Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:25

-

«Şamaxı bazarına hər biri 14 kilo ət verən quzu apardım. Əllisini 58 manatdan yuxarı sata bilmədim. Hesablayıram, - qazanc yoxdur. Hələ belə ucuz bazar olmamışdı».

«ƏTİ KƏSDİNSƏ, SATMALISAN...»

İsmayıllıdakı ortabab qoyunçuluq təsərrüfatlarından birinin sahibi Mübariz Əliyev deyir ki, qoyunu diri çəkidə yox, təmiz ət hesabı ilə 4 manat 20 qəpikdən verməli olub. Hələ bunun bazarhaqqı, başqa xərcləri də var...

Son günlər qoyun əti çox ucuzlaşıb. Satıcılar belə qiymətlərin son dəfə nə vaxt müşahidə olunduğunu xatırlamaqda çətinlik çəkirlər. Qoyun əti pərakəndə satışda 7 manatdan baha deyil, amma vaxt vardı, qiymət 11-12 manata çatırdı.

Basqalda baqqal dükanı işlədən İmran deyir ki, qabaqlar 5 kiloqram ət alan ev, indi nisyə də versən, 2 kilodan artıq almır: «Camaatın gəliri azalıb, bu da alıcılıq qabiliyyətinə təsir edib. Əti də kəsdinsə, satmalısan. Nəticədə qiymət ucuzlaşır».

«QUZUYA ÇƏKİLƏN XƏRC ZƏHMƏTHAQQINI ÖDƏMİR»

İndi bazarda qoyun və dana ətinin pərakəndə satış qiyməti təxminən bərabərləşib. Səbəb - mal ətinə tələbatın daha yüksək olmasıdır.

«Məmurlar pullarını heyvandarlığa yönəldiblər. Kəndliyə yaylaqlarda yer götürüb, sürü otarmaq çətinləşib. İndiki qiymətlər xırda qoyunçuluq təsərrüfatlarını müflis vəziyyətə sala bilər. Axı artırdığı quzuya çəkdiyi xərc zəhməthaqqını ödəmir». Mübariz Əliyev belə deyir.

İqtisadçı ekspert Nazim Bəydəmirlinin fikrincə, söhbət, əslində, qiymətlərin ucuzlaşmasından daha çox optimallaşmasından gedir: «Qiymət layiq olduğu yerə yuvarlanır».

Bir çox ekspert də düşünür ki, daşınmaz əmlak bazarında gözə çarpan «köpük», yəni qiymətlərin əsassız artımı «neft bumu» sayəsində ictimai iaşə xidmətləri bazarında da süni tələbata yol açmışdı. Restoran və şadlıq evlərində ətə tələbat artmış, bu da qiymətlərə ciddi təsir göstərmişdi.

«HƏMİN VAXT TƏKLİF TƏLƏBİ ÜSTƏLƏYİR»

N.Bəydəmirli indiki ucuzlaşmanın obyektiv səbəbləri sırasında mövsümi amilə də yer ayırır:

«Qoyun sürülərinin ildə iki dəfə qiymətləri dəyişir: Bir qışlaqdan yaylağa köçəndə (adətən, may ayına təsadüf edir), bir də yaylaqdan qışlağa köçən zaman -sentyabrın ikinci yarısından başlanan dövrdə. Ev təsərrüfatlarında olan davarın, iribuynuzlu mal-qaranın məktəblərdə yeni tədris ili başlanarkən ellikcə bazara çıxarıldığını nəzərə alsaq, təbii ki, həmin vaxt təklif tələbi üstələyir. Bu daqiymətlərə təsirsiz ötüşmür».

Yay ərəfəsində qiymətin düşməsinə gəlincə, ekspert bunun daha dərin iqtisadi səbəblərdən qaynaqlandığını düşünür.

Ətin maya dəyərinin formalaşmasında yemin də öz yeri var. İndi sahədə yoncanın bir bağlamı 70 qəpiyə təklif olunur. Bir il əvvəl yem bundan 3 dəfə baha idi.

UN BAHA, ƏT UCUZ…

Amma davarı xəstəliklərdən qoruyan dərmanların qiyməti qalxıb. Səbəb - yemdən fərqli olaraq, dərmanların xaricdən gətirilməsidir. Manat dollara nisbətən dəyərsizləşəndən bəri fermerlərin baytarlıq xərcləri də birə iki çoxalıb.

Qoyun əti qiymətinin aşağı düşməsinin hökumətin də işinə yaradığını deyənlər var. İkinci devalvasiya dalğasından sonra bir kisə (50 kq) unu 24 manata, yəni öncəkindən 33 faiz baha alan vətəndaş indi ətə əvvəlkindən 23 faiz az pul ödəyir. Bir çoxunun bank krediti hesabına qurduğu təsərrüfatın xərcini-borcunu hesabladığı bir vaxtda hökumət qiymətlərin aşağı düşməsini öz aktivinə yazır.

Ətə tələbatın təxminən 90 faizinin daxili istehsal hesabına ödənildiyi bir vaxtda Azərbaycanda davarların sayı sabit sürətlə (ildə 1-2 faiz) artmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ev təsərrüfatlarında 8 milyon 800 mindən çox qoyun və keçi var.

ƏT UCUZLAŞIB, AMMA KABAB ƏVVƏLKİ QİYMƏTƏ SATILIR

Maraqlıdır ki, bazar qiymətləri restoranlarda bir şiş kababın qiymətinə (4-5 manat) hələ təsir göstərməyib. Mütəxəssislər deyirlər ki, toy şənliklərinə ara verilən Ramazan ayında qoyun əti bir az da ucuzlaşa bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG