Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:33

Keçmiş 'vicdan məhbusu' məhkumluğunun götürülməsini istəyir


«İnsan Haqları Klubu»nun sədri Rəsul Cəfərov üzərindəki məhkumluğun götürülməsini istəyir. Hüquq müdafiəçisi bu barədə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə onun müraciətini təmin etməyib. R.Cəfərov qərardan apellyasiya şikayəti verib.

Oktyabrın 13-də Bakı Apellyasiya Məhkəməsində R.Cəfərovun şikayəti üzrə ilkin baxış iclası keçirilib. Bu işə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılır.

R.Cəfərov məhkəməyə gəlməyib. Hakim deyir ki, ilkin baxış iclası sentyabrın 15-nə təyin olunanda, Cəfərov məhkəməyə teleqram göndərib, oktyabrın 10-na qədər ölkədə olmayacağını bildirib. Ona görə də iclas 13-nə təyin olunub, amma o, yenə gəlməyib.

Abid Abdinbəyov şikayətçinin iştirakı olmadan işin məhkəmə baxışına verilməsi barədə proses iştirakçılarının fikrini öyrənib. Etiraz olmayıb və R.Cəfərovun apellyasiya şikayəti üzrə məhkəmə baxışı oktyabrın 27-nə təyin olunub.

Rəsul Cəfərov 2014-cü ilin avqustun 2-də mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay azadlıqdan məhrum edilən hüquq müdafiəçisinin işinə apellyasiya məhkəməsində baxılarkən, vergidən yayınma ittihamına xitam verilib, cəzası 3 ay azaldılaraq 6 il 3 aya endirilib. R.Cəfərov 2016-cı il martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. O, ittihamları qəbul etmir, insan haqlarının müdafiəsi sahəsində gördüyü işlərə görə siyasi sifarişlə cəzalandırıldığını bildirir. Həbsdə olarkən «Amnesty International» beynəlxalq insan haqları təşkilatı onu «vicdan məhbusu» elan etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG