Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:24

Azərbaycanda daha bir şura - Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılır. Prezident İlham Əliyev oktyabrın 6-da bununla bağlı fərman imzalayıb.

Fərmanda bildirilir ki, yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə 2003-cü ildən bəri iki dövlət proqramı uğurla icra olunub. Azərbaycan insanların sağlamlığının qorunması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə edib.

Yeni Şuranın yaradılmasında məqsədin 2030-cu ilədək dayanıqlı inkişafla bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasını əlaqələndirmək olduğu bildirilir.

“AZƏRBAYCANDA FORMAL OLARAQ BELƏ BİR ŞURA YARADILIB”

İqtisadçı ekspert Qubad İbadoğlu hesab edir ki, yeni yaradılan şura Minilliyin inkişaf konsepsiyası çərçivəsinə daxil olan bütün ölkələrdə yaradılır. Bu baxımdan Azərbaycanda da hər hansı bir formada yaradılması labüddür. Ancaq ekspert bu şuranın iqtisadiyyata hanısa töhfə verəcəyinə skeptik yanaşır:

“Azərbaycanda səmərəli dövlət tənzimlənməsi və eyni zamanda yetkin bazar münasibətlərinin formalaşması fonunda müəyyən institutların yaranmasına ehtiyac var. Bu baxımdan Maliyyə sabitliyi şurası, Dayanıqlı inkişaf şurası, bundan əlavə həm də prezidentin özünün yanında iqtisadi islahatlar üzrə köməkçi insititutunun formalaşması son dövrlərin məhsuludur. Bunlar Azərbaycanda islahatların aparılmasına məsul olan orqanlardır. Eyni zamanda makroiqtisadi və makromaliyyə sabitliyinə təmin edilməsi məqsədilə yaradılıb. Amma bu Dayanıqlı inkişaf şurası bir az başqa məqsədlərə xidmət edir. Çünki bu bütövlükdə minilliyin məqsədlərindən irəli gələn məsələdir və mən düşünmürəm ki islahatların bir hissəsi kimi qəbul olunmalıdır. Onsuz da belə bir şuranın yaradılması Minilliyin inkişaf konsepsiyasına üzv olan bütün ölkələrə xarakterikdir. O cümlədən Azərbaycanda formal olaraq belə bir şura yaradılıb. Bu şuranın geniş səlahiyyəti və islahatlara töhfəsinin olacağını mən düşünmürəm. Bütün bunlarla yanaşı narahatedici məqam odur ki, ölkədə bu qədər yeni institutlar yaranır, fərmanlar verilir, sərəncamlar imzalanır, amma bunların heç biri sistemli şəkildə əlaqələndirilməyib.

“FƏLSƏFİ MƏSƏLƏ”

İtisadçı ekspert Natiq Cəfərli deyir ki, hökumət yanaşmasını dəyişməlidir. Əks halda effektini görməyəcək:

“Burda məsələ fəlsəfi məsələdir əslində. Çünki verilən sərəncamlar da, dünən yaradılan şura da çox maraqlıdır ki, hökumətin görməli olduğu işlərin ayrı-ayrı ad altında başqa qurumların yaradılması ilə görməyə çalışır. Bəs onda hökumət nə işlə məşğuldur? Şuranın tərkibinə baxdıqda da görürük ki, sırf məmurlardan ibarət, dövlət və hökumət məmurlarından ibarət bir şura yaradılır. Ona da hökumətin görməli olduğu bir iş tapşırılır. Bu məntiqsizlikdir. Əgər hökumətin görə biləcəyi işdə həmin vəzifəli şəxslər vaxtında keyfiyyətli iş görə bilmirlərsə, ondan irəli gələrək yeni bir qurumun yaranmasına ehtiyac yaranırsa və həmin qurumda yenə həmin şəxslər təmsil olunacaqsa o zaman bunun effektivliyi əslində sual doğurur. Amma görünən odur ki, hökumət çalışır. Çalışır ki, müxtəlif yollarla islahatlara müəyyən dərəcədə sürət qazandırsın. Sadəcə hökumət birinci növbədə öz yanaşmasını dəyişməlidir.

“VERİLƏN SƏRƏNCAMLAR BİR HƏDƏFƏ İSTİQAMƏTLƏNİB”

Digər ekspert Ruslan Atakişiyev isə düşünür ki, hökumət bu addımları atmaqla strateji hədəfə çatmaq niyyətindədir:

“Son dövrlər ölkə başçısı tərəfindən verilən sərəncamları götürəndə bir hədəfə istiqamətləndiyini görməliyik. Əslində bu strateji hədəfin mahiyyəti ondan ibarətdir ki, ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək, xüsusən də özəl sahibkarlığın inkişafı nəticəsində həm əhalinin rifah halının yüksəldirilməsinə nail olmaqla yanaşı dövlət büdcəsi gəlirlərini də məhz bu mənbələr hesabına gələcəkdə daxilolmaları artırmaqla nail olmaqdan ibarətdir. Bu sərəncamların alt hədəflərində xüsusən kiçik sahibkarlığın inkişaf məsələsi, ölkənin ixrac potensialının artırılması məsələsi, ölkıdı investisiya mühitinin, sahibkarlıq mühitinin inkişafı məsələsi prioritetləşdirilmişdir.”

Günün bütün mövzuları

XS
SM
MD
LG