Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:54

►“Mən vəzifəyə gələndə kifayət qədər maliyyəm vardı, dövlətin puluna ehtiyacım yox idi...”

Bunu Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov iyunun 2-də məhkəmədə ifadə verərkən deyib.

Rəşad Məmmədov, eləcə də onunla birlikdə mühakimə olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər heyəti baxır.

“DÖVLƏTİN PULUNA EHTYACIM OLMAYIB”

Məhkəmə iclasında əvvəlcə prokuror Ramazan Hadıyev ittiham aktını elan edib.

Məlum olub ki, Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov Nizami küçəsi 44 ünvanında yerləşən obyektin alqı-satqısı zamanı dələduzluqda təqsirləndirilir. Onlara qarşı CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Rəşad Məmmədov isə həm də CM-nin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə və israf etmə) maddələrilə ittiham olunur. Cinayət işinin materiallarına görə, Rəşad Məmmədov tabeliyindəki işçilərə lazım olduğundan daha artıq pul vəsaiti verməklə, 200 min manatdan artıq vəsaiti israf edib.

Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov özünü qətiyyən təqsirli bilməyib. Amma onlardan fərqli olaraq, Arzu Məmmədov ittihamla razılaşıb.

Rəşad Məmmədov ifadəsində bildirib ki, 2011-ci ildə prezident İlham Əliyev tərəfindən Bayraq Meydanı Kompleksi İdarəsinə sədr təyin edilib:

“Bizim işimiz bayrağın təbliği və meydan ətrafında abadlıq işləri həyata keçirməkdən ibarət idi. Mən vəzifəyə gələndə kifayət qədər maliyyəm var idi. Dövlətin puluna ehtiyacım olmayıb. İşçilərimlə hər zaman bir ailə kimi olmuşam. Onlara bonus da, mükafat da vermişəm”.

“HARAMÇILIĞA YOL VERƏ BİLMƏZDİM”

İttihamda bəhs olunan obyektlə bağlı şikayətçi Zabil Salmanova gəlincə, Rəşad Məmmədov deyir ki, onu İsfəndiyar İsfəndiyarovun vasitəsilə tanıyıb:

“Mən onun obyektini ailəm üçün almışam. Orada haramçılığa yol verə bilməzdim. Sonradan Zabil bizi məhkəməyə verdi və kompensasiya tələb etdi. Həmin kompensasiyanı ödəməyi də İsfəndiyar boynuna götürdü. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, sonra Avropa Oyunları kimi tədbirlərin böyük bir qismi Bayraq meydanı ərazisində keçirilməli idi. Bu gün Bayraq meydanı Azərbaycanın ən gözəl yerlərindən biridir. Halbuki, həmin idarə yaradılanda bizim oturmağa da yerimiz yox idi. Mən bir Azərbaycan oğlu kimi, hər zaman prezidentə, vətənə, bayrağa sadiq əsgər olmuşam və olacağam da”.

Rəşad Məmmədov sualları cavablandırarkən deyib ki, həyat yoldaşının xalası Xuraman Qasımova onların idarəsində baş mühasib, həyat yoldaşı isə idarənin kommunal xidmətlər şöbəsində çalışıb, həyat yoldaşı iki dəfə analıq məzuniyyətinə çıxıb:

“Qaynım Azər Əsgərov beynəlxalq şöbədə çalışıb. Onun işi xarici qonaqları qəbul etmək, bayrağı təbliğ etmək və ərazidə aparılan işlərə nəzarət etməkdən ibarət idi. Onların maaşları ştat cədvəlinə əsasən, maliyyə idarəsi tərəfindən hesablanırdı. Xuraman Qasımova isə otuz ilin mühasibidir. İşini bilən insandır. İsfəndiyar İsfəndiyarovu və Arzu Məmmədovu 2013-cü ildə tanımışam. Qaynım Azər Əsgərov demişdi ki, bizim binanın altında üç obyekt satılır. Mən də həmin obyektləri almağa İsfəndiyara 6 milyon vermişəm”.

____________________________________________________________

Bunlara da bax:
Siqaretə məhdudiyyət qoyula bilər
Almaniya parlamenti "erməni soyqırımı"nı tanıdı

____________________________________________________________

“HƏYAT YOLDAŞIMLA BİR YERDƏ ÇALIŞA BİLMƏRƏM?”

Prokurorun “Sizin işçiləri maraqlandıran nə idi ki, iş vaxtından sonra da qalıb işləyirdilər?” sualına cavab olaraq R. Məmmədov bildirib ki, onlar vətənpərvər insanlar idilər:

“Onların mənim kimi rəisləri var idi. Görürdülər mən işə necə can yandırıram. Onlara arxa durmaqdan ötrü hər şey edirdim”.

Prokuror bildirib ki, qanunla yaxın qohumların bir yerdə çalışması yolverilməzdir:

– Siz bilirdinizmi ki, bu, düzgün deyil?

– Necə yəni, mən həyat yoldaşımla bir yerdə çalışa bilmərəm?

Bu məqamda hakim bildirib ki, təqsirləndirilən şəxs prokurora sual verə bilməz.

“Yığmısan bütün qohumlarını yanına…”, - hakim Əlövsət Abbasov əlavə edib.

“PUL GƏTİRİB APARMAQ İŞİNƏ BAXIB”

Dindirmə zamanı o da məlum olub ki, obyektlər əvvəlcə Arzu Məmmədovun adına, sonra Rəşad Məmmədovun qayınanasının adına, daha sonra başqa bir nəfərin adına rəsmiləşdirilib.

İsfəndiyar İsfəndiyarov da məhkəmədə ifadə verib. Bildirib ki, Zabil Salmanova məxsus obyekti almağa vasitəçilik edib:

“Azər Əsgərov demişdi ki, həmin obyektləri almaq üçün 6 milyon manat pul verəcək. Həmin məbləğə sənədləşmə və digər məsələlər də daxil idi. Biz də razılaşdıq. Mən alqı - satqıda hər zaman öz adımla çıxış etmişəm. Heç kim bilmirdi ki, həmin obyektləri kim alır. Arzu Məmmədov mənim etibar etdiyim bir adam olub və ancaq pul gətirib-aparmaq işinə baxıb. Heç nədən xəbəri olmayıb. Rəşad Məmmədovu 2012-ci ildən tanımışam. Əvvəllər heç bir münasibətimiz olmayıb”.

Məhkəmə prosesi iyunun 7-də davam edəcək.

Rəşad Məmmədov və digər iki nəfər ötən ilin aprelində həbs olunub. Bu ilin martında Arzu Məmmədovun barəsində həbs-qətimkan tədbiri dəyişdirilib. Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov isə Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılır.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (2 iyun)

Almaniya parlamentinin "soyqırım"ı tanıyan qətnaməsinə Bakıdan reaksiyalar

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (2 iyun)

Mehriban Əliyevanın təklif etdiyi amnistiya aktı: "Kimin pulu var çıxacaq"...

Günün bütün mövzuları

XS
SM
MD
LG