Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:03

Teletənqidçinin şikayətinə başqa məhkəmə baxacaq


Teletənqidçi Qulu Məhərrəmli
Teletənqidçi Qulu Məhərrəmli

Cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə müraciət olunan teletənqidçi Qulu Məhərrəmlinin özü də eyni tələb qaldırıb. Aprelin 28-də Səbail Rayon Məhkəməsində onun İctimai Televiziya və Radio Yayımları şirkətinin (İTV) «Carçıfilm» Yaradıcılıq Birliyinin direktor müavini Rauf Rəcəbova qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılıb. Qulu Məhərrəmli Rauf Rəcəbovun «7news.az» saytında onun barəsində yazdığı məqaləyə görə CM-nin 147 və 148-ci (böhtan və təhqir) maddələri ilə cəzalandırılmasını istəyir.

Məhkəməyə Qulu Məhərrəmli qatılmayıb, amma Rauf Rəcəbov özü iştirak edirdi. İddianın əsassız olduğunu deyən Rəcəbov qeyd edib ki, onun hazırladığı materialda cinayət tərkibi yaradan heç nə yoxdur. Qulu Məhərrəmlinin nümayəndəsi İlham İbadov isə iddianın əsaslı olduğunu bildirib.

Hakim Rauf Əhmədov qısa müşavirədən sonra iddianın aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə verilməsi barədə qərar çıxarıb. Hakim qərarını mübahisəyə səbəb olan məqalənin yayımlandığı media orqanının həmin rayonun ərazisində yerləşməsilə əsaslandırıb.

Nicat Gözəlov
Nicat Gözəlov

Qulu Məhərrəmlinin vəkili Nicat Gözəlov AzadlıqRadiosu-na bildirib ki, sözügedən məqalədə teletənqidçi AzTV-də işlədiyi vaxtlarda qulluq mövqeyindən sui-istifadə edərək, dövlət əmlakını mənimsəməkdə, plagiatlıqda ittiham olunub: «Bundan başqa, Qulu müəllimin barəsində xoşagəlməz ifadələr işlədilib. Qulu müəllim indiki halda, Rauf Rəcəbovun məhkəməyə verilməsinə qərar verib. Amma ola bilsin ki, xoşagəlməz ifadələr səsləndirmiş digər şəxslər barəsində də məhkəməyə müraciət olunacaq».

Xatırladaq ki, bu ilin fevralında Qulu Məhərrəmlinin Azərbaycanda televiziyanın yayıma başlamasının 60 illiyilə bağlı müsahibəsindən sonra onunla AzTV sədri Arif Alışanov arasında böyük qalmaqal başlayıb. Telekanallarda və digər media orqanlarında Qulu Məhərrəmlinin əleyhinə materiallar yayımlanıb. Arif Alışanov Qulu Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması və ondan 100 min manat təzminat tutulması barədə ayrı-ayrılıqda iki məhkəmə iddiası qaldırıb.

XS
SM
MD
LG