Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:19

'Azərbaycanda fəallar referendum öncəsi saxlanır'


Azərbaycanda bir sıra fəallar prezident səlahiyyətinin genişləndirilməsinə dair milli referendum öncə saxlanırlar. Həmin fəallar Natiq Cəfərli, Elşən Qasımov, Toğrul İsmayılov, Bəxtiyar Hacıyev və Elgiz Qəhrəmandır.

İnsan Haqları Evi Şəbəkəsi Azərbaycan hakimiyyətini referendum müddətində müxalifətin və narazıların qorxudulmasına son qoymağa çağırır. «Bundan savayı, Avropa Şurasını çağırırıq ki, Azərbaycandan qurumun standartlarını yerinə yetirməyi tələb etsin, referendum müddətində əhalinin ictimai həyatda iştirak, ifadə və toplaşma azadlığı təmin olunsun», - qurumun yaydığı bəyanatda deyilir.

«BİRBAŞA REFERENDUMLA BAĞLIDIR»

İnsan Haqları Evi Şəbəkəsi yada salır ki, referenduma dəyişikliklərdə prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, vitse-prezidentlik postlarının yaradılması təklif olunur. Digər dəyişikliklər toplaşma azadlığının, mülkiyyət hüququnun məhdudlaşdırılmasıyla bağlıdır. Azərbaycan vətəndaşlığı da «qanunvericiliyə uyğun olaraq» alına bilər. Referendum sentyabrın 26-da keçiriləcək.

Buna da bax - Həbslərin yeni dalğasımı başlandı?

«Hər kəsin referendum dövründə fikrini azad və təhlükəsiz ifadə etməsinə icazə verilməlidir, ictimai həyatda iştirak hüququna hökumətin təklifiylə razılaşmamaq da daxildir. Xalq referendumu, özəlliklə, dövlət müəssisələrinin gələcəyi barədə əsl ictimai müzakirə fürsəti yaratmalıdır. Əvəzində vətəndaş cəmiyyəti və müxalifətə təzyiqin yeni dalğasının başlandığını görürük ki, bu da birbaşa referendumla bağlıdır», - bunu qurumun Şərqi Avropa və Qafqaz üzrə regional meneceri Ane Bonde deyir.

BMT QRUPUNUN SƏFƏRİNDƏN SONRA

Qurum diqqəti bir məsələyə yönəldir – bu həbslər BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupunun Azərbaycana səfərindən sonraya təsadüf edir. Qurum mayda həyata keçirdiyi səfərin yekununda deyirdi ki, «insan haqları fəalları, jurnalistlər, siyasi və dini liderlər cinayət və inzibati ittihamlarla həbsə atılırlar. Məqsəd onların fundamental insan haqları və azadlıqlarından istifadəsini daraltmaq, onları susdurmaqdır».

REAL hərəkatının icraçı katibi Natiq Cəfərli referendumla bağlı tənqidi fikirlərindən sonra həbs olunub. O, qanunsuz sahibkarlıqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Daha iki REAL-çı Elşən Qasımov və Toğrul İsmayılovun hərəsinə 7 sutka həbs verilib, polisə tabe olmamaqda təqsirləndiriliblər. Siyasi fəal, keçmiş siyasi məhbus Bəxtiyar Hacıyev xırda xuliqanlıqda ittiham olunur və məhkəməsi isə davam edir. NİDA hərəkatının üzvü Elgiz Qəhrəman narkotik maddələrlə bağlı ittihamlarla 4 aylığa həbs olunub. «Meydan TV»nin məlumatına görə, onun həbsinin digər fəalların həbsiylə əlaqəsi barədə şübhələr var», - bəyanatda deyilir.

HELSİNKİ KOMİSSİYYASI DA NARAHATDIR

ABŞ-ın Helsinki Komissiyası da son həbslərlə bağlı açıqlama yayıb. «Komissiya Azərbaycanda referenduma qarşı çıxanlara təzyiqlərdən narahatdır» - qurum Twitter hesabında yazır.

Helsinki Komissiyasının sədri Chris Smith «Azərbaycan Demokratiya Aktı»nın müəllifidir. Bu layihənin hazırlanmasında məqsəd Azərbaycan hökumətinin müstəqil jurnalistlərin, müxalifətçilərin və vətəndaş cəmiyyəti qruplarının səslərini susdurmağa yönəlik sistematik səylərə diqqət çəkməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG