Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:38

Rio Olimpiadasını mindən çox ABŞ xəfiyyəsi qoruyacaq


Rio küçələrində hərbçilər
Rio küçələrində hərbçilər

«NBC News» xəbər verir ki, ABŞ xüsusi xidmət orqanları 2016-cı il Rio Olimpiadasına qatılan Amerika idmançılarını və heyətin təhlükəsizliyini qorumağa mindən çox xəfiyyə göndərir.

Artıq yüzlərlə təhlilçi, hüquq mühafizəçisi və özəl əməliyyat qrupu Rio de Janeyrodadır.

EHTİYAC DUYULARSA…

ABŞ Xüsusi Əməliyyat Komandanlığının, azı, 12 mükəmməl təlim görmüş dənizçi və dəniz piyadası da artıq Braziliyadadır. Yüksəkrütbəli rəsmilərin sözlərinə görə, onlar Braziliya Federal Polisi və Braziliya Dəniz Qüvvələri ilə birgə çalışırlar.

Rəsmilər bildirirlər ki, ABŞ ordusu bu işə xüsusi ordu birliyi ayırıb. Qurtarma və ya antiterror əməliyyatına ehtiyac yaranarsa, bu birlik fəaliyyətə keçəcək.

Məxfi hesabatda deyilir ki, bu əməliyyat ABŞ-ın 17 xüsusi xidmət agentliyinin hər birini əhatə edir. Buraya silahlı xidmətlər də daxildir. Əməliyyatda kəşfiyyat və xəfiyyə peyklərindən, məxfi dinləmələrdən, kibermonitorinq və sosial media monitorinqindən də istifadə olunacaq.

BAŞLICA MƏQSƏD

Hesabatdan görünür ki, əməkdaşlığın məqsədi ABŞ-ın köməyini təklif etməkdir. Beləcə, 10 mindən çox idmançının və sayı 35 mini aşan təhlükəsizlik və polis heyətinin təhlükəsizliyini qorumaq, terrorçuların sosial media hesablarına göz qoymaq və kompüter şəbəkələrinin güvənliyini təmin etmək mümkün olacaq.

Əməliyyat Braziliya hökumətini ilə əməkdaşlıq şəraitində gerçəkləşdirilir.

«Biz braziliyalıları yaxşı hazırlıqlı və son dərəcə peşəkar sayırıq», - yüksəkrütbəli kəşfiyyat rəsmisi belə deyib.

Avqustun 5-də açılış mərasimi gerçəkləşən Olimpiya Oyunlarını pozmaqla bağlı hansısa xoşagəlməz planın olduğuna dair hər hansı bilgi alınmayıb.

İKİ HƏFTƏ ÖNCƏ…

Ancaq iki həftə öncə Braziliya rəsmiləri «İslam dövləti» qruplaşmasıyla bağlantısı olduğu iddia edilən 12 nəfərədək Rio sakinini saxlayıblar. Livanəsilli bir braziliyalı da İŞİD-lə əlaqələrdə şübhəli bilindiyindən həbs olunub. Braziliyanın ədliyyə naziri saxlanılan şəxsləri «həvəskar» kimi səciyyələndirsə də, onların Olimpiya Oyunlarına hücumu müzakirə etdiklərini də deyib. ABŞ kəşfiyyatının mart ayında açıqlanan sənədlərində «Hizbullah»ın Braziliyadakı fəaliyyətinə də yer verilib.

ABŞ kəşfiyyatının bir başqa rəsmisi «NBC News»a bildirib ki, Birləşmiş Ştatlar, hələ ki, Olimpiya Oyunlarına İŞİD hücumu təhlükəsini görməyib. Onun sözlərinə görə, ötən ay Fransada keçirilən Avropa Futbol Çempionatı zamanı İŞİD-in hədə-qorxuları daha çox gündəmə gəlib.

«OLİMPİYA NƏZARƏTİ»

Kəşfiyyat sənədlərindən görünür ki, ABŞ artıq ötən ilin sonlarından həftənin 7 günü, günün 24 saatı açıq olan «Olimpiya Nəzarəti» yaradıb. Ölkənin bütün kəşfiyyat və hüquq-mühafizə qurumları, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Milli Təhlükəsizlik Agentliyi (NSA), Xüsusi Xidmət və Federal Kəşfiyyat Bürosu, kəşfiyyat peyklərinə cavabdeh Milli Kəşfiyyat Ofisi, eləcə də Milli Geoməkan Kəşfiyyat Agentliyi də bu işə cəlb edilib.

Sənədlərdə deyilir ki, Milli Təhlükəsizlik Agentliyi 1984-cü ildə Los-Ancelesdə keçirilmiş Olimpiya Oyunları zamanı kəşfiyyat idarələri arasında əsas rolu oynayıb.

İSTƏR ABŞ-IN ÖZÜNDƏ, İSTƏRSƏ BRAZİLİYADA…

ABŞ antiterror əməliyyatlarında Braziliyaya dəstək verən 51 ölkədən yalnız biri olsa da, fəaliyyət baxımından ikinci ölkə sayıla bilər. Yüksəkrütbəli ABŞ kəşfiyyat rəsmisinin sözlərinə görə, təkcə ABŞ-ın özündə, çoxu təhlilçi olmaqla, bu işə 800 kəşfiyyat əməkdaşı cəlb edilib. Daha 350 nəfər ABŞ, Braziliya və Beynəlxalq Olimpiya Komitəsinin işinə dəstək olmaq üçün Riodadır.

Rəsminin sözlərinə görə, Olimpiya Oyunlarına ABŞ hərbi xidmətlərinin hər birini təmsil edən idmançılar qatılıb. Onların arasında güllə atıcıları, qadın və kişi boksçular, eləcə də güləşçilər var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG