Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 05:30

«AMMA XOŞBƏXT OLMUŞUQ»

«Nə mənim uşaqlarım ata gördü doyunca, nə də mən ailə üzü. Elə dedik ki, «təki vətən sağ olsun, təki Raqufun işləri yaxşı olsun»... 26 illik hərbi xidmət dövründə ikicə ilini təhsilə ayırıb, yerdə qalan vaxt səngərdə olub. Murovdağdan tutmuş Haramı düzünə kimi gedib... Hərbçi maaşı nədir bilirsiniz, həmişə ona qane olmuşuq. İkimiz də işləmişik. Heç bir banka borcumuz olmayıb... Amma xoşbəxt olmuşuq...».

Danışan kəşfiyyatçı polkovnik leytenant, bu ilin aprel döyüşlərində həlak olan Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadədir. Onun bircə istəyi var: həyat yoldaşına Milli Qəhrəman adı verilsin. «Yoldaşım hərbi hissə komandiri olub. Əsgər ailəsinin bəzi haqları var. Amma mən heç o gileyi də etmirəm, məni başa düşün, onlar mənə çox xırda gəlir. Mən dövlətdən onun xidmətlərinin qiymətləndirilməsini, 26 illik hərbçi həyatının, Azərbaycan Ordusunun quruculuğundakı fəaliyyətinin dəyərləndirilməsini istəyirəm», - deyir dul qalmış hüquqşünas qadın.

«OLA BİLSİN, MƏSƏLƏ HANSISA MƏRTƏBƏDƏ İLİŞİB»

Sevinc Alızadə bu məsələylə bağlı dəfələrlə müraciət etsə də, müdafiə naziri Zakir Həsənovun qəbuluna düşə bilmədiyini söyləyir:

«Başa düşmürəm, niyə qəbul etmirlər. Ya haqsız dəyərləndirilmə oldu, ona görədir, ya cəmiyyətdə Raqufa ad verilməməsi ilə bağlı narazılıq çoxdur, ya da adla bağlı fərman düzgün verilmədi, ona görədir. Səhvlərini bilirlər, yəqin. Durub hər şeydən ötrü prezidentin qapısını döyəsi deyiləm ki, şəhidimi Müdafiə Nazirliyi döyüşə yollayıbsa, o da cavab verməlidir. Hamı deyir ki, o, böyük itkidir ordu üçün. Onu hamı sevirdi. Ola bilsin, onunla bağlı məsələ haradasa, hansısa mərtəbədə ilişib».

Sevinc Alızadə konkret ad çəkməsə də, son iki ildə həyat yoldaşına qarşı ayrıseçkilik olduğunu iddia edir: «Ola bilər, kimləsə haradasa toqquşub. Mənə hesabat verməzdi. Amma axır vaxtlar hiss edirdik ki, işlər düz getmir. Həmişə yüksələn xətlə gedən zabit vəzifə pilləsində inkişafdan qalırdı. Amma susurdu. Əvvəllər də haqqı yeyiləndə, rütbə verilməyəndə susurdu. Ancaq sonradan haqq, gec də olsa, yerini tapırdı, amma bu dəfə...».

Raquf Orucovu Azərbaycanda böyük əksəriyyət həlak olandan sonra tanımağa başladı. Ona qədər daha çox hərbi çevrədə tanınır, haqqında əfsanələr dolaşırdı. Ölümündən sonra sosial şəbəkələrdə onunla eyni vaxtda qulluq edən hərbçilər danışmağa, ona Milli Qəhrəman adı verilməsini gündəmə gətirməyə başladılar.

Həlak olmasından 3 aydan çox ötsə də, hər gün qəbri üstünə gələn əsgərləri ürək sözlərini, təşəkkürlərini hələ də kağıza köçürüb ora qoyurlar. Sevinc Alızadə əsgərlərindən birinin hər gün Tağıyev qəsəbəsindən gəlib onun məzarı başında keşik çəkdiyini bildirir. İki gün öncə bir hissəsi işğal altında olan Ağdamın «Qarabağ» klubu qarşılaşmaya çıxarkən fanatlar stadionda Raquf Orucovun pan kartını sərgilədilər. Həmin gün – iyulun 12-i onun doğum günü idi.

Raquf Orucov «Qarabağ»ın oyununda anılıb

Raquf Orucov «Qarabağ»ın oyununda anılıb

«BƏZİ ŞƏXSLƏRİN QƏRƏZİ UCBATINDAN MÜKAFATLANDIRILMAYIB»

Raquf Orucov haqqında yazanlardan biri də jurnalist Zamin Hacıdır, «əfsanəvi kəşfiyyatçı»nı hərbi xidmətdən şəxsən tanıyıb. Onun sözlərinə görə, Raquf Orucov Azərbaycanda ən yüksək adlara layiqdir:

«Həlak olandan sonra onunla bağlı sosial şəbəkədə status, qəzetdə yazılar yazdım. Cəmiyyətdən gələn reaksiyalardan Orucovu o qədər də yaxşı tanımadığımı başa düşdüm. Onun haqqında yazdığım status ən çox paylaşılan və ən çox şərh yazılan, bəyənilən statuslarımdan biridir, bəlkə də birincisidir. Orda yazanların çoxu onun əsgərləri, onunla döyüşmüş zabit yoldaşlarıdır, igidlikləri, keçirdiyi əməliyyatları haqda faktlar yazdılar. Belə adamları tanımaq lazımdır. Və təəssüf ki, Müdafiə Nazirliyindəki bəzi şəxslərin ona qarşı qərəzi ucbatından bu adam ölümündən sonra mükafatlandırılmayıb. Polkovnik-leytenant rütbəli adam, özü də kəşfiyyatçı... Aldığım məlumata görə, aprel döyüşlərində də qəhrəmanlıq göstərib, xeyli adamın həyatının xilasına nail olub. İndi baş verənlər təəssüf doğurur. Hər gün əsgərləri mənə adla bağlı yazırlar, hətta petisiya imzalamaq istəyirlər. Bu adama qarşı böyük haqsızlıq oldu».

MÜDAFİƏ NAZİRLİYİ: «MÜVAFİQ CAVAB VERİLƏCƏK»

Kəşfiyyatçı zabitə qarşı nazirlikdəki yüksəkrütbəli şəxslər tərəfindən qısqanclıq olması və ayrıseçkilik haqqında deyilənlər nə qədər doğrudur? Bununla bağlı Müdafiə Nazirliyinə həm yazılı, həm də şifahi müraciət etsək də, konkret cavab ala bilmədik. İki gün ərzində nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlıdan və xidmətin özünü təqdim etməyən əməkdaşından eyni sözü eşitdik: «Gözləyin, müvafiq cavab veriləcək». İş gününün sonunda isə deyildi ki, cavab sonrakı günlərdə verilə bilər. Və bunu Dərgahlının da, onu əvəz edən şəxsin də yerində olmaması ilə izah etdilər.

«DÖVLƏTƏ MİNNƏT QOYMAMAMLIYIQ»

Deputat Elman Məmmədov da Orucov haqda tərifli sözlərini əsirgəmir. Onu «vətənpərvər, igid və həyatını hərbə qurban vermiş nümunəvi kəşfiyyatçı» kimi dəyərləndirir. O ki qaldı şücaət göstərmiş hərbçinin qiymətləndirilməməsi haqda fikirlərə, Elman Məmmədov deyir ki, bu məsələlər Müdafiə Nazirliyi, ali baş komandan tərəfindən həll olunur.

«Yəqin onlar daha yaxşı bilir kim təltif olunmalıdır. Qarabağ döyüşlərində 1990-cı illərdən bu günədək şəhid verilib. Ancaq onların çox az qismi fəxri adlarla təltif edilib. Biz bu ada, orden-medala görə vətənpərvər, döyüşçü olmamalıyıq. Nəsə ummamalıyıq, gördüyümüz işə görə vətənə, dövlətə, millətə, xalqa minnət qoymamalıyıq. Hesab edirəm ki, Raqufun göstərdiyi bütün xidmətlər 100 dəfədən çox milli qəhrəmanlığa layiqdir. Oğullar var ki, nə qədər düşmən texnikasını məhv ediblər, nə qədər düşmən əsgəri məhv ediblər, müəyyən səbəblərdən heç medalla da təltif olunmayıblar. Buna görə incimək, küsmək, ummaq düz deyil», – deputat deyir.

Son günlər sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində bu ilin aprel döyüşlərində həlak olan hərbçilərin xidmətlərinin qiymətləndirilməməsinə, bəzilərinin məzarının üstünün götürülməməsinə etirazlar var. Xaçmazdan olan əsgər Elvin Mirzəyevin qəbrinin üstünün düzəldilməməsi ilə bağlı söz-söhbət şou aləmində Tolik adı ilə tanınan prodüser Tarix Əliyevin bu xərci boynuna götürməsindən sonra bir az da alovlandı. Bundan sonra Xaçmaz rayon İcra Hakimiyyəti açıqlama verərək məsələnin yoluna qoyulacağını bildirdi. Və ya apreldə həlak olan hərbçi Seymur Baxışovun ailəsinin banklardan birinə olan borcu məsələ ictimailəşdikdən sonra silindi.

Günün bütün mövzuları

XS
SM
MD
LG