Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:06

H.Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan indi harda olardı?


►Qurtuluş günü son illər Azərbaycanda, xüsusən də paytaxtda bir qədər sönük qeyd edilir

Ötən illərdə olduğu kimi, atəşfəşanlıq, təntənəli konsertlər keçirilmir. Bəzi icra başçıları isə 15 iyunla bağlı tədbirləri bir-iki gün öncədən qeyd ediblər.

Məsələn, Xətai rayon icra hakimiyyəti iyunun 13-də Heydər Əliyev parkında bu münasibətlə bayram tədbiri təşkil edib.

Səbəb çox sadədir, Azərbaycan ikinci ildir ki, təxminən eyni vaxtda, beynəlxalq tədbirlərə ev sahibliyi edir: ötən il Avropa Oyunlarına, bu il Formula-1 yarışlarına.

Buna görə şəhərdə Heydər Əliyevin portretlərinə, onunla bağlı plakatlara az rastlamaq olar. Ancaq televiziyalar adətlərinə xilaf çıxmayıblar, yenə də ekranın küncündə Əliyevin kiçik fotosu boylanmaqdadır.

Qurtuluş günü Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlıdır və 1998-ci ildən rəsmi bayram kimi qeyd olunur.

1993-cü il iyunun 4-də Gəncədə silahlı qiyam başladı. O vaxtkı ölkə rəhbərliyi qiyamı yatıra bilmədiyi üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etdi. İyunun 15-də isə Əliyev Milli Məclisin sədri seçildi.

15 iyunu “xalqın qurtuluşu, nicatı” kimi dəyərləndirən də var, xalqın bütün “haqq və azadlıqlarından qurtulduğunu” deyənlər də.

“AZƏRBAYCAN DAHA DEMOKRATİK, DAHA İNKİŞAF ETMİŞ OLACAQDI”

Heydər Əliyev 1993-cü ildə hakimiyyət başına dönməsəydi, Azərbaycanın aqibəti necə olardı?

Pənah Hüseyn

Pənah Hüseyn

O zaman hakimiyyətdə olan, indi isə müxalifətdə duran Pənah Hüseynin qənaətincə, iyun qiyamı baş verməsəydi, Azərbaycanın “daha demokratik, daha inkişaf etmiş, daha müasir dövlət olmaq şansları vardı”. Pənah Hüseyn ona təəssüflənir ki, həmin hadisələr Azərbaycanı “bir neçə onillik arxaya atdı”.

Ancaq bugünkü iqtidar əminliklə bəyan edir ki, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan adlı dövlət olmayacaq, vətəndaş müharibəsi nəticəsində parçalanacaqdı. Uzun illərdir hakim təbliğatın söylədiklərini Yeni Azərbaycan Partiyasının üzvü, deputat Elman Məmmədov da təkrar edir:

“Xaricdən idarə olunan bir qrup adamın əli ilə Azərbaycan dağılırdı və dövlətçilik yox olmaq təhlükəsi qarşındaydı. Heydər Əliyevin gəlişi Azərbaycanı bundan xilas etdi və bu gün müstəqil Azərbaycan yaşayır”.

23 İLDƏ QARABAĞ MƏSƏLƏSİ HƏLL EDİLMƏDİ

O hadisələrdən 23 il ötür, Azərbaycan 23 ildə az yol qət etməyib, böyük enerji layihələrinə imza atıb, ölkənin gəliri artıb.

Ölkə rəhbərliyi Azərbaycanı iqtisadiyyatına, ordu quruculuğuna görə “bölgənin lideri” kimi təqdim edir (hərçənd yerli və beynəlxalq tənqidçilər fərqli düşünürlər). Ancaq ata və oğul Əliyevlərin hakimiyyəti dövründə Azərbaycanın başlıca problemlərindən olan Dağlıq Qarabağ münaqişəsi hələ də həll edilməyib. Halbuki o zaman əksəriyyət ata Əliyevin bu problemi asanlıqla yoluna qoyacağına ümidli idi. Elə o özü də hakimiyyətə bu vədlərlə gəlmişdi. Ancaq əldə edilən, sadəcə, 1994-cü ildə atəşkəs razılaşması oldu. Münaqişə davam edir.

İqtidarın buna veriləcək cavabı hər zaman belə olub, Əliyev hakimiyyətə gələndə Azərbaycanın nə güclü ordusu, nə də iqtisadiyyatı vardı. Ancaq onun gəlişindən sonra “dövlətçilik gücləndi, sabitlik yarandı, ordu quruldu”. Bəs güclü ordu və dövlət yarandıqdan sonra niyə hakimiyyət münaqişənin ya hərb, ya da sülh yolu ilə həllinə nail ola bilmədi?

“BU, İLHAM ƏLİYEVİN SİYASƏTİNİN NƏTİCƏSİ DEYİL”

Elman Məmmədov

Elman Məmmədov

Elman Məmmədov “Münaqişə bu gündə həll olunmamış qalır. Bu, İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi deyil. Bu, xarici qüvvələrin, Ermənistanı, erməniləri müdafiə edən qüvvələrin işidir” deyir.

Deputat əlavə edir:

“Qarabağ münaqişəsinin həlli dövlət başçısının iradəsindən asılı olmayan bir məsələyə çevrilib. Heydər Əliyevin siyasətinə uyğun hərəkət edilsəydi, xarici qüvvələr müdaxilə etməsəydi, münaqişə çoxdan həll olunardı. Onlar problemin həllinə imkan vermirlər. Yəni bunu Əliyevlərin uğursuzluğu ilə bağlamaq düz deyil”.

“QİYAM NƏTİCƏSİNDƏ ERMƏNİLƏR PLANDAN İMTİNA ETDİLƏR”

Amma sabiq baş nazir Pənah Hüseyn əmindir ki, qiyam olmasaydı, otuz ilə yaxındır uzanan Qarabağ münaqişəsi çoxdan həllini tapmışdı:

“1993-cü ildə Qarabağla bağlı yekun sənədlər imzalanmışdı. Azərbaycanın ərazi bütövlüyü saxlanılmaqla Ermənistanın bəzi tələblərinin ödənilməsi şərti ilə müharibənin başa çatması şansı vardı. Kəlbəcər iyunun 20-dək azad edilməli idi. ATƏT sülhməramlılarının bölgəyə gətirilməsi artıq razılaşdırılmışdı. Ermənistan siyasi rəhbərliyi də buna razılıq vermişdi, plan imzalanmışdı. Bölgə sülhə ən yaxın vaxtını yaşayırdı. Bu qiyam ona gətirdi ki, Ermənistan tərəf, separatçılar həmin planın təxirə slaınmasına nail oldular”.

“STRATEGİYA DƏYİŞDİ”

Tarix ehtimalları sevmir, “nə”, “niyə baş verib” sualı ətrafında suallara cavab axtarır. Ona görə biz də, sadəcə, olanlar haqda danışa bilərik. “Turan” Informasiya Agentliyinin redaktoru Şahin Hacıyevə görə, Heydər Əliyevin gəlişi ilə ölkənin strategiyası dəyişdi, ölkədə avtoritar rejim quruldu və getdikcə gücləndi və proses davam etməkdədir.

Elə Pənah Hüseynin fikrincə də, Heydər Əliyevin hakimiyyətə gəlməsi proseslərin tərkib hissəsi idi, bu epizodu ümumi sistemdən ayırmaq doğru deyil.

“Eyni zamanda nəzərə almaq lazımdır ki, Heydər Əliyev hərbi qiyamın yatırılmasından ötrü dəvət edilmişdi və ona hakimiyyətdə iştirak etmək təklif edilmişdi. Bu da qanuni hakimiyyətin qorunub saxlanılması, xaosun aradan götürülməsi üçün atılan addımlardan idi. Lakin sonradan Heydər Əliyev və tərəfdarları Surət Hüseynovla ittifaqa üstünlük verdilər, hadisələr də başqa yöndə inkişaf etdi”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG