Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:09

Qırğızıstanda 1916-cı il qırğını haqda film təsdiq olunmur - Rusiyaya görə


Qırğızıstan, Bişkek. Urkun Film Mart 2016
Qırğızıstan, Bişkek. Urkun Film Mart 2016

Bir əsr öncə etnik qırğızların çar ordusu tərəfindən qırğına məruz qalmasından bəhs edən "Urkun" filminin prodüseri Mukhtar Atanaliyev deyir ki, dövlət orqanları Moskvanın xətrinə dəyməkdən çəkinir və hələlik, filmin nümayişinə icazə vermirlər.

Karim Masimov: "Dmitriy Medvedev 1916-cı il milli hərəkatının lideri Keyki-batırın kəllə sümüyünü dəfn edilmək üçün Qazaxıstana təhvil verməyə razılaşıb".

1916-cı ildə baş qaldıran üsyan nəticəsində 150 min etnik qırğız həlak olub. Prodüserin sözlərinə görə, "Urkun" filmi icazə üçün Qırğızıstan Dövlət Kino Fonduna təqdim edilib. Filmin müəllifləri premyeranın müstəqillik günü - avqustun 31-də, yaxud Urkun olaylarının 100 illiyi şərəfinə ucaldılmış abidənin açılışı günü - sentyabrın 2-də baş tutacağına ümid edirdilər.

"Düşünürəm ki, filmin Rusiya ilə Qırğızıstan arasında fikir ayrılığına yol açacağından qorxurlar", - Mukhtar Atanaliyev belə deyir. Prodüser digər filmlərinin cəmi bir neçə saata və ya bir günə təsdiqləndiyini də sözlərinə əlavə edir.

Buna da bax:​ Astanada MDB sammiti keçirilir

Sammit mane olub?

“Urkun” - "bölmə", "parçalama" anlamına gələn qədim türk sözüdür.

Sentyabrın 16-da Bişkekdə MDB dövlət başçