Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:58

.

Yəqin hər kəs bunun fərqindədir: Quruda normal gördüyümüz halda başımızı suyun altına salanda görmə qabiliyyətimiz xeyli zəifləyir. Sən demə, balıqlarda və suda-quruda yaşayanlarda belə deyilmiş.

“Current Biology” nəşrində dərc olunmuş bir araşdırma materialına görə, balıqlar bulanıq və ya səffaf suda üzmələrindən asılı olaraq, görmə qabiliyyətlərini tənzimləyə bilirlər. Yalnız balıqlar deyil, suda-quruda yaşayanlar da qurudan suya, yəni işığın az daxil olduğu mühitə girəndə görmə qabiliyyətini xeyli gücləndirirlər. Bu, A vitamini ilə bağlı olan Cyp27c1 fermenti sayəsində mümkün olur.

Qızıl balıq mavi-yaşıl işıqlı okeanda

A vitamini gözlərdəki vizual piqmentin ən vacib komponentidir. Cyp27c1 fermenti A vitamininin A1 vitamini adlı molekulunu A2 vitamininə çevirir. Bunun sayəsində gözdəki fotoreseptorların həssaslığı qırmızı və infraqırmızı kimi uzundalğalı şüaları qəbuledəcək səviyyəyə qədər artır.

Məhz bunun nəticəsidir ki, şirin su balığı olan qızıl balıq mavi-yaşıl işıqlı okean sularına daxil olanda da, işıq mühiti qırmızı-infraqırmızı olan quru sularında yaşayanda da eyni dərəcədə effektiv görür.

“Şirin su mühiti digərlərindən daha bulanıq olur. Mavi, yaşıl və sarı kimi qısa dalğalı işıqlar bu bulanıqlıqdan keçə bilmir. Buna görə orada qırmızı və infraqırmızı işıqlar kimi daha uzundalğalı işıqlar üstünlük təşkil edir”, -- Washington Universitetindən doktor Joseph Corbo belə deyir.

Göz xəstəliklərinin müalicəsi üçün faydalı yenilik

Cyp27c1 fermentinin təkamülün hansı mərhələsində bu unikal xüsusiyyəti qazandığı bəlli deyil. Ancaq Corbonun sözlərinə görə, həmin fermentdən həm balıqların, həm də suda-quruda yaşayanların faydalanması onların orqanizminin bu funksiyanın tarixinin milyon illər əvvələ gedib çıxdığını söyləməyə əsas verir.

İnsan orqanizmində də sözügedən fermentə nəzarət edən genin surəti olsa da, o, bizdə aktiv deyil.

Alimlərin dediyinə görə, bu fermentin aşkar edilməsi nevroloji və görmə xəstəliklərinin müalicəsində yeni cığır aça bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG