Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:08

Zinada təqsirləndirilərək güllələndi [Video]


Qadın kürəyindən vurulur.
Qadın kürəyindən vurulur.
-
Əfqanıstanda talibançılar bir qadını zinada ittiham edərək güllələyiblər. Ərinə xəyanətdə təqsirləndirilən qadın ötən həftə yerli əhalinin gözü qarşısında güllələnib.

22 yaşlı qadının öldürülməsinin videosu «YouTube»da yayılıb.

Hadisə Əfqanıstanın paytaxtı Kabildən 100 kilometr aralıda, Parvan əyalətinin bir kəndində baş verib. Videoda qadın arxası çevrilmiş şəkildə oturdulub. Arxasında əliavtomatlı talibançı dayanıb. «Allahu Əkbər!» səsləri altında qadın kürəyindən vurulur. 3 güllə vurulandan sonra o, yerə yıxılır. Ancaq talibançı bununla kifayətlənməyərək qadına daha 6 güllə vurur. Kəndlilər isə edamı həyata keçirən talibançını alqışlayır.



Parvan əyalətinin rəhbəri Abdulbashir Salangi hadisəni pisləyib:

«Onlar vəhşi heyvan kimi bir insanı öldürdülər. Məhkəmə qərarı olmadan kiminsə kimisə öldürməyə haqqı yoxdur».

Prezident Hamid Karzai də yazılı bəyanat yayıb:

«Bu cür cinayət həm müqəddəs İslam dininə, həm də ölkə qanunlarına görə, bağışlanmazdır».

Daxili İşlər Nazirliyinin sözçüsü Sediq Sediqi isə deyib ki, hərtərəfli istintaq aparılacaq:

«Biz bu videonu ətraflı araşdıracağıq. Bu zorakı, qəddar aktın arxasında dayanan şəxsləri tapacağıq».
Foto: Arxiv
Foto: Arxiv

«HAMI QORXU İÇİNDƏDİR»

Bundan əvvəl də «Taliban» 23 yaşında bir qadını və onun sevgilisi olduğu iddia edilən 28 yaşında kişini daşqalaq edərək öldürmüşdü. Başqa bir məlumatda isə hamilə bir dul qadının öldürüldüyü bildirilir.

2001-ci ildə «Taliban» hərəkatı hakimiyyətdən devrildikdən sonra əfqan qadınlarının təhsil və işləmə hüquqları bərpa olunub. Lakin indi hökumətlə «Taliban» arasında barışıq danışıqlarının nəticəsi olaraq bu hüquqların itiriləcəyi qorxusu var.

Qadın məsələləri komitəsinin Parvan vilayəti üzrə rəhbəri Shajan Yazdanparast deyir ki, qadınlar «Taliban» hakimiyyəti dövründə zülm çəkiblər:

«Hamı qorxu içindədir. Taliban qayıtsa, necə olacaq? Onların hakimiyyəti dövründə qadınlar həm sosial, həm də psixoloji cəhətdən çox əzab çəkiblər».

«Human Rights Watch» təşkilatının məlumatına görə, hazırda Əfqanıstan həbsxanalarında zorakılıq və ərinə xəyanətdə ittiham olunan 400 qadın var. Təşkilatın hesabatında deyilir ki, Əfqanıstanda qadınlar evlərdə zorakılığa məruz qalır, seksual problemlərlə üzləşirlər. Öz hüquqlarını müdafiə edəndə isə, məhkəmə orqanları onların şikayətinə məhəl qoymur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG