Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:16

«Referendum Aktı layihəsində əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların da hüquqlarının təkmilləşdirilməsi ilə bağlı dəyişiklik əksini tapıb».

«Report»un xəbərinə görə, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, Konstitusiyanın 36-cı maddəsində işçi vətəndaşların tətil hüququndan bəhs olunur. Yeni layihədə 3 hissədən ibarət həmin maddəyə 4-cü hissə əlavə edilib: «Həmin hissədə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokautun qadağan edildiyi bildirilir. Lokaut anlayışı Əmək Məcəlləsində mövcud olsa da, ilk dəfədir ki, bu anlayış Konstitusiyaya daxil edilir».

Nazir daha sonra lokaut anlayışının izahını verir: «Məcəlləyə görə, qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədilə işəgötürənin, yaxud mülkiyyətçinin müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə elanı - lokaut adlanır».

Nazir qeyd edib ki, Əmək Məcəlləsinin 284-cü maddəsində işəgötürənin işçilərini, həmkarlar ittifaqları təşkilatını və müvafiq icra hakimiyyəti orqanını azı 10 gün qabaqcadan yazılı xəbərdar etməklə, hansı hallarda müəssisəni bağlayacağı barədə lokaut elan edə bilməsi göstərilir: «Bu hallar sırasına işəgötürənin qarşısında qoyulan kollektiv tələblərin yerinə yetirilməsinin istehsal, iqtisadi, maliyyə imkanlarına açıq-aşkar uyğun olmaması, onunla rəqabətdə olan işəgötürən (işəgötürənlər) və ya digər şəxslər tərəfindən tətilin keçirilməsinə işçilərin sövq edildiyi barədə təkzibolunmaz sübutların olması daxildir».

Nazirə görə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla lokautun qadağan edilməsinin Konstitusiyada təsbit olunması işçilərin birbaşa mənafeyinin müdafiəsinə xidmət edir.

Sentyabrın 26-da Konstitusiyanın 25-dən çox maddəsinə dəyişikliklər səsverməyə çıxarılacaq. Eyni zamanda ona bir neçə yeni maddə təklif olunur.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG