara 1.6 milyon funt sterlinqdən çox vəsait bağışlayıb. Bu ailənin şirkətlərinə «Rolls-Royce»un milyonlar ödədiyi məlumdur.

Hazırda Sudhir Choudhrie həm də liberal demokratların lideri Tim Farron-un müşaviri vəzifəsində çalışır.

«Rolls-Royce»un Britaniyada həm leyboristlər, həm də mühafizəkarlarla münasibətləri əvvəldən yaxşı olub. Leyboristlərin də, mühafizəkarların da administrasiyaları xarici ölkələrin bu şirkətlə müqavilə bağlaması üçün tez-tez lobbiçilik ediblər.

Britaniyanın keçmiş baş naziri David Cameron «Rolls-Royce»u bir dəfə «qabaqcıl texnologiyaların inkişafı üzrə dünya lideri» adlandırmış, bütün ölkənin bununla fəxr edə biləcəyini demişdi.

Tony Blair

Tony Blair

«UNAOIL»A CİNAYƏT İŞİ AÇILIB

«The Guardian» yazır ki, «Rolls-Royce»la bağlı araşdırmanın nazirləri narahat etdiyi hiss olunur. Qəzet 2006-cı ildə SFO-nun silah istehsalçısı «BAE Systems»ə qarşı tədqiqatını ovaxtkı baş nazir Tony Blair-in dayandırdığını xatırladır. T.Blair araşdırmanın davam etdirilməsinin Britaniyanın təhlükəsizliyini zərbə altında qoya biləcəyini demişdi.

Qəzet yazır ki, «Rolls-Royce»la bağlı tədqiqatın aparıldığı 2012-ci ildən məlum olsa da, SFO bu barədə bir il sonra açıqlama verib. 2014-cü ildə isə ABŞ-ın Ədliyyə Departamenti ayrıca araşdırmaya başlayıb.

SFO-nun əldə etdiyi bilgiyə görə, «Rolls-Royce» İraq, İran, Qazaxıstan, Anqola, eləcə də Azərbaycanda müqavilələri imzalatmaqdan ötrü «Unaoil» şirkətinə pul ödəyib. «Unaoil» isə müqavilələri əldə etmək üçün həmin ölkələrə rüşvət verməkdə, üstəlik, çirkli pulların yuyulmasında şübhəli bilinir. SFO «Unaoil»a cinayət işi açıb.

«Unaoil» «Rolls-Royce»la əməkdaşlığı zamanı hər-hansı korrupsiya əməliyyatında iştirak etmədiyini bildirib.

XEYLİ AGENT GERİ ÇAĞRILIB

Korrupsiya əleyhinə ekspertlər deyirlər ki, bəzi şirkətlər onlara gərəkən dövlət rəsmilərinə rüşvət verməkdən ötrü yaxşı əlaqələri olan agentlərdən istifadə edirlər. Hətta bəzi ölkələrin qanunları bu cür agentlərdən istifadəyə imkan verir.

Sərnişin təyyarələri, eləcə də hərbi təyyarələr üçün mühərrik satan, dəyəri 13 milyard funt sterlinq olan «Rolls-Royce»un özü mətbuatın araşdırma barədə suallarına cavab verməkdən imtina edib.

Rüşvətlə bağlı tədqiqatın aparıldığı ortaya çıxandan sonra «Rolls-Royce» xeyli agentini geri çağırdığını bildirib. Amma agentlərin sayını açıqlamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG