Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:31

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə bağlı qeydə alınan təşviqat qrupları ödənişsiz efir vaxtından imtina ediblər.

«Report» bu xəbəri təşviqat qruplarına istinadən yayıb.

Seçkiqabağı təşviqat sentyabrın 3-dən başlayıb. Lakin qeydə alınan «Yeni Azərbaycan», «Vətəndaş Cəmiyyəti» və «Bələdiyyə» təşviqat qrupları bununla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməyiblər.

«Yeni Azərbaycan» təşviqat qrupunun təsisçisi Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən bildirilib ki, səlahiyyətli nümayəndələr bütün regionlarda seçicilərlə görüşlər keçirirlər. Bundan başqa, «Yeni Azərbaycan» təşviqat qrupu MSK-nın ayırdığı lövhələrdə təşviqat materialları yerləşdirib.

Xəbərdə «Vətəndaş Cəmiyyəti» və «Bələdiyyə» təşviqat qruplarından da oxşar cavablar verildiyi bildirilir.

Hər üç təşviqat qrupu Konstitusiyaya dəyişikliklərin lehinə təbliğat aparır. Referendumun əleyhinə olan təşviqat qrupu yoxdur.

Mərkəzi Seçki Komissiyası müxalif Müsavat Partiyasının yaratdığı «Respublika» təşviqat qrupunu qeydə almaqdan imtina edib. MSK qərarını «Respublika»nın qeydə alınmasından ötrü etibarlı imzaların sayının tələb ediləndən az olması ilə əsaslandırıb. Müsavat Partiyasının rəhbərliyi isə MSK-nın qərarını qanunsuz və siyasi sifariş adlandırıb.

Sentyabrın 26-da Azərbaycanda hansı hadisə baş verəcək? Sorğu

Dəyişikliklərin əleyhinə olan siyasi qüvvələrdən Milli Şura isə referendumu elə əvvəlcədən boykot etmək qərarı verib.

REAL hərəkatı da avqustun 22-də prosesdən çəkildiyini elan edib. Hərəkat qərarını hökumətin basqıları ilə izah edib.

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG