Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:22

►"Belə araşdırmaların təsiri var, əvvəlkinə nisbətən daha az nöqsanlar aşkar etdik"

Milli Televiziya və Radio Şurası (MTRŞ) və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu dekabrın 11-də televiziya kanallarında apardığı monitorinqin nəticələrini açıqlayıb.

Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” adlı birgə monitorinqin nəticələri barədə AzadlıqRadiosunun suallarını cavablandırır.

- Bu monitorinqlər nəyi göstərdi?

- Birinci növbədə məlum oldu ki, bizim TV-lərdə çalışan gənc həmkarlarımız Azərbaycan dilinin qaydalarını lazımi səviyyədə bilmirlər. Ona görə də danışanda, yazanda, oxuyanda ciddi nöqsanlara yol verirlər. Televiziya dili daha çox səsli dildir, canlı şəkildə sözü ifadə edəndə orfoepiya qaydalarına əməl edilməlidir. Məlum oldu ki, bəziləri tələffüz qaydalarını pozurlar. İkincisi, daha çox diqqəti cəlb edən odur ki, Azərbaycan dilinin qaydalarına uyğun olmayan cümlə quruluşundan istifadə olunur. Sonra, sözlərdə artıq şəkilçi işlədilir, məsələn, “sakitlik” əvəzinə “sakitçilik”, “narahatlıq” əvəzinə “narahatçılıq” deyilir. Belə bir tendensiya gedir, buna yol vermək olmaz. Söz sırası pozulur, məsələn, “Amerikanın 5 əsgəri” demək əvəzinə, “5 Amerika əsgəri”, deyilir. Təyini söz birləşmələrinin arasına bəzən ehtiyac olmayan sözlər əlavə edilir, cümlə dolaşıq mənaya çevrilir, tamaşaçı da başa düşmür ki, söhbət nədən gedir. Bundan başqa, cümlədə uzlaşma qaydaları pozulur, bəzən görürsən ki, bir cümlədə bir neçə zaman işlədilir. Əlbəttə, monitorinqdən, adını bu siyahıda görməkdən narazı qalanlar var, amma biz də istəyirik ki, efir qarşısına çıxan şəxs dillə bağlı məsuliyyətini dərk etsin.

Buna da bax: Bakıda icarə haqları kəskin düşür

- Dil qaydalarının ən çox pozulması hansı televiziyada rast gəlinib?

- Fərqli nöqsanlar fərqli televiziyalarda çoxdur. Birində sintaksis qaydaları pozulur, o birində tələffüz qaydaları. Elə televiziya var ki, burda aparıcının nitqində alınma sözlərinə daha çox üstünlük verilir. Monitorinq göstərdi ki, ən çox dil qüsuru tələffüzlə, vurğuların düzğün qoyulmaması, nəfəsin düzgün tənzimlənməməsi ilə bağlıdır.

“Sadəcə, danışmağı, yazmağı bacaranları işə götürsünlər”

- Təklifiniz nədir, televiziyalar Azərbaycan dilinin qaydaları və nitq mədəniyyəti ilə bağlı kursmu təşkil etsinlər?

- Xeyr, bu qədər xərc çəkməyə ehtiyac yoxdur. Sadəcə, Azərbaycan dilində danışmağı, yazmağı bacaran adamları işə götürmək lazımdır. Belələri kifayət qədərdir. Ancaq bəzən televiziyalarda subyektiv yanaşmalar əsasında kimisə efirə çıxarırlar. Dil qüsuru olan adamları efirə buraxmaq düzgün deyil, ya da hazırlaşdırmaq lazımdır. Efirə buraxıb sonra onun nitqi üzərində işləyirlər, düzgün deyil. Dilin doğru-dürüst işlənməsi ilə bağlı Dövlət Proqramında televiziyalara tövsiyə edilib ki, dil şuraları yaradılsın. Yaradılıb, amma formal xarakter daşıyır. Hələ biz rast gəlməmişik ki, hansısa dil şurası özündəki problemləri müzakirə etsin, mütəxəssis çağırıb rəy alsın. Bu dil şuraları işləsə, vəziyyət dəyişər.

Buna da bax: «Məni tutmaq üçün atamı girov götürüblər»

- Bu vəziyyət davam etdiyi təqdirdə, dil qaydalarını pozan televiziyalara qarşı hər hansı ölçü götürmək səlahiyyətiniz varmı?

- Dilçilik İnstitutu kimi belə bir səlahiyyətimiz yoxdur, sadəcə, belə halları üzə çıxarmışıq. Ancaq Milli TeleRadio Şurasının xəbərdarlıq etmək səlahiyyəti var. Bir də dil qüsurlarına yol vermək, bilirsiz, peşəkarlıq məsələsidir. Necə deyəsən ki, “sən bu sözü düz danış, bu cümləni düz yaz”, axı bu, onun işidir. Onu da deyim ki, monitorinqin nəticələri göstərir ki, belə araşdırmaların təsiri var, əvvəlkinə nisbətən, daha az nöqsanlar aşkar etdik.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG