Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:08

Media 'QKÇP'ni belə məğlub etdi


Moskvada «QKÇP» üzvlərinin mətbuat konfransı – 19 avqust 1991
Moskvada «QKÇP» üzvlərinin mətbuat konfransı – 19 avqust 1991

Axı necə oldu ki, 1991-ci ilin avqustundakı çevrilişə cəhd zamanı «QKÇP» mediaya hakim olub, informasiyanı boğa bilmədi?

Gorbachev-in yenidənqurma illəri sovet KİV-lərinin «qızıl dövrü» idi. 1980-ci illərin ən sonu - 90-cı illərin lap əvvəllərini əhatə edən bu dövrdə televiziya proqramlarının, qəzet və jurnalların tirajı rekord həddə çatmışdı. Media daha sonra heç bu qədər populyar ola bilməyəcəkdi. 1991-ci ilin avqust çevrilişi günlərində olub-bitənlərin dünyaya çatdırılmasında Rusiya mediası önəmli rol oynadı. Məhz mediasayəsində çevriliş təşəbbüsçüləri informasiya blokadası yarada bilmədilər. Halbuki, onlar buna çox çalışdılar. Nataliya Rostova «Rusiya KİV-lərinin doğuluşu. Gorbachev dönəmi (1985 - 1991)» adlanan layihə çərçivəsində o avqust günlərində jurnalistlərin durum və davranışlarını araşdırıb.

Müəllif yazır ki, həmin günlərdə SSRİ-nin dövlət informasiya agentliyi olan «TASS» (Sovet İttifaqı Teleqraf Agentliyi – red.) çevrilişçilərin bəyanatlarınıyayan əsas alətə çevrilmişdi. Mediaya nəzarəti Sov.İKP Mərkəzi Komitəsinin katibi Aleksandr Dzasokhov gerçəkləşdirirdi. «TASS»ın baş direktoru Gennady Shishkin çevriliş cəhdindən dərhal sonra «Kommersant» qəzetinə müsahibə verərək, Dzasokhov-un ona dəfələrlə təzyiq göstərdiyini, «TASS» kanalları ilə çevrilişi dəstəkləyən daha çox xəbər verməyi tələb etdiyini bildirmişdi.

Dövlət Teleradiosunun rəhbəri Leonid Kravchenko-nun «QKÇP» işi üzrə ifadəsində deyilir ki, Sov.İKP MK-nın katibi Yury Manayenkov-un göstərişinə görə, «fövqəladə vəziyyətin tətbiqindən sonra televiziya və radio Sov.İKP və dövlət xadimlərinin dəfni günlərdə çalışdığı rejimdə işləməlidir». Kravchenko-ya televiziyanı fövqəladə vəziyyətə hazırlamaq əmri verilibmiş.

Avqustun 18-nə keçən gecə tanklar «Ostankino»nun giriş qapılarının önünü kəsib. Kravchenko sonradan verdiyi müsahibələrində uzun müddət binaya daxil ola bilmədiyini demişdi. Əsgərlər onu içəri buraxmırlarmış.

Gündüz saat 1-da «QKÇP»nin bəyanatları «TASS»ın xəbər lentlərində peyda olur. Ölkədə fövqəladə vəziyyət elan olunması və «QKÇP»nin yaranmasına dair SSRİ-nin vitse-prezidenti Gennady Yanayev-in əmrini isə televiziya və radionun diktorları oxuyur...

«TASS»ın rəhbri Lev Spiridonov-un ifadələrində deyilir ki, axşama doğru agentliyə Ağ Evdən (prezident sarayından) bəyanatlar daxil olmağa başlayır: «B.N.Yeltsin-in çevrilişi qınayan bəyanatı», «Konstitusiya Nəzarəti Komitəsinin Məlumatı», «Ağ Evdən RSFSR Ali Sovetinin çağrılması barədə məlumat», «Ağ Evdə mətbuat konfransının çağırılması haqqında xəbər» və s.

«Mən göstəriş verdim ki, 2 prinsipial müddəa əksini tapsın və Yeltsin-in bəyanatı qısaca verilsin: bütün bunların qanunsuz olması barədə və ümumi tətilə çağırışa dair müddəalar. Daha sonra RSFSR Ali Sovetinin fövqəladə iclası və Ağ Evdə keçirilən mətbuat konfransı haqqında məlumatlar da... ölkəyə və xaricə çatdırıldı», - Spiridonov-un sözləridir.

Buna da bax - QKÇP: Moskva çevrilişinin Bakı əks-sədası [Video]

QƏZETLƏR YASAQLANIR

Çevriliş qəzetlərin ənənəvi olaraq çıxmadığı bazar ertəsi təşkil olunmuşdu. Ancaq artıq 2-ci gün qəzetlərdə «QKÇP»nin 2 saylı qətnaməsi çıxır. Söhbət «Mərkəzi qəzetlərin, Moskva şəhər və vilayət qəzetlərinin çıxması barədə» qətnamədən gedir. Bu sənəddə «QKÇP»nin ictimai-siyasi nəşrləri say baxımından müvəqqəti azaltdığı bildirilsə də, çevrilişçilərə təhlükə yaratmayan nəşrlərin də adları sadalanır, «Trud», «Raboçaya tribuna», «İzvestiya», «Pravda», «Krasnaya zvezda», «Selskaya jizn» kimi qəzetlərin çıxmasına icazə verilirdi.

Artıq gündüz saat 11.10-da yasaqlanmış qəzetlərdən olan «Moskovskiye novosti»nin baş redaktoru Yegor Yakovlev çevrilişçilərə ilk dəqiqələrdən dirənən Rusiya prezidenti Yeltsin-lə görüşür. Qəzetin əməkdaşı Yevgenia Albats həmin günə aid qeydlərində yazır ki, nəşri müvəqqəti olaraq dayandırılmış qəzetlər «QKÇP»nin yaratdığı KİV-ə nəzarət orqanında «yenidən qeydiyyatdan keçməli olacaq».

Ağ Evin müdafiəçiləri barrikadalarda – 20 avqust 1991
Ağ Evin müdafiəçiləri barrikadalarda – 20 avqust 1991

Saat 19.23-də «Novosti» informasiya agentliyi «Moskovskiye novosti»nin əməkdaşına istinad edərək məlumat yayır: «Demokratik mətbuat böhran durumundadır». Məlumatda deyilir ki, mətbəələr, «Moskovskiye novosti» də daxil, bir sıra qəzetləri çap etməkdən boyun qaçırıb və bunu kimin əmri ilə etdiklərini deməyiblər.

Avqustun 20-də saat 11-də həmin gün çıxmamış demokratik yönlü 11 qəzetin (onların arasında «Arqumentı i faktı», «Moskovskiy komsomolets», «Kommersant», «Kurantı», «Komsomoskaya pravda», «Nezavisimaya qazeta» kimi qəzetlər vardı) baş redaktoru «Moskovskiye novosti»nin baş redaktoru Yegor Yakovlev-in iş otağında görüşərək «Obşaya qazeta» adlı birgə gizli qəzet buraxmağa qərar verirlər. Hətta Tallindəki bir nəşriyyatla razılığa da gəlirlər. Məlumat faksla Parisə, Nyu-Yorka, Berlinə, Romaya göndəriləcək, «Liberation», «New York Times», «La Repubblica» kimi qəzetlərdə çıxacaqdı. «Yaxşı, bəs fakslar niyə işləyir? Niyə hava limanları xaricdən təyyarələri qəbul edir, vağzallarsa ölkənin hər yerinə və xaricə qatarlar yollayır? Nə üçün bizə vərəqə buraxmağa icazə verirlər? Üstəlik, oğlanlarımız onları tanklara da yapışdırır? Bu, çevrilişdir, yoxsa?..», - Yevgenia Albats-ın qeydlərində belə yazılıb.

Artıq ertəsi gün - avqustun 21-də «Obşaya qazeta»nın ilk sayı işıq üzü görür. Bağlanmış qəzetlərin kollektivləri «Obşaya qazeta»dan başqa öz buraxılışlarını da kseroksda çıxararaq, Moskvada insanlara paylayırlar. «Moskovskiye novosti» 16-səhifəlik xüsusi buraxılış üzərində işləyir. Avqustun 20-də «Kurantı», «Moskovskiye novosti», «Meqapolis-Ekspress» qəzetlərinin və informasiya agentliyi rejiminə keçmiş «Komsomolskaya pravda»nın kseroksda çıxarılan nüsxələri insanlara paylanır. Jurnalistlər olub-bitənləri bu üsulla çıxardıqları qəzetlərdə «xunta», «Gorbachev-in devrilməsi», «işğal» adlandırırlar.

Qəzetlərin buraxılmasına qoyulan qadağa avqustun 21-də axşam saat 6-dək davam edir. Həmin vaxt Gorbachev-un Krımdakı bağında əlaqə vasitələri yenidən işə düşür və hər şey bitir.

Avqustun 20-də «İvestiya» Rusiya rəhbərləri Boris Yeltsin, Ivan Silayev və Ruslan Khasbulatov-un imzası ilə «Rusiya vətəndaşlarına müraciət»i dərc edən tək qəzet olur. Müraciətdə «hakimiyyətə gəlmiş üzdəniraq komitə» qanundankənar elan olunur, Rusiya vətəndaşlarına «ölkəni normal konstitusion inkişafa qaytarmağı tələb etmək» təklif olunur.

Demokratik qəzetlərin yasaqlandığı, «QKÇP» tərəfdarlarınınsa belə bəyanatları dərc etmədiyi nəzərə alınsa, «İzvestiya»nın yaydığı məlumat ölkədə baş verənləri anlamaq baxımından çox vacib idi. Jurnalist Vladimir Nadein danışır ki, qəzetin baş redaktoru qətiyyətlə Yeltsin-in müraciətini dərc etməməyi əmr etmişdi. Ancaq nəşriyyat işçilərinin təzyiqi hər şeyi dəyişib. Onlar Yeltsin-in müraciəti olmadan qəzeti yığmaqdan imtina ediblər. «Bu sizin işiniz deyil! Siz «İzvestiya» deyilsiniz», - deyərək baş redaktor Nikolai Yefimov onların üstünə bağırsa da, bu cavabı eşitməli olub: «Biz on illərdir ki, izvestiyaçıyıq, sizsə dünən gəlmisiniz».

Çevriliş sonuna çatandan sonra «İzvestiya» redaksiyası baş redaktorun istefasını tələb edib. Redaksiya heyətinin qərarında belə deyilir: «Ölkənin ən yaxşı nəşrlərinə xuntanın qoyduğu qadağa şərəfi bizdən yan keçdi. Çevrilişçilər Yefimov-un sədaqətinə əmin idilər. Onlar yanılmayıblar, Yefimov son dəqiqəyədək onlara sədaqətlə xidmət göstərib».

«Sonalar gölü» baleti
«Sonalar gölü» baleti

«SONALAR GÖLÜ»

Peter Tchaikovsky-nin «Sonalar gölü» baleti Sov.İKP-nin son baş katiblərinin - Leonid Brezhnev, Yury Andropov və Konstantin Chernenko-nun dəfnlərində ənənəvi fon musiqisi olub. Bu balet avqust çevrilişinin də rəmzlərindən birinə çevrildi. Avqustun 19-da həmin balet düz 2 dəfə televiziya proqramına salınmışdı - səhər və axşam. Teleradionun rəhbəri Kravchenko dəfələrlə öz müsahibələrində bildirib ki, teleproqram bir həftə öncədən təsdiqlənir və bu, sırf təsadüfdür. İşin məzəli tərəflərindən biri də odur ki, həmin gün «Üç gün, üç gecə» adlı film də nümayiş etdirilib. «Kim bilirdi ki, çevriliş üç gün, üç gecə çəkəcək? Bu, əla paradoksdur», - Kravchenko deyir.

Kravchenko-nun sözlərinə görə, o, istənilən halda kreslosundan məhrum olacağını bilirdi. O üzdən, artıq təsdiqlənmiş proqramı verməklə özünü sığortalamaq istəyib.

Ancaq auditoriyanın gözündə Tchaikovsky-nin musiqisi ölkədə baş verənləri bildirməməyin rəmzinə çevrilib. Maraqlıdır ki, çevriliş günlərində «Mayak» radiosu da eyni musiqini səsləndirib.

O zaman dövlət teleradiosunun teleproqramlar şöbəsinə rəhbərlik etmiş Viktor Oskolkov danışır ki, avqustun 19-da - günortaya yaxın buraxılış redaktoru ona zəng vuraraq, fasilə vaxtı efirə nəsə verməyi təklif edib. Onlar da əllərində hazır olan, axşam proqramında efirə gedəcək «Sonalar gölü» baletini efirə veriblər. «Biz gözlənilmədən, spontan şəkildə efiri yayımsız qoymamaq qərarına gəldik. Axı gerçəkdən çox qorxulu idi. Axı ard-arda bəyanatlar gəlirdi. Axı xalq düşünə bilərdi ki, nəsə başlayıb, ya da, nə bilim, nəsə qurtarıb», - Oskolkov deyir bunları.

Kravchenko isə danışır ki, ona «QKÇP»ni dəstəkləyən 140 nəfər Moskva sakininin iştirakı ilə telemarafon sırımağa çalışırlarmış. Ancaq o, vəziyyətdən çıxa bilib. «Belə ekspromtlar peşəkar baxımdan ağlasığmazdır. Şəhərləri və insanları buna bir neçə gün əvvəldən hazırlamaq lazımdır», - Kravchenko onlara belə deyib.

Televiziya tamaşaçıları həmin günlərdə nə baş verdiyini yalnız qiyamdan sonra öyrənəcəkdilər. Avqustun 23-də Vladislav Listyev, Aleksandr Lyubimov və Aleksandr Politkovsky-nin apardığı «Vzqlyad» («Baxış») proqramının xüsusi buraxılışı efirə çıxır. Lyubimov danışır ki, şəhərin hərbi blokadada olduğu bir neçə gündə xeyli material toplanıb və onlar hər gün efirə çıxmalı olublar.Gorbachev-un Krımda yazdırdığı kaseti də məhz «Vzqlyad» efirə verib. Gorbachev-un aparıcılara şəxsi münasibəti yaxşı deyilmiş. Ancaq o, mətbuat katibi Vitaly Ignatenko-nun məsləhəti ilə kaseti məhz «Vzqlyad»a ötürməyə razı olur.

Həmin günlər məşhur Vladimir Molchanov-un apardığı «Do i posle polunoçi» («Gecəyarısından öncə və sonra») proqramının da xüsusi buraxılışı çıxır. Əmri yerinə yetirməkdən imtina etmiş tankçıların, Ağ Evə hücum etmək əmrinə tabe olmamış iki «Alfa» üzvünün müsahibələri göstərilir. Nadir kadrlarda aparıcı Vladimir Molchanov həbs edilmiş DTK (KQB) sədri Vladimir Kryuchkov-un iş otağındakı axtarışı nümayiş etdirir. SSRİ-nin ozamankı müdafiə naziri marşal Yazov kamera çəkilişlərindən imtina etməyərək müsahibə verir. Jurnalistin onu gələcəkdə nə gözlədiyi barədə sualını Yazov belə cavablayır: «Düşünürəm ki, təşəkkür bildirməzlər».

Çevriliş günləri «Exo Moskvı» radiosuna əsl şöhrət gətirir. Radionun efiri üç gün boyunca 4 dəfə kəsilir. Yalnız indi məlum olub ki, bu, SSRİ DİN-in rəhbəri, «QKÇP» üzvlərindən Boris Pugo-nun əmriylə baş veribmiş.

Səhər saat 7.20-də radiostansiya tankların Moskvanın üzərinə yeriməsi xəbərini səsləndirir. Saat 7.40-da səkkiz nəfər mülkigeyimli şəxs binaya daxil olaraq, yayımı dayandırmağı əmr edir. «Kommersant»ın yazdığına görə, radionun baş redaktoru Sergey Korzun onlara deyib ki, jurnalist etikası ona bunu etməyə imkan vermir. O zaman mülkigeyimli şəxslər elektriki yerli-dibli kəsərək, binanı möhürləyiblər.

Ertəsi gün radiostansiyanın içərisində Moskva «OMON»u, çevrəsindəsə desantçılar keşik çəkib.

Boris Yeltsin Ağ Evin qarşısında sıxış edir – 19 avqust 1991
Boris Yeltsin Ağ Evin qarşısında sıxış edir – 19 avqust 1991

YELTSIN-İN TANKIN ÜSTÜNDƏ GÖRÜNDÜYÜ HƏMİN O REPORTAJ

Avqustun 19-da saat 22-də «Vremya» («Zaman») xəbərlər proqramında gözlənilmədən Boris Yeltsin-in tankın üzərində olduğu kadrlar göstərildi. Müxbir Sergey Medvedev-in dörd dəqiqəlik süjeti dönüş nöqtəsi oldu. Bu süjet «QKÇP»nin hələ qələbə çalmadığını, Ali Sovetə yaxın əraziləri moskvalıların tutduğunu göstərirdi. Süjetdə Yeltsin-in Gorbachev üçün efir istəməsi və onun «Forosda təcrid edildiyini» deməsi də yer alıb. Bu süjetin göstərilməsi Yeltsin-in özünə də gözlənilməz olub. Həmin süjetdən bir şey aydın görünürdü: Reportajda görünən insanlar kimi Yeltsin-in ardınca getmək olar!.. Sonradan DİN rəhbəri Boris Pugo «QKÇP» işi ilə bağlı ifadəsində bu reportajı«birbaşa xəyanət» adlandıracaqdı.

Maraqlıdır ki, sözügedən xəbər süjeti başdan ayağa «zəhmətkeşlərin yekdil dəstəyi» barədə reportajlardan ibarət proqramın ortasında verilib.

Sonradan dövlət teleradiosunun rəhbəri Leonid Kravchenko «Slon»a müsahibəsində bildirmişdi ki, həmin süjet onun icazəsi olmadan efirə gedə bilməzdi.

Süjetin müəllifi Medvedev danışır ki, o öz müdirindən - xəbərlərin rəhbəri Olvar Kakuchaya-dan Ağ Evə - barrikadalara getməyə icazə istəyib. Kakuchaya bu süjetin efirə verilə biləcəyinə inanmasa da, «tarix üçün» getməyə icazə verib. Süjet efirə gedər-getməz, Kravchenko-nun müaviniLazutkin-ə zəng vuraraq, onun işdən qovulduğunu deyiblər. Kakuchaya isə Medvedev-dən iki-üç həftəlik gözdən itməyi xahiş edib. Avqustun 20-də də Lazutkin-in başının üstünə bir «KQB» (DTK) polkovnikini təhkim ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG