Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:22

►“Allahın göndərdiyi, peyğəmbərin öyrətdiyi yol ilə getmək lazımdır.

Hansısa Dini Komitədə, ya da QMİ-də oturanların özlərindən fikirləşib tapdıqları yol ilə yox. Bu, düzgün yol deyil, bunun sonu yoxdur”

“Allahşükür Paşazadə bu neçə ildə həmişə İrana istinad edib... Bu il təsadüfən sünnilərlə şiələr eyni gündə bayramı qeyd ediblər”. İçərişəhərdəki “Ləzgi məscidi” adıyla tanınan Aşirbəy məscidi icmasının rəhbəri Faiz Mustafa Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, şeyxülislam Allahşükür Paşazadənin söylədiklərinə belə münasibət bildirib.

İdarə rəhbəri bayram namazından sonra demişdi: “Müstəqillikdən sonra bu gün ilk dəfədir ki, Azərbaycanda həm sünni, həm də şiə məzhəbinin nümayəndələri Ramazan bayramını eyni gündə qeyd edib, eyni vaxtda bayram namazı qılıblar”.

Onun sözlərinə görə, indiyə qədər sünni və şiə təriqətlərinin nümayəndələri başqa dövlətlərin təsiri nəticəsində bayramları fərqli günlərdə qeyd edirdilər: "Amma biz bu gün bərabərik. Bu gün biz bir yerdə namaz qıldıq. Bu, bir daha göstərir ki, Azərbaycanda məzhəb ayrı-seçkiliyi yoxdur”.

Faiq Mustafanın AzadlıqRadiosuna müsahibəsini təqdim edirik.

– Sünni və şiələrin eyni vaxtda bayram namazı qılması problemlərin aradan qalxmasına doğru bir addım sayıla bilərmi?

– Allahşükür Paşazadə öz işində peyğəmbərin kəlamlarına, “Quran”a istinad etsə, heç bir problem yaranmaz. “Qurani-Kərim”də açıqca yazılıb ki, “Ay çıxanda orucunuzu tutun, o biri ayda Ay yenidən çıxanda orucunuzu dayandırın”. Bütün müsəlmanlar “Quran”da yazılana əməl etsələr, heç bir problem olmaz, nə şiələr, nə də sünnilər tərəfdən. Allahşükür Paşazadə bu neçə ildə həmişə İrana istinad edib. Ona görə də belə problemlər yaşanıb. Bu ili yox, əvvəlki illəri deyirəm, haçan İran oruc tutmağa başlayıb, Azərbaycanda da onu təkrar ediblər, bir ay qabaqdan da bir gün təyin edirdilər ki, filan gün Ramazan bayramıdır. Bir ay qabaqdan gün təyin etmək düz deyil. Hər şeyi idarə edən var, Ayın batıb-çıxmağı da ondan asılıdr. Bu il bayramın üst-üstə düşməsi təsadüfdür. Üst-üstə düşməsəydi, onun istədiyi kimi də olmayacaqdı.

– Allahşükür Paşazadə Azərbaycanda məzhəb ayrı-seçkiliyi olmadığını bildirib. Amma...

– Necə olmaya bilər? Şiəliklə sünnilik necə olmaya bilər? Tamam başqa şeylərdir bunlar. Burda əqidə söhbəti var, şiələrdə əqidə başqadır, sünnilərdə başqa, əlhəmdüllah. Necə eyni ola bilər? Düzələn iş olsaydı, elə 1400 il əvvəl peyğəmbərdən sonra düzələrdi. Bu o qədər ciddi problemdir ki, bugünə kimi gəlib. Biz kimik ki, Qafqaz Müsəlmanları İdarəsi kimdir ki, bu problemi həll etsin? Bu problem qiyamətə kimi də davam edəcək. Kiminsə “yoxdur” deməsi ilə deyil ki...

