Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:37

Sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar Azərbaycanın diplomatik nümayəndəliklərinin yerləşdiyi 40-a yaxın ölkədə seçki məntəqələrinin təşkil olunması nəzərdə tutulur.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a açıqlamasında bildirib.

«Seçki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən, seçki məntəqələri konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən çox olduqda, Azərbaycanın diplomatik nümayəndəliklərinin və ya konsulluqlarının rəhbərləri tərəfindən səsvermə gününə azı 30 gün qalmış yaradılır. Xarici İşlər Nazirliyi seçki məntəqələri yaradılacaq diplomatik nümayəndəlik və konsulluqlarımızın siyahısı, vətəndaşların sayı barədə məlumatları Mərkəzi Seçki Komissiyasına təqdim edib».-deyə H.Hacıyev qeyd edib.

XİN sözçüsü vurğulayıb ki, referendumun keçirilməsi ilə bağlı bütün zəruri tədbirlər görülür: «Diplomatik nümayəndəliklər şəffaf qutular, seçki qutularının bağlanması üçün birdəfəlik kilidlər, seçki bülletenləri, barmaqların işarələnməsi üçün mürəkkəb, ultrabənövşəyi lampa, möhür, təlimat, qayda və digər ləvazimatlarla təmin edilir».

Azərbaycanda Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG