Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:01

«Hakimiyyət Konstitusiyaya dəyişiklikləri ilə bağlı referendumu gizli, ictimai müzakirə olmadan keçirməyə çalışdı. Bunun üçün mümkün olan bütün addımları atdı».

Bu sözləri Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qənbər deyib.

Sentyabrın 28-də Müsavat Partiyası və MSDM referendumun nəticələri ilə bağlı dəyirmi masa təşkil edib.

Dəyirmi masaya ictimai xadimlər, siyasətçilər, media nümayəndələri qatılıb.

İ.Qəmbər bütün basqılara rəğmən, demokratik qüvvələrin mövqe ifadə etdiyini vurğulayıb. «Müsavat Partiyası və ümumilikdə demokratik müxalifət öz prinsiplərinə sadiq qalaraq prosesin bütün mərhələlərində ortaya mövqe qoydu», -İ.Qəmbər bildirib.

Buna da bax-Referendum baş tutdu - bundan sonra nə olacaq?

Müsavat Partiyası başqanı Arif Hacılı hakimiyyətin qəfil referendum qərarından sonra partiyanın atdığı addımlar haqda danışıb. O, «Respublika» təşəbbüs qrupunu yaratdıqlarını, bütün inzibati basqılara rəğmən, 41 mindən artıq imza topladıqlarını, ancaq ali seçki qurumunun qrupu qeydə almadığını bildirib.

«Təşviqat kampaniyası dövründə repressiyalara rəğmən, Konstitusiya dəyişikliklərinə etiraz olaraq kütləvi aksiyalar keçirildi. Bu aksiyalarda əhalinin hakimiyyətdən narazılığının miqyası tam ifadə olunmadı. Cəmiyyətdə rejimə qarşı etiraz getdikcə artmaqdadır», - A.Hacılı bildirib.

«REFERENDUMA 10-12 FAİZ SEÇİCİ QATILIB»

A.Hacılının deməsinə görə, referendumda əhalinin cəmi 10-12 faizi iştirak edib. «Bu səbəbdən hesab edirik ki, referendum baş tutmayıb. Ona görə də, referendumun nəticələrinin ləğvini tələb edirik», - A.Hacılı vurğulayıb.

Buna da bax-Karusel, topa bülleten, müşahidə kameralarının çəkdikləri...

Müsavat başqanının müavini Elman Fəttah isə referendum zamanı hökumətin seçki ilə bağlı bütün hüquqi prosedurları pozduğunu qeyd edib. Onun fikrincə, referendum Azərbaycanın Konstitusiyasının əsaslarını sarsıdıb.

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Konstitusiyaya 29 məsələ ilə bağlı dəyişiklik edilib.

Orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Mərkəzi Seçki Komissiyası bildirir ki, xalqın böyük əksəriyyəti bu dəyişikliklərə səs verib.

XS
SM
MD
LG