– QMİ sədri isə bu problemlərin “başqa dövlətlərin təsiri” nəticəsində yarandığını deyir.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

– Hər şey “Quran”da yazılıb, ona istinad edilsə, məzhəblər arasında heç bir problem olmaz. Kiminsə xoşuna gəlmirsə, “Quran”dan nəyisə atmaq olmaz.

– Yəni siz “başqa dövlətlərin təsiri” barədə deyilən iddiaları rədd edirsiz?

– Allah bizə bir din göndərib, töhid dinidir. Elə yəhudilərin də, xristianların dini də, bizim din də. Tək Allahdan başqa məbud yoxdur, qeyrisinə ibadət yoxdur. Başqa köməkçi yoxdur.

– Azərbaycan hökuməti hər zaman ölkədə dini tolerantlığın mövcudluğundan danışır, burdakı dini dözümlülüyün başqa ölkələrə nümunə olacağını bildirir. Bəs sizcə, durum necədir? Konkret olaraq, Azərbaycanda sünnilərə təzyiq varmı?

– Əlbəttə, var. Görün nə qədər sünnini təxribat nəticəsində tutub “türmə”lərə basıblar. Bizim məscidə gələn neçə nəfəri tutublar. Rayonlardan ildə iki-üç dəfə bura ibadətə gələn gənclər var, xəbər almışam, neçəsini tutublar. Bizim məscidin imamı tutulmuşdu, bu il buraxıldı. Hər tərəfdən təzyiq var, Dini Komitədən tutmuş, MTN-ə, Daxili İşlər Nazirliyinə kimi, hamısı təzyiq göstərir. Sünnilərin evinə silah atıb heç nəyin üstündə tuturlar. Halbuki yeməyə pulu yoxdu, silahı hardan alacaq? Gülməli şeylər olur.

– Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən, Qafqaz Müsəlmanları İdarəsindən istədiyiniz, gözləntiniznədir?

– Sabah cümə günüdür. Sizi dəvət edirəm bura. İçərişəhərdə balaca məscidimiz var. Nə qədər adam tökülüşüb gəlir ibadətə. Biz orda Allah səcdə etməkdən başqa iş görmürük. Xütbələrimiz də əxlaqlıdır, qəşəngdir, ondan sonra 3-5 dəqiqə namazımız olur. 3-5 dəqiqə üçün ora yığılan o boyda camaata nə Dini Komitə şərait yarada bilir, nə də Qafqaz Müsəlmanları İdarəsi. İmkan yaratsınlar, camaatımız 5 dəqiqə namaz qılsın. Məscidin həyətində namaz qılınır, bir dəfə deyirlər, “burda qılmayın, orda qılın”, orda namaz qılırsan, Dini Komitə işə qarışır... Belə problemləri aradan qaldırmalarını xahiş edirəm. Orda nə əxlaqsızlıq var, nə söyüş var, nə içki içilir. Beş-on adam küçədə namaz qılanda bunu bizə irad tuturlar. Halbuki son bir ildə İçərişəhərdə neçə restoranın, kafenin sahəsi artıb. Cümə məscidi ilə üzbəüzdə “palatka”da restoran var, hərdən prezident də qonaqlarını orda qəbul edir, yeyib-içirlər, onun qabağında 2-3 aydır çöldə kafe düzəldiblər, onun yaxınlığında da kafe açılıb, çölə stollar qoyublar, bizim məscidlə üzbəüzdə yenə kafe tikdilər. Amma biz öz həyətimizdə namaz qıla bilmirik, deyirlər: “Olmaz!” Minlərlə uşaq siqaretdən, içkidən, narkotikdən uzaqlaşıb ibadətə gəlir, onu da qoymurlar.

____________________________________________________________

Bunlara da bax:
'Mənə satılan evi başqası təmir edir...'
Gey imam Abdullah: 'Quranda homoseksuallara qarşı heç nə deyilmir'

____________________________________________________________

– Sizcə, hökumət niyə təzyiq göstərir?

– Bizim əqidəmiz düz olduğuna görə camaat bizə üz tutur. Sayın artdığını görəndə də başlayırlar məscidləri, icmaları bağlamağa. Süni halda bağlayırlar. Çalışırlar standart yaratsınlar. Allahın diniylə oyun oynamaq, standart yaratmaq olmaz. Allahın göndərdiyi, peyğəmbərin öyrətdiyi yol ilə getmək lazımdır. Hansısa Dini Komitədə, ya da QMİ-də oturanların özlərindən fikirləşib tapdıqları yol ilə yox. Bu, düzgün yol deyil, bunun sonu yoxdur.

– Sünnilərin toplaşdığı “Əbu-bəkr” məscidindəki partlayışdan sonra oranın qapısı bağlı qalıb. Sizcə, bunun səbəbi nədir?

– Əlbəttə, bu da sünnilərə təzyiqdir. Təzyiq deyil, bəs nədir? Düzünü Allah bilir, mən o işin içində deyiləm. Amma mənə elə gəlir ki, o məscidin bağlamaq məqsədini güdənlər bunu ediblər. İstədiklərinə də çatıblar, inşallah.

– Bəzi məscidlərin, xüsusən də sünnilərin toplaşdığı məscidlərin vəhhabilərə, sələfilərə, siyasi və ya terrorçu qruplaşmalara bağlı olması haqda həm mətbuatda, həm də toplumda həmişə söz-söhbət gəzir. Hiss olunur ki, adi vətəndaşlar da, hakimiyyət də bəzən ora şübhəylə yanaşır. Bəlkə bu məscidlərə təzyiqlər həmin şübhələrdən qaynaqlanır?

– Sünnilər üzərində istədikləri auranı artıq yaradıblar. Sünnilərə nə adlar qoymayıblar? “Vəhhabi” də qoyublar, “terrorçu” da. “Vəhhabi” də Allahın adıdır, “bəxşedən” deməkdir. Bu ada pis don geyindirirlər. Belə olmaz. Kimsə pis nəsə edibsə, bunu müsəlmanın və ya sünnilərin hamısına şamil etmək olmaz.

– Azərbaycandan nə qədər insan İŞİD-ə qoşularaq Suriyada döyüşüb. Bəzilərinin məhkəməsi artıq başa çatıb, hökm verilib. Sizcə, adamları bu ekstremist qruplaşmaya cəlb edən nədir?

– Kimsə gedirsə... Mənə qəribə gəlir ey, internetə baxın, sünnilərdən gedənlərlə, şiələrdən gedənlərin sayını yoxlayın. Şiələr qat-qat çox gedir ora. Hamı Suriyada vəhhabilərə, ya başqalarına qarşı müharibə aparır, o cümlədən də ermənilərlə şiələr. Necə olur, Qarabağda ermənilərlə savaşırıq, amma Suriyada şiələr ermənilərlə bir olurlar?

– Yeri gəlmişkən, İŞİD (İslam Dövləti silahlı qruplaşmasının qısa adı - AR) haqda nə düşünürsüz?

– İŞİD hərəkatdır, Bashar Assad-ın Suriyada yaşayan müsəlmanlara, sünnilərə qarşı haqsızlığının nəticəsidir. Bu nəticədir. O ələvidir, bu ölkədə də cəmi 12 faiz ələvi var. Necə olur ki, 12 faiz çoxluğa rəhbərlik edir?

– O zaman siz günahsız insanları öldürən İŞİD-ə haqq qazandırırsız?

– Yox, haqq qazandırmıram. Amma vaxtilə Fransada müsəlmanların başını kəsib sonra da şəklini marka kimi istifadə etmişdilər. Niyə bu haqda danışılmır? Mən deyirəm ki, Suriyada baş verənlər, sadəcə, nəticədir.

Buna da bax: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında- 7 iyul

Gürcüstan hələ də beynəlxalq uçuşlar üçün daha sərfəlidir

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG