Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:11

Jurnalistlərin məhkəmə çəkişmələri


AzTV
AzTV

-

Aprelin 1-də «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun professor Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılacaq.

Q.Məhərrəmlinin nümayəndəsi Nicat Gözəlovun «Report»a verdiyi məlumata görə, işə Yasamal rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

N.Gözəlov bildirib ki, A.Alışanovun Q.Məhərrəmliyə qarşı başqa bir iddiasına Nəsimi rayon Məhkəməsində baxılır. Həmin məhkəmənin növbəti iclası aprelin 7-də keçiriləcək: «Arif Alışanov iddia edir ki, Qulu Məhərrəmli onun şərəf və ləyaqətini alçaldıb. O, jurnalistdən 100 min manat tələb edir».

N.Gözəlovun deməsinə görə, Q.Məhərrəmli də öz növbəsində iki jurnalisti - İlhamə Novruzova və Rauf Rəcəbovu məhkəməyə verib: «Həmin jurnalistlər mətbuatda Qulu Məhərrəmli haqqında yazılar yazıb. Qulu Məhərrəmli də hesab edir ki, həmin şəxslərin yazıları onun nüfuzuna ziyan vurur. İlhamə Novruzova ilə bağlı işə Nəsimi rayon Məhkəməsində, Rauf Rəcəbovla bağlı isə Səbail rayon Məhkəməsində baxılacaq».

A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin Azərbaycanda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı bu ilin fevralında moderator.az-a verdiyi müsahibədən sonra yaranıb. «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədrini orada yer alan bəzi fikirlər narazı salıb. A.Alışanov Q.Məhərrəmliyə qarşı Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr ilə iş açılmasını istəyir.

XS
SM
MD
LG