Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:10

Deputat: 'İslahatlar başlayıb artıq...'


Tahir Rzayev
Tahir Rzayev

Ekspert: “Nə ciddi, nə qeyri-ciddi islahat gedir”

Referendum öncəsi hakimiyyət islahatlardan danışır, məhz bu məqsədlə də Konstitusiyaya bəzi dəyişikliklərin vacibliyini bəyan edirdi. Elə sentyabrın 26-da – ümumxalq səsverməsi günü prezidentin köməkçisi Əli Həsənov jurnalistlərə beləcə də dedi: "Referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb".

O, daha sonra bildirdi ki, referendum keçirməkdə məqsəd Azərbaycanda post-neft dövründə çevik iqtisadi islahatların keçirilməsi, effektiv idarəçilik sisteminin yaradılması və mövcud bürokratik idarəçilikdəki bəzi mexanizmlərin aradan qaldırılmasıdır.

Buna da bax:​ Devalvasiyalardan sonra hökumət artıq ÜDM-lə öyünmür

Referendum keçirildi, rəsmi məlumatlara görə, təklif edilən dəyişikliklər xalq tərəfindən dəstəkləndi. Bəs... Dəyişən nə oldu? Vəd edilən islahatlar gedirmi?

“Nə ciddi, nə qeyri-ciddi islahat gedir”

“Nə ciddi, nə qeyri-ciddi islahat getmir hələlik”. “Turan” informasiya agentliyinin redaktoru, siyasi şərhçi Şahin Hacıyev AzadlıqRadiosu-na belə deyir.

“Burda təəccüblü bir şey yoxdur. Bu cür bəyanatlar həmişə verilib. Bir az keçəndən sonra eşidəcəyik ki, Əli Həsənov və ya onun səviyyəsində bir məmur islahatların ilk gündən aparıldığını, islahatların daimi proses olduğunu deyib”, o əlavə edir.

Şahin Hacıyevin qənaətincə, vitse-prezidentlər təyin ediləcək və bu da cəmiyyətə islahat kimi təqdim olunacaq. “Fikir vermisiniz yəqin, hökumətyönlü media Nazirlər Kabinetini ciddi tənqid edir, yazırlar ki, bu qurum özünü doğrultmur, lazım deyil və s. Yəqin Nazirlər Kabinetinin strukturunu dəyişdirəcəklər, ya səlahiyyətlərinin bir hissəsini vitse-prezidentlərə verəcəklər, bu da idarəçilikdə islahat kimi təqdim ediləcək, vəssalam”, - siyasi şərhçi deyir.

Buna da bax: Qubad İbadoğlu: 'Qiymətlər daha sürətlə qalxacaq'

“İslahatı elə aparmaq istəyirlər ki, heç nə dəyişməsin”

Politoloq Zərdüşt Əlizadə AzadlıqRadiosu-na bildirir ki, bütün bunlar onun yadına XIX əsrin Rusiyasını salır:

“Çar hakimiyyətinin ən yuxarı səflərində mütəmadi olaraq Rusiyanın modernləşməsi, ictimai-siyasi-iqtisadi islahatların aparılması haqqında söhbətlər gedirdi. Bu barədə Saltıkov Şedrin çox gözəl yazıb. O yazırdı ki, bizdə hamı islahat istəyir, amma islahatları elə aparmaq istəyirlər ki, heç nə dəyişməsin. Yəni onların ağalıq, qarət, talan etmək hüququ yenə də özlərində qalsın”.

Zərdüşt Əlizadənin qənaətincə, indi Azərbaycanda da eyni durumdur və hakimiyyət heç nəyi dəyişmək istəmir. O, hakimiyyətin xalqı saymadığını, onunla hesablaşmadığını, onları tənqid edənlərin isə susdurulduğunu deyir:

“Odur ki, onlar heç bir islahata getməyəcəklər. İslahatı tələb edən ictimai qüvvə də yoxdur. Xalqın çoxluğu o qədər əzilib ki, heç nə anlamır, hüququnu tələb etməyə cəsarəti çatmır”.

İslahat tələb edən yoxdursa, hakimiyyəti islahat haqda danışmağa, bu ad altında qanunvericiliyə dəyişiklik etməyə vadar edən səbəb nədir? Politoloq deyir: “Əliyevlər ailəsi, sovet dövrünü də üstünə gəlsək, 40 ildir ölkəni idarə edir. Bir islahat aparılıb? Yox? Müşahidə edilən nədir? İqtisadi tənəzzül, insan hüquqlarının pozulması, Azərbaycanın bədnam edilməsi, sərvətlərinin talanı. İndiki referendumsa ailə hakimiyyətini uzatmaq üçün atılmış addım idi”.

Buna da bax:​ Ekspert: 'Gələn ilə çox qənaətcil büdcə gözlənilir'

Deputat: “İslahatlar artıq başlayıb”

Amma Hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Tahir Rzayev hakimiyyətin artıq islahatlara başladığını bildirir:

– Pambıqçılığa, üzümçülüyə, heyvandarlığa qoyulan sərmayələr islahat deyilmi? İslahatların tərkib hissəsidir də. İslahatlar şüarla, qərarla olmur axı. Burda dönüş varsa, bu sahəyə külli miqdarda vəsait qoyulursa, yerlərdə bununla bağlı tədbirlər keçirilirsə, bu da islahatın bir növüdür.

– Pambıqçılığın, üzümçülüyün, heyvandarlığın inkişafına sərmayə qoyulması üçün referendum keçirməyə nə ehtiyac vardımı?

– Referendum ondan ötrü keçirilmədi, axı. Orda başqa siyasi məsələlər də var. Orda idarəetməylə, mülkiyyət hüququ, beynəlxalq əməkdaşlıqla, insan hüquq və azadlıqlarıyla bağlı məsələlər səsverməyə çıxarılmışdı. Orda söhbət tək iqtisadi məsələlərdən getmirdi. Ana qanunda dəyişiklik etmək üçün insanların münasibəti lazım idi, onu da bildirdilər. İqtisadi islahatlarsa artıq gedir.

Buna da bax:​ Pambığın xeyrini fermerdən çox şirkətlər görəcək

– İdarəetmənin təkmilləşdirilməsindən danışılırdı. Bu yöndə hansı dəyişiklik, hansı islahat gedir?

– İdarəetmənin təkmilləşdirilməsindən ötrü müəyyən agentliklər, qurumlar yaradıldı.

– Yeri gəlmişkən, haqqında çox danışılan vitse-prezidentlər hələ də təyin edilməyib.

– Ana Yasadan danışırıq. Ola bilsin, bir aya, ola bilsin, bir ilə də təyin edilsinlər. Əsas odur ki, bu dəyişiklik Ana Qanunda qəbul edilib. Ola bilsin, gözlənilsin, ölçülüb-biçilsin, sonra qərar verilsin.

Buna da bax:​ «Üzüm əkənlər ancaq varlı adamlardır»

Siyasi şərhçi Şahin Hacıyevsə bu söhbətə sözardı olaraq gülə-gülə əlavə edir: “Demək olmazdı, axı, biz monarxiya yaradırıq. Demək lazımdır ki, demokratiyanı inkişaf etdiririk. Amerikalılar demiş, mahiyyət önəmli deyil, onun necə təqdim edilməsi, onun hansı qutuya qoyulmasıdır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG