Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:15

Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Kliniki Xəstəxanasının keçmiş baş həkimi Yüzasif Kərimovun oğlu Rəhim Kərimovun mühakiməsi başlayıb. O, ölümlə nəticələnmiş yol qəzası törətməkdə suçlanır. Dünyasını dəyişən isə Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyev olub.

İttihama görə, yol qəzası baş verərkən sürücü narkotik maddənin təsiri altında sərxoş olub, hadisədən sonra mərhum R.Allahverdiyevi yaralı vəziyyətdə qoyub qaçıb.

Amma R.Kərimov da, onun vəkili də sərxoş halda qəza törətməsi, yaralını qoyub qaçması barədə ittihamda yazılanların yalan olduğunu bildirir.

Noyabrın 8-də keçirilən məhkəmə iclasında vəkil Orxan Əhmədov bu məsələ ilə əlaqədar vəsatət qaldırıb: «Ekspertiza keçirilib və Rəhim Kərimovun sərxoş olması müəyyən edilməyib. Onun sərxoş olması barədə heç bir sübut yoxdur. Heç bir sübut olmadığı halda adamı narkoman elan etmək, onun guya narkotik maddələrin təsiri altında sərxoş olması qənaətinə gəlmək, ən azı, yolverilməzdir. İstintaq nəyin əsasında bu nəticəyə gəlib? Ən əsası, hadisə baş verərkən sükan arxasında R.Kərimov olmayıb. Hadisə vaxtı sükan arxasında Mahmudov Musa Əkbər oğlu olub. O, üzləşmə zamanı da bunu etiraf edib. Amma müstəntiq buna əhəmiyyət verməyib».

HADİSƏNİ BOYNUNA GÖTÜRÜB

Vəkilin sözlərinə görə, R.Kərimov dostunu məsuliyyətdən qurtarmaq üçün hadisəni öz üzərinə götürüb.

Rəhim Kərimovun hadisə yerindən qaçması barədə yazılanlara gəlincə, müdafiəçi deyir ki, R.Kərimov özü Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng edib, kim olduğunu bildirib və qəzanı törətməsi barədə məlumat verib. Bundan əlavə, özü ağır xəsarət almasına baxmayaraq, zərərçəkmişə köməklik göstərməyə çalışıb: «Amma bu cür halların heç biri nəzərə alınmayıb».

Vəkil bütün bunları nəzərə alaraq, cinayət işinin baxılmasına xitam verilməsi və işin istintaqa qaytarılması, qanunsuz sübutların işdən kənarlaşdırılması barədə vəsatət qaldırıb.

Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin baxılmamış saxlanılmasına qərar verib. İş üzrə məhkəmə baxışı noyabrın 22-nə təyin edilib.

Hadisə mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. «Mercedes» markalı avtomobil Azərbaycan Diplomatik Akademiyasının tələbəsi olan piyada Rüfət Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 19 yaşlı R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.

Rəhim Kərimova CM-nin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG