Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:47

Qiyas İbrahimova 9 il həbs istənildi [yenilənib]


Dövlət ittihamçısı Qiyas İbrahimova 9 il iş istədi
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

Dövlət ittihamçısı Qiyas İbrahimova 9 il iş istədi

Gənc fəal Qiyas İbrahimovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Oktyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror ona 9 il həbs cəzası istəyib.

Bundan əvvəl isə gənc fəalın vəkili Elçin Sadıqov Qiyasın cibindən və yaşadığı evdən tapıldığı iddia olunan narkotik bükümlərinin üzərindəki əl izləri ilə bağlı ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb.

Amma Ənvər Seyidovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

“O DÜNYADAN GƏLİB VƏKİLLİK ELƏYƏCƏKDİ?”

Qiyas İbrahimov özü isə məhkəmədən Tofiq Qasımov adlı vəkilin ona müdafiəçi təyin olunması haqda vəsatət qaldırıb. Bu həmin vəkildi ki, cinayət işinin materiallarında Qiyas həbs olunan gün ona dövlət hesabına təklif olunduğu iddia edilən beş vəkilin sırasında onun da adı var.

Buna da bax:​ Polis: 'Qiyas İbrahimovun üzərindən sellofana bükülmüş narkotik aşkar etdik...'

Gənc fəalın vəkili Elçin Sadıqov bildirib ki, Qiyas İbrahimov həbs olunanda xeyli vaxt idi, Tofiq Qasımov artıq həyatda yox idi: "Tofiq Qasımov o dünyadan gəlib Qiyasa vəkillik eləyəcəkdi?"

Daha sonra Ənvər Seyidov məhkəmə istintaqının tamamlandığını elan edib və çıxış üçün dövlət ittihamçısına söz verilib.

“TƏCRİDSİZ İSLAH OLUNA BİLMƏZ”

Qiyas İbrahimova CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsilə verilmiş ittihamın məhkəmədə də təsdiqləndiyini deyən prokuror gənc fəalın 9 il azadlıqdan məhrum edilməsini istəyib: "Özü etiraf etməsə də, polis əməkdaşlarının və hal şahidlərinin ifadələri ilə ittiham təsdiqini tapıb. Hesab edirəm ki, Qiyas İbrahimov cəmiyyətdən təcrid olunmadan islah oluna bilməz", – prokuror deyib.

Buna da bax:​ Dövlət ittihamçısı Qiyas İbrahimova 9 il iş istədi

Qiyas İbrahimovun vəkili Elçin Sadıqov müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Oktyabrın 24-də keçiriləcək növbəti məhkəmə iclasında vəkil müdafiə nitqilə çıxış edəcək.

XATIRLATMA

Qiyas İbrahimov başqa bir gənc fəal Bayram Məmmədovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal və əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham edilirlər. İttiham olunduqları maddə ilə gəncləri 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

Buna da bax: Qiyas: «Polis dedi, istəyirsən narkotikin yanına silah da qoyaq?»

Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirir.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazdıqlarına görə həbs edildiyi güman olunur. Elə Qiyas İbrahimov özü də məhkəmədə ifadəsində heykəlin postamentinə şüar yazdığına görə şərləndiyini, narkotiki cibinə və evlərinə polislərin atdığını bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG