Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:23

«Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklər prezident İlham Əliyevə daha çox səlahiyyət verir və onun klanının siyasi hakimiyyətinin qanuni yolla möhkəmləndirilməsinə yönəlib». «Global Risk Insights» analitik agentliyi Azərbaycanda sentyabrın 26-da keçirilən referendumla bağlı belə yazır.

Agentlik konstitusiyaya dəyişiklik olarsa, prezidentin parlamenti buraxmaq, növbədənkənar seçki keçirmək səlahiyyəti qazanacağını, prezidentlik müddətinin uzadılacağını vurğulayır. Hələ 2009-cu ildə referendumla Azərbaycan Konstitusiyasına dəyişiklik edildiyi, bir şəxsin prezidentliyə bir neçə dəfə namizəd olmasına imkan verildiyi yada salınır.

NİYƏ MƏHZ İNDİ?

Yazıda dəyişikliklərin prezident üçün müəyyən edilmiş yaş həddinin aşağı salınmasını nəzərdə tutduğu, İlham Əliyevin oğlu Heydər Əliyevin 19 yaşına çatdığı qeyd olunur. Üstəlik, yeni – vitse-prezident postunun yaradılacağı və 81 yaşına çatmış baş nazir Artur Rasizadənin deyil, vitse-prezidentin prezidentdən sonra ikinci şəxs olacağı, torpaq mülkiyyətini və sərbəst toplaşma azadlığını məhdudlaşdıran bir sıra başqa dəyişikliklər də vurğulanır.

Buna da bax-'29 sualı 46 saniyəyə necə cavablamaq olar?'

Belə bir sual qoyulur: Niyə Konstitusiyaya məhz bu dəyişikliklər və məhz indi edilir?

«Aydındır ki, bu dəyişikliklərin məqsədi İlham Əliyevin mövqeyini möhkəmləndirməkdir… İqtisadi narazılıq ölkəni bürüyüb və etiraz səsləri ara-sıra eşidilməkdədir. Böyük neft və qaz yataqlarına malik olmasına baxmayaraq, Azərbaycan da, bütün keçmiş Sovet ölkələri kimi, iqtisadi problemlərdən əziyyət çəkir, korrupsiya və repressiya yüksək həddə çatıb. Ölkə gəlirlərinin ¾-ü neft və qaz sektoruna bağlıdır və məhz bu sektor böyük korrupsiya mənbəyinə çevrilib. Yanacağın qiymətinin düşməsi, manatın ucuzlaşması ölkə iqtisadiyyatına, sıravi vətəndaşların həyatına güclü təsir edib və çoxu narazılığını küçələrdə bildirməyə başlayıb. Əliyev rejimi bütün bunlara, əlbəttə, barmaqarası baxa bilməz», «Global Risk Insights» belə yazır.

İKİ SƏBƏB

Agentlik hakim Yeni Azərbaycan Partiyasının üzvü olmayan, amma hökumətin mövqeyini müdafiə edən müxalifət liderlərindən Qüdrət Həsənquliyevin dediklərini yada salır. Həsənquluyevin sözlərinə görə, hökuməti dəyişikliklərə sövq edən bir sıra geosiyasi məsələlər var və bunlardan biri Qarabağ münaqişəsidir. Əliyev klanı münaqişəni həll etməkdən ötrü Azərbaycanın stabil rejimə ehtiyacı olduğunu bildirir. Üstəlik, Qarabağ məsələsi ətrafındakı həssaslıq prezidentin hakimiyyətinin gücləndirilməsinin əsas arqumentlərindən biridir.

Buna da bax-Deputat: 'MSK-nın kamerasına düşübsə, onu kim görüb ki?'

İkinci narahatlıq Türkiyədəki çevriliş cəhdiylə bağlıdır. Azərbaycan hökumətinin Konstitusiyaya dəyişikliklər haqda təklifini Türkiyədə çevriliş cəhdindən (iyulun 15-də) cəmi bir neçə gün sonra (iyulun 26-da) elan etməsi, yəqin ki, təsadüfi deyil. Azərbaycanda vəziyyət Türkiyədəki ilə eyni olmasa da, Azərbaycan hökuməti də Əliyev rejimindən narazı olan, klanın hakimiyyətinə son qoyulmasını istəyən qüvvələrdən ehtiyat edir və Konstitusiyaya dəyişikliklər bu qüvvələrdən qorunmaq vasitəsi sayıla bilər.

MÜMKÜN NƏTİCƏLƏR

Bəs dəyişikliklərin hansı nəticələri ola bilər? Yazıda vurğulanır ki, Əliyev rejimindən narazılar dəyişikliklərdən, əlbəttə, bir az da məyus olacaqlar. Dəyişikliklərdən sonra cəmiyyətdəki narazılıqların daha artıq boğulacağı şübhəsizdir, ona görə də gələcəkdə gizli müxalifət hərəkatlarının koalisiyasının şahidi ola bilərik.

Bunlardan başqa, Qarabağ problemindən cəmiyyətin fikrini gündəlik problemlərdən yayındırmaq üçün daha tez-tez istifadə edə bilərlər. Azərbaycan müharibəyə hazır olduğunu dəfələrlə vurğulayıb, apreldə 4-günlük müharibə də buna sübutdur. Beləliklə, qeyri-demokratik dəyişikliklər həm də Qarabağ münaqişəsinin qızışması kimi geosiyasi təhlükəyə işarədir və hal-hazırda Cənubi Qafqazın təhlükəsizliyi, iqtisadiyyatı vəsiyasəti haqda nikbinliyə çox az səbəb mövcuddur.

«Gec, ya tez bu dəyişikliklərin cavab zərbəsi olacaq... Vəziyyətin düzəlməsi üçün regionun demokratik fiqurlara ehtiyacı var». «Global Risk Insights» belə yazır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG