Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:20

Keçmiş rabitəçilərə 153 milyonluq ittiham


Vidadi Zeynalov
Vidadi Zeynalov

Noyabrın 25-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş yüksəkrütbəli əməkdaşlarının məhkəmə istintaqı başlayıb. Təqsirləndirilənlər nazirlik aparatının keçmiş rəhbəri Vidadi Zeynalov, eləcə də qurumun tabeliyindəki strukturlara rəhbərlik etmiş 10 nəfər, o cümlədən «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, bu qurumun baş mühasibi Anar Mustafayev, «Aztelekom» MMC-nin baş direktoru Məmməd Məmmədovdur.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

VERGİLƏR NAZİRLİYİNDƏN 255 MİNLİK İDDİA

Məhkəmə istintaqı başlanmamışdan təqsirləndirilən şəxslərdən «Optik Rabitə, Tikinti və Quraşdırma» MMC-nin baş mühasibi olmuş Səhrab Hümbətovun vəkili Vidadi Məmmədov onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Vəsatət təmin olunmayıb.

Məhkəmədə hakim elan edib ki, Vergilər Nazirliyi də rabitəçilərə qarşı 255 minlik mülki iddia qaldırıb. Ona görə nazirliyin nümayəndəsi də mülki iddiaçı kimi məhkəmə prosesində iştirak edir.

Ardından məhkəmə istintaqının başlandığı elan olunub. Prokuror Fərid Nağıyev ittiham aktını elan edib.

İttihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə suçlanır. Bu məbləğdən «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyi üzrə 43 milyon 367 min; «Aztelekom» MMC üzrə 51 milyon 233 min; «Azərpoçt» MMC üzrə 23 milyon 846 min; «Azintelekom» üzrə 22 milyon 471 min; «Optik Rabitə, Tikinti və Quraşdırma» MMC, «Optik Tikinti və Montaj» MMC və «Rabitə-Tikinti» ASC üzrə 12 milyon 224 min manat mənimsənildiyi iddia olunur.

MƏBLƏĞLƏR ŞİŞİRDİLİB

517 cildlik cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

İttiham aktı elan olunandan sonra hakim Vidadi Zeynalovdan özünü təqsirli sayıb-saymadığını soruşub. Keçmiş Aparat rəhbəri ittihamı qəbul etməyib və özünü təqsirli saymadığını deyib.

Təqsirləndirilən şəxslərdən nazirlik Aparatının keçmiş rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, bu qurumun baş mühasibi olmuş Oqtay Rüstəmov, "Optik Qurğular" İdarəsinin rəisi Namazalı Məmmədov elan olunmuş ittihamı qəbul etməyib və özünü təqsirli bilmədiyini deyib.

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, onun baş mühasibi olmuş Anar Mustafayev, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev isə özünü qismən təqsirli bilir. Bayram Vəliyev Vergilər Nazirliyinin ona qarşı qaldırdığı 255 minlik mülki iddianı da qəbul edir. O bildirib ki, vergi cəriməsini ödəyib.

Buna da bax:​ '2 milyon nazirə, milyonyarım da müavinə verdim'

Prokuror isə deyib ki, tam ödənilməyib.

Onu da qeyd edək ki, Beytulla Hüseynov keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. MTN ətrafında baş vermiş məlum hadisələrdən sonra prokurorluqda cinayət işi başlanıb və Beytulla Hüseynov da şahid kimi istintaqa cəlb olunub. Onun ifadəsindən sonra Rabitə və Yüksək Texnologiyalar nazirliyilə bağlı araşdırmalar başlanıb.

Məhkəmə noyabrın 28-də davam edəcək.

Buna da bax: Rabitəçilərin 'korrupsiya işi' [araşdırma]

XATIRLATMA

Beytulla Hüseynov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. O, Nizami Telefon Qovşağının işçilərinin məhkəməsində şahid qismində ifadə verərkən bildirmişdi ki, nazirlikdə rəhbərlikdən gələn göstərişlə təmir-tikinti xərcləri şişirdilib və 23-25 faiz artıq yazılıb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG