Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:18

«Hansı xalq yığışıb 70 faiz səs verər ki, mülkiyyət hüququmu əlimdən al? Hansı xalq söz azadlığının, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına səs verər? Hansı xalq «mənim nə vaxtsa seçəcəyim parlamenti buraxın» deyə səs verər?».

AXCP sədri Əli Kərimli Mərkəzi Seçki Komissiyasının (MSK) referendumla bağlı açıqladığı ilkin rəqəmlərə münasibət bildirərkən belə deyib. O, seçici fəallığının 70 faiz olması və referenduma çıxarılan məsələlərə xalqın «hə» deməsi haqda rəsmi məlumatı «saxta» adlandırır. Partiya sədrinin qənaətincə, «Azərbaycan xalqına şər atırlar, o, antidemokratik, antixalq düzəlişlərə səs verməyib». O, həmin nəticələri xalqın boynuna qoymağı xalqın təhqir edilməsi sayır.

Ə.Kərimli 5-10 min nəfərin nəyinsə qarşılığında saxtakarlıq edərək, hakimiyyətə yardım göstərdiyini düşünür. «Amma xalq adından danışmasınlar, xalq bu referendumu boykot edib», – AXCP sədri bildirir.

Buna da bax: Referendum günü - 100 saniyədə

ARİF HACILI: «REFERENDUM BAŞ TUTMAYIB»

Müsavat Partiyası başqanı Arif Hacılı seçicilərin 25 faizinin səsvermədə iştirak etmədiyinə görə referendumun baş tutmadığını deyir. Onun fikrincə, bu referendumu heç bir şəkildə Azərbaycan xalqının iradəsinin ifadəsi kimi dəyərləndirmək olmaz. Partiya başqanı bunu referendum öncəsi ölkədə demokratik şəraitin, təbliğat imkanının olmaması, ictimai diskussiyalar aparılmaması, vətəndaşların sərbəst toplaşmaq, söz, ifadə azadlığının pozulması və seçki komissiyalarının hakimiyyətin nəzarəti altında olması, müxalifətdən olan müşahidəçilərin qeydiyyata alınmaması, səsvermə günü qanun pozuntularına yol verilməsi ilə izah edir.

«Özünə hörmət edən siyasi qurum, siyasi qrup və ya siyasi xadim sentyabrın 26-dakı prosesi demokratik, standartlara uyğun referendum adlandıra bilməz», – söyləyir A.Hacılı.

AMMA AŞPA QANUNU VƏ LEGİTİM SAYIR

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) referendumla bağlı qiymətləndirmə missiyası sentyabrın 27-də səsvermənin şəffaf və ədalətli keçdiyini bildirib.

Arif Hacılı deyir: «Qiymətləndirmə missiyası kimlərdən ibarətdir, bilmirəm. Ola bilər, bu hakimiyyətin daha öncə apardığı «kürü diplomatiyası»nın davamıdır».

O, qiymətləndirmə missiyasının ilkin rəyini «qeyri-obyektiv, reallığı əks etdirməyən rəy» sayır və AŞPA-nın da, beynəlxalq qurumların da bu bəyanatı sərt qarşılayacaqlarına ümid edir.

Buna da bax-Karusel, topa bülleten, müşahidə kameralarının çəkdikləri...

«TƏƏCCÜBLÜ DEYİL»

AXCP sədri Əli Kərimli AŞPA-nın referendumla bağlı qiymətləndirmə missiyasının ilkin rəyinə təəccüblənmir.

«Əvvəla dəqiqləşdirək ki, bu, müşahidə missiyası deyil. Bütün beynəlxalq təşkilatlar AŞPA-nın indiyədək Azərbaycandakı seçkilərə vəkillik edib dəstəkləməsini qınadığına görə təşkilat məcbur qalıb budəfəki referenduma müşahidə missiyası göndərməyib. Sadəcə, 7 nəfərlik heyət gəlib, o da qısa dəyərləndirmə ilə çıxış edib», - partiya sədri söyləyir.

O, referendumdan öncə həmin 7-nəfərlik nümayəndə heyəti ilə görüşdüyünü və bu qurumla bağlı fikirlərini bölüşdüyünü bildirir: «Azərbaycandakı referendumu əsas beynəlxalq müşahidəni həyata keçirməli olan ATƏT-in müşahidə missiyası, Avropa Birliyi, ATƏT-in Parlament Assambleyası müşahidə etmir. Yalnız «kürü diplomatiyası»nın meydan suladığı AŞPA və bir neçə ölkədən ələ alınmış deputat izləyir... Bunu onların üzünə dedik. Ümid vardı ki, bəlkə bu sözlər təsir edər. Amma prinsipcə, belə bəyanatlar təəccüblü deyil».

Hakimiyyətin tənqidçiləri bəzi beynəlxalq qurumların təmsilçilərinin bahalı hədiyyələrlə, səfər xərclərinin ödənməsiylə susdurulduğunu iddia edir və buna «kürü diplomatiyası» deyir. Hakimiyyət təmsilçiləri isə bu iddiaları rədd edir, həmin tənqidləri dilə gətirənləri ölkənin uğurlarını görməməkdə, qərəzli yanaşmada suçlayır.

Buna da bax-Prezident və ailəsi səs verir

«AŞPA ƏNƏNƏVİ ROLUNU OYNAYIR»

«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev MSK-nın açıqladığı nəticələrin gözlənilən olduğunu bildirir. O, 2015-ci ilin parlament seçkilərində səsvermə prosesi və nəticələrinin indiyədək görünməyən şəkildə saxtalaşdırıldığını yada salır. M.Əliyev də, müxalifət partiyalarının rəhbərləri kimi, bu fikirdədir ki, cəmiyyətin referenduma marağı az olub.

«Hakimiyyət bilirdi ki, cəmiyyət bu referendumda iştirak etməyəcək. Böhranla bağlı cəmiyyətin hakimiyyətdən narazılığı böyükdür. Ona görə də hər şey əvvəldən hazırlanmışdı və bu bir ənənəvi addım idi. Hökumət indi nə qədər adamın iştirak etdiyini, nələrə nə qədər səs verdiyini bəyan edir. Yəni hakimiyyət istədiyi formada Konstitusiyaya düzəlişləri etdi. Nə xalqın rəyini soruşdu, nə də məsləhətləşdi. Hər şey formal şəkildə baş verdi», – «Turan»ın rəhbəri söyləyir.

M.Əliyev referendumda əhalinin, uzaqbaşı, 5-10 faizinin səs verdiyini güman edir: «O da çoxu məcburi şəkildə gətirilənlər, büdcə təşkilatlarında işləyənlər idi. Azad şəkildə keçirilsəydi, həmin faiz də səsvermədə iştirak etməzdi. Əslində, cəmiyyət bu referendumu boykot etmişdi».

O ki qaldı AŞPA-nın qiymətləndirmə missiyasının ilkin rəyinə, müsahibimiz onların «ənənəvi» rolunu oynadığını deyir: «Texniki baxımdan görürlər ki, seçicilər gəlir, hər hansı problem yoxdur, məntəqədə sakitlikdir. Onlar baş çəkən məntəqələrdə seçici fəallığı təşkil edilir. Ona görə də seçki texniki olaraq qənaətbəxş görünür».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG