Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:24

'Yəqin referendumdan sonra Nazirlər Kabinetinə əl gəzdiriləcək'


Baş nazir Artur Rasızadə, karikatura (Gündüz Ağayev)

Baş nazir Artur Rasızadə, karikatura (Gündüz Ağayev)

Prezident NK-nın səlahiyyətlərini niyə özünə götürdü?

«Hakimiyyət bir əldə cəmləşir»

«Son dövrlər rəsmi şəxslər Nazirlər Kabinetinin lazımsız qurum olması haqda təəssürat yaratmağa çalışırlar. Bu cür çıxışlar, referenduma çıxarılan məsələlər onu deməyə əsas verir ki, referendumdan sonra Nazirlər Kabinetinin strukturu dəyişdiriləcək».

Siyasi şərhçi Şahin Hacıyev prezidentin sentyabrın 5-də imzaladığı fərmanla Nazirlər Kabinetinin investisyalarla bağlı bəzi səlahiyyətlərinin əlindən alınmasını şərh edərkən belə deyir.

Şahin Hacıyev

Şahin Hacıyev

«Yəqin ki, bunlar hamısı həmin prosesin ilkin mərhələsidir. Referenduma çıxarılan məsələlərə baxsaq, görərik ki, qərarın qəbul edilməsində Prezident Administrasiyasının səlahiyyətləri artırılır. Bu da nə cür edilə bilər? Deməli, səlahiyyətlər kimdənsə alınıb artırılmalıdır. Əslində, indi də səlahiyyətlər prezidentdədir, Nazirlər Kabineti daha çox texniki funksiyaları daşıyır. Yəni Nazirlər Kabineti strateji qərar vermir, sadəcə, qərarların texniki tərəfini həll edir»,siyasi şərhçi söyləyir.

Buna da bax:​ Referendum təşviqat kampaniyası başladı

Azər Rəşidoğlu: «Prezident komandasına inanmır, buna görə də səlahiyyətlərini genişləndirir»

O, Nazirlər Kabinetinin strukturu dəyişdiyi halda quruma məxsus bir sıra səlahiyyətlərin prezidentə və ya vitse-prezidentə veriləcəyini güman edir. «Bu halda da hakimiyyətin konsentrasiyası, bir əldə cəmlənməsi baş verir», – deyə Şahin Hacıyev əlavə edir.

«Komanda daxilində savaş baltaları havada yellənir»

Azər Rəşidoğlu

Azər Rəşidoğlu

Başqa bir siyasi şərhçi Azər Rəşidoğlu da Nazirlər Kabinetinin bəzi səlahiyyətlərinin əlindən alınmasını referendumsonrası aparılacaq struktur dəyişiklikləri ilə izah edir. O, dövlət başçısının komandasına da, oliqarxların nəzarətində olan parlamentə də inanmadığını, tam nəzarəti ələ almaqdan ötrü səlahiyyətlərini genişləndirdiyini bildirir.

Siyasi şərhçinin qənaətincə, hakimiyyətdaxili qruplaşmalar arasında nəzarət uğrunda mübarizə şiddətlənib: «Komanda daxilində didişmələr o həddə çatıb, savaş baltaları havada elə yellənir ki, qrupların cəzalandırılmasının vaxtı gəlib çatıb. Bundan başqa, prezident bir qrupa «stavka» edəcəyi halda, digər qrupun maraqlarına toxunacaq. Bu halda digər qrup müxalifətə keçə bilər. Buna görə də komanda bütünlükdə dəyişdirilməlidir».

Buna da bax:​ "Hakimiyyət bilir və qorxur"

Vahid Əhmədov: «Yəqin referendumdan sonra Nazirlər Kabinetinə əl gəzdiriləcək. Dövlət qurumlarında müəyyən dəyişiklik və islahatlar keçiriləcək...»

Siyasi şərhçinin sözlərinə görə, dəyişiklikləri həm də ölkədə yetişən iqtisadi böhran, manatın üçüncü devalvasiyası, bahalanma tələb edir.

«İlham Əliyevin köhnə qvardiyanın maraqlarını məhdudlaşdırmaqdan başqa yolu yoxdur. Xarici təzyiqlər də artıb. Vahid komanda olmadıqda qərar vermək çətinləşir. Ona görə komanda dəyişəcək. Görünən odur ki, qısa zaman kəsiyində çox ciddi struktur dəyişikliyinin, kadr rotasiyalarının şahidi olacağıq», – Azər Rəşidoğlu deyir.

YAP toplantıdadır

Hakim Yeni Azərbaycan Partiyası sentyabrın 6-da referendumla bağlı toplantılar keçirdiyindən məsələyə bağlı səlahiyyətli şəxslərinin və ya deputatlarının rəyini öyrənmək mümkün olmadı. YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevsə sualımızı dinləmədən telefonu qapatdı.

«Baxaq görək vitse-prezidentlik institutu nədir»

«Mən orda işləmişəm. Bu qurumun hazırladığı sənədlər, normativlər minlərlədir. Bunu hazırlamaqdan ötrü yüksək səviyyəli mütəxəssislər lazımdır və s..»

Vaxtilə Baş nazirin müavini vəzifəsində çalışmış, Milli Məclisin üzvü Vahid Əhmədov isə sentyabrın 26-da keçiriləcək referendumdan sonra vitse-prezidentlik institutu yaradılacağı halda bəzi məsələlərin dəyişə biləcəyini düşünür:

«Nazirlər Kabineti ilə bağlı bəzi məsələlər öz həllini tapacaq. Baxaq görək, vitse-prezidentlik institutu nədir, nəylə məşğul olacaq, hansı sahəyə baxacaq, iqtisadiyyata baxacaq, siyasətə baxacaq?»

Vahid Əhmədov

Vahid Əhmədov

Vahid Əhmədov Nazirlər Kabinetinin ləğv edilməsi və ya səlahiyyətlərinin əlindən alınması haqda deyilənlərə cavab olaraq deyir ki, sözügedən vacib qurumdur: «Mən orda işləmişəm. Bu qurumun hazırladığı sənədlər, normativlər minlərlədir. Bunu hazırlamaqdan ötrü yüksək səviyyəli mütəxəssislər lazımdır və s..»

Buna da bax:​ Prezidentin köməkçisi: 'Referendum islahatların davamıdır'

Hərçənd Vahid Əhmədov da Nazirlər Kabinetinin işində nöqsan olduğunu istisna etmir:

«Baş nazirin altı müavini var, bu nəyə lazımdır? İki müavin bəs edər. Müəyyən strukturu dəyişmək olar. Yəqin referendumdan sonra Nazirlər Kabinetinə əl gəzdiriləcək. Dövlət qurumlarında müəyyən dəyişiklik və islahatlar keçiriləcək. Çünki bu referendumdan həm siyasi, həm də iqtisadi islahatlar gözləyirik».

Buna da bax: Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Bu il sentyabrın 26-da Konstitusiyaya bəzi təkliflər referenduma çıxarılacaq. Təkliflərdən biri vitse-prezidentlik postlarının yaradılması ilə bağlıdır. Prezidentin səlahiyyət müddəti isə 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Həmçinin, prezidentə parlamenti buraxmaq səlahiyyəti verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG