Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:22

'Naxçıvanın 6 milyonluq illik rəsmi idxalı adi bir qəsəbəyə çatar'


Şerif. Karikatura
Şerif. Karikatura

Get-gedə daha çox xarici mal alınır

Azərbaycanda alış-verişə xərclənən pulun get-gedə daha çox hissəsi xaricdə istehsal olunan mallara verilir. Dövlət Statistika Komitəsinin (DSK-nın) hesablamalarından belə nəticə çıxır

DSK-nın hesablamalarından məlum olub ki, 2014-cü ildə pərakəndə ticarət şəbəkəsində alış-verişin 33,2 faizi, ötən ilsə 37,2 faizi xarici malların payına düşüb.

Beş ildə bazarlıq xərci 10 milyard manat artıb

DSK-nın hesablamaları göstərir ki, 2015-ci ildə əhalinin bazarlığa çəkdiyi xərc 25,7 milyard manata yaxın olub. Bu, 2011-ci ildəkindən 10 milyard manat çoxdur və dolayısıyla əhalinin daha çox qazandığını və ya daha çox xərclədiyini göstərə bilər.

Buna da bax:​ Manatla da hesablasan, Azərbaycana xarici sərmayə azalır

2013-cü ildə yerli məhsulların pərakəndə ticarət dövriyyəsi 12,9 milyard, ötən ilsə 16,6 milyard manat olmuş və həmin dövrdə idxal mallarının ticarətdəki payı 6,7 milyarddan 9,5 milyard manata qalxmışdı.

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, 2014-2015-ci illərdə Azərbaycanın xarici ticarət dövriyyəsi təxminən bərabər səviyyədə - ildə 9,1-9,2 milyard dollar həcmində olub.

«Mal gömrükdən gizli keçir»

Bəzi idxal mallarının satış üçün nəzərdə tutulmadığı da hesaba alınmalıdır. Söhbət sənaye mallarının xammalından, investisiya təyinatlı cihaz və avadanlıqdan gedir. Məhz buna əsaslanan müstəqil ekspertlər xarici ölkələrlə ticarətin «güzgü statistikasına» dayanaraq deyirlər ki, Azərbaycan gömrüyündə malların bir hissəsi gizli keçirilir. DGK bu iddialarla razılaşmır.

Naxçıvana xarici mal necə gəlir?

Pərakəndə ticarətdə xarici malların payının doğru-dürüstlüyünə şübhə oyadan ən adi örnək Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Bölgənin Dövlət Gömrük Komitəsi xəbər verir ki, ötən il buraya 98 milyon dollar dəyərində mal gətirilib. Bunun 63 milyon dolları sənaye məhsullarına, 14 milyon dolları nəqliyyat vasitələri və onların ehtiyat hissələrinə, 6 milyon 634 min dolları ərzaq məhsullarına, 500 min dolları tikinti materiallarına, 13,7 milyon dolları digər məhsullara xərclənib.

Buna da bax:​ Naxçıvanda pullar. Büdcədə sıfırlar...

Göründüyü kimi, malların çox az bir hissəsi pərakəndə satışa nəzərdə tutulub. Halbuki DSK bölgədəki pərakəndə ticarətdə xaricdə istehsal olunan malların həcmini daha yüksək göstəricilərlə təqdim edir.

Həmin qurum iddia edir ki, ötən il Naxçıvanın dükan-bazarlarında 316,7 milyon manatlıq xarici mal satılıb. Bu, ilboyu bütün idxalın həcmindən 3 dəfə çoxdur.

Ekspert: “Yerli mal dominantdır, amma idxal da az deyil...”

İqtisadçı ekspert Məhəmməd Talıblı
İqtisadçı ekspert Məhəmməd Talıblı

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Məhəmməd Talıblı AzadlıqRadiosu-na gömrüyə deyil, DSK-ya etibar etdiyini deyir. Ekspert muxtar respublikada yerli malların dominant mövqedə olması fikriylə razılaşsa da, kölgə iqtisadiyyatının aradan qalxmadığına diqqət çəkir:

«Ərzaq məhsulları üzrə 6 milyon dollarlıq idxal adicə bir qəsəbədə realizə oluna bilər. Onda belə çıxır ki, Naxçıvan ərzaq təhlükəsizliyini təmin edib».

Buna da bax:​ Böhranın Naxçıvana dəxli yoxdur?!

Müqayisə üçün bu ilin birinci yarısında Naxçıvana rəsmi yollarla gətirilən malların həcmini göstərmək yetər. Muxtar Respublikanın gömrük orqanı bölgəyə 18,8 milyon dollarlıq mal daxil olduğunu açıqlayıb.

5 ildə bazarlıq xərci adambaşına min manat artıb

Rəsmi hesabatlarda adambaşına ticarətə çəkilən xərc də yetərincə sanballıdır: 2011-ci ildə Azərbaycanda ərzaq və qeyri-ərzaq mallarının alınmasına 1754 manat xərclənmişdisə, ötən il bu göstərici 2 min 700 manata yaxınlaşıb. Bakıda bu göstərici ölkə üzrə qeydə alınandan 2 dəfə yüksəkdir. Başqa sözlə, pərakəndə ticarət şəbəkəsində vətəndaşların adambaşına gündəlik xərcləri, orta hesabla, 7 manat 39 qəpik, Bakıda isə 16 manat olub.

Buna da bax:​ Manatla gəlir artıb, dollarla yox

Nəzərə almaq lazımdır ki, buraya kafe və restoranlarda sərf olunan pullar, eləcə də pullu xidmətlərə çəkilən xərclər daxil deyil.

Varlıların xərcləri yoxsulların da “ayağına yazıldığından”, müstəqil ekspertlər həmişə bu tipli ortalama statistik məlumatlara etibar etməməyi tövsiyə edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG