Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:01

Ramiz Fətəliyev: «Daha nüfuzlu ola bilərdim»


Ramiz Fətəliyev
Ramiz Fətəliyev

-

İyunun 7-də 70 yaşını qeyd edəcək kino-ssenarist və rejissor Ramiz Fətəliyev bu ərəfədə prezident tərəfindən həm «Şöhrət» ordeninə layiq görülüb, həm də xalq artisti adına. Yubilyarın AzadlıqRadiosuna qısa müsahibəsini təqdim edirik.

– Ramiz bəy, təbriklər, 70-i haqladınız.

– Çox sağ olun, minnətdaram.

– Eyni vaxtda həm xalq artisti adı aldınız, həm də «Şöhrət» ordeni. Bu, nadir hadisədir. Necə bacardınız bunu?

– Allah haqqı, bilmirəm. Oturmuşdum evdə. Başladılar zəng etməyə, təbrik etməyə... Mən özüm haqqında danışa bilmərəm. Sabah yubileydir, səhnədə olacağam, nəsə deyəcəyəm, nəsə deməyəcəyəm. Mümkündürsə, gəlin ora.

– 70 il bir sənətkara ürəyindən keçənləri reallaşdırmağa bəs edirmi?

– Sənətkarın məhsuldarlığına baxır. Bəzi sənətkarları 28 yaşında, ya 37 yaşında dueldə öldürüblər. Lermontov-dur, Pushkin-dir. Onlar böyük, zəngin əsərlər qoyublar. Bəzilərinə 100 il də çatmır.

– Siz neyləyə bildiniz? Bir az da çətin dövrə düşdü yaradıcılığınızın son 20-30 ili.

– Çətin dövrə düşdük, bəli. Rəqəmlər deyir ki, guya məhsuldardır. Amma deyim ki, mən çox razıyam işimdən, heyranam, yox. Həmişə qələmi əlimə götürəndə şübhələnirəm ki, ümumiyyətlə, mən öz işimləmi məşğul oluram? Doğrudan, məndə nə şöhrətpərəstlik var, nə də özündənrazılıq. Bu, mənim təbiətimdədir. Bunları sabah səhnədə də deyəcəyəm.

– Dediniz ki, hələ də qələmi əlinizə götürəndə şübhələnirsiniz ki, «öz işimlə məşğulammı». Nədir bu şübhə toxumunu səpən?

– Nə sizi çaşdırır? Dedim axı, heç vaxt özümdən razı olmamışam. Həmişə öz nöqsanlarımı tapmışam. Bəziləri başqalarına qarşı tələbkardır, mən birinci növbədə özümə qarşı tələbkaram.

– Sizcə, başlıca nöqsanınız nədir?

– Üç amil var ki, adam nəzərə almalıdır. Biri səhhətdir, biri vaxtdır, biri də nüfuzdur. Mən deyə bilmərəm ki, bu 3 amilin hər birinə ideal münasibətim olub. Üçünə də hansısa dərəcədə zərbə vurmuşam.

– Peşmansınız buna görə?

– Əlbəttə, vaxtımı daha sərfəli keçirə bilərdim, səhhətim daha möhkəm ola bilərdi, daha nüfuzlu ola bilərdim. Əlbəttə, buna heyfsilənirəm.

– Nə mane oldu Sizə? Öz istədiyiniz həyatı yaşadınız, buna görədir, ya başqa amillər vardı?

– Yox... Necə deyim, o çox zəngin və mürəkkəb kompleksdir. Zəmanə də başqa olub yəni... Elə vaxtlar olub, mən tamam ayrı işlərlə məşğul olmağı özümə borc bilmişəm. Vətənə sevgi xatirinə, ailəyə sevgi xatirinə və s... Yəni yolum, necə deyərlər, hamar olmayıb.

– Film çəkmək niyyətiniz varmı və ya ssenari yazmaq?

– Bəli, əlbəttə var, ürəyimdən keçir, planımda da var. Amma bir kompleksim var, planlarımdan danışmıram. Planlar pozula bilər, iş alınmaya bilər. Sonra özüm də pis vəziyyətdə qalaram, siz də.

– Bir film çəkirdiniz: «Ən adi soyad», Heydər Əliyev haqqında idi. Aqibəti necə oldu?

– Donduruldu qaldı dörd il qabaq.

– Davamı çəkilməyəcək?

– Belə başa düşürəm ki, yox.

– Araşdırdınızmı niyə dondurulub film?

– Araşdırmamışam. Mən baş verənləri qəbul etmişəm, sadəcə.

– Xocalı hadisələri ilə bağlı parlamentin təhqiqat komissiyasının sədri olmusunuz. İllər sonra ABŞ konqresmenlərinə məktubda yazırdınız ki, «mən adi adamları şoka salacaq məlumatları hələ də açıqlamıram». Xocalı ilə bağlı Azərbaycan ictimaiyyətinə hələ də açıqlanmayan məlumatlar çoxdurmu?

– Təbii. Hər bir ölkədə müddət var, bəzi işlərə görə 25 il, bəzi işlərə görə 50 il vaxt keçməlidir. Sağ qalanlara mənəvi zərbə dəyə bilər deyə, zaman lazımdır. Humanist məsələlərə bağlıdır. Məsələn, nəvə babasına cavabdeh deyil və ya min dənə buna bənzər şey var. Vaxt lazımdır. Bu, dünyada qəbul olunan praktikadır. Var, əlbəttə, deyilməyən şeylər var.

– Bu, gizlində qalanlar sıravi adamlara aiddir, ya hakimiyyətin olimpində olanlara?

– Hamısına aiddir. Hamısına pay düşür.

– Sonda qayıdaq yubileyə. Yubilyarın ən böyük arzusu nədir?

– Torpaqlarımızın qaytarılmasıdır.

– Vaxtınızı almayaq, yəqin zənglər gəlir.

– Dalbadal. Sizinlə danışıram, elə səs gəlir, «pik-pik»...

– Bir sözünüz qaldımı deyiləsi?

– Yox, uğur arzulayıram hər kəsə. Arzu edirəm ki, hər zaman ədalətli, prinsipial və səmərəli olasınız.

XS
SM
MD
LG