Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:09

“15 il qabaq biz televiziyaların ümumi səviyyəsi haqda bir az ürəkli, bir az inamlı danışa bilirdik”.

Noyabrın 21-də Dünya Televiziya Günü qeyd edilir. Uzun müddət dövlət televiziyasında aparıcı olmuş Qulu Məhərrəmli AzadlıqRadiosu-na Azərbaycan televiziyalarının bugünündən danışıb.

– Qulu müəllim, bu gün Azərbaycanda televiziyalar texniki keyfiyyət baxımından yeni mərhələyə adlayır, rəqəmsal yayıma keçir. Sizcə, məzmun baxımından da yeni mərhələnin vaxtı çatmayıbmı?

– Bu gün Azərbaycan televiziyalarının keyfiyyəti haqda danışmaq adama fantastik görünür. 15 il qabaq biz televiziyaların ümumi səviyyəsi haqda bir az ürəkli, bir az inamlı danışa bilirdik. İndi ümumi səviyyə o qədər aşağıdır ki, danışmaq da çətindir. Televiziyalarda bir tərəfdən azadlıq və sərbəstlik məhduddur, ikinci tərəfdən peşəkarlıq aşağı düşüb. Əlbəttə, texniki imkanlar yüksəlib. Məsələn, AZTV-nin texniki imkanları Ermənistandakı və Gürcüstandakı televiziyalardan qat-qat üstündür. Amma bu verilişlərin keyfiyyətinə təsir göstərirmi? Təəssüf ki, yox. Ona görə də biz texniki keyfiyyətlə məzmun keyfiyyəti arasındakı kəskin fərqləri görürük.

Buna da bax:​ Prezident radio-televiziya işçilərinə fəxri adlar verdi

– Televiziyaların bugünkü hala düşməsi, yəni bayağılaşması, bəsitləşməsi, ciddi proqramların efirdən uzaqlaşması təkcə siyasi problemlərlə bağlıdır?

– Yox, tək siyasi problemlərə bağlamazdım. Burda müəyyən məhdudiyyətlərin də təsiri var. Tutalım, siyasi verilişlərin hazırlanması ilə bağlı müəyyən təsirlər var. Amma o televiziyaya kim mane olur ki, bu gün cəmiyyəti maraqlandıran, narahat edən mövzuda tok-şoular, maarifləndirici proqramlar və yaxud yaxşı uşaq proqramı hazırlasın? Məncə, bu, daha çox televiziyadakı iş sistemiylə, peşəkarlıqla bağlıdır. Bəzən büdcəsi çox məhdud olan bir saytın izləyicisi böyük bir televiziyanın izləyicisindən sayca çox olur. Bu fərqi də bir çox hallarda peşəkarlığa bağlayıram. Amma dediyiniz o siyasi təsirlər də, məhdudiyyətlər də öz sözünü deyir. Bu da verilişlərin keyfiyyətinə təsir edir.

Buna da bax: Azərbaycanda radionun 90, televiziyanın 60 yaşı qeyd olunur

– Yaxınlarınıza Azərbaycan televiziyalarında hazırlanan hansı proqramlara baxmağı tövsiyə edərdiniz?

– Yox, mən günaha batıb heç kimə deyə bilmərəm ki, bu televiziyaya baxın. Hərçənd, bəzən yaxşı verilişlər də olur. “Mədəniyyət” kanalında bəzi yaxşı verilişlər, babat aparıcılar gözümə dəyir. ATV-də bəzi müəllif proqramları gözümə dəyir. Bunlar ayrı-ayrı sayrışan qığılcımlardır. Amma bütünlükdə sistem olaraq səviyyə aşağıdır. Türkiyə, Rusiya telekanallarındakı kimi, peşəkarlıq baxımından yüksək səviyyəli veriliş azdır.

– Telexəbər proqramları haqqında nə deyərdiniz?

– Xəbər proqramları çox aşağı səviyyədədir. Xəbərlər cəmiyyəti bütünlükdə ifadə edə bilmir. Bu səbəbdən də televiziyada xəbərlərə baxanların sayı azalıb, xüsusən ANS bağlanandan sonra diqqət yetirirəm ki, tamaşaçılar xəbərləri televiziyalardan yox, saytlardan alırlar. Bu ciddi siqnaldır. Rəqəmsal yayıma keçidlə bağlı dövlət proqramı olduğu kimi, məzmunla bağlı da tədbirlər görülməlidir. Televiziyaları qeyri-peşəkarlıqdan xilas etmək gərəkdir! Bu dərəcədə əyləncəli proqram ola bilməz. Bu cür proqramlarla yanaşı, maarifçi proqramları, ictimai müzakirələri stimullaşdırmalıyıq ki, cəmiyyət baş verənlərin mahiyyətini doğru-dürüst anlaya bilsin.

Buna da bax:​ Teleradio Şurası 'analoq yayım' qərarını dəyişdi

– Qulu müəllim, demək olarmı ki, bugünün Azərbaycan televiziyası ya güldürür, ya da ağladır?

– Vallah, bu ağlamalı proqramları Azərbaycan televiziyaları artıq bir janr kimi, üslub, tərz kimi formalaşdırır. Əyləncəli proqramlardan danışanda fikir verirəm ki, siz həm də “ağlamalı” verilişlərdən də danışırsınız. Təəssüf ki, süni dramatikləşdirmə var...

– Son sual. 60 yaşlı Azərbaycan televiziyası nə qədər yol qət edə bilib?

– Bu yaxınlarda Azərbaycanda televiziyanın 60, radionun 90 illiyi ilə bağlı tədbiri saytlardan izlədim. Çünki məni ora dəvət etməmişdilər. Baxdım ki, bu televiziyanın keçmişi var –materiallar hamısı keçmişə aid idi -, amma bu günü ilə bağlı problemlər var, gələcəyi isə sual altındadır. Bundan da nəticə çıxarmaq olar ki, bu televiziya nə qədər yol gedib. Hərçənd, bu televiziya, radio xalqımızın mədəni dünyagörüşünün, musiqisinin, ədəbi dilinin formalaşmasında ciddi rol oynayıb. Bu gün həmin missiyanı yerinə yetirə bilmir. Ona görə ki, televiziya yaradıcılığına meydan verilmir, ancaq kommersiya, ancaq əyləndirmə, ağlatmaq tərəfini düşünürlər. Onun gerçək missiyasını unudublar, budur problem.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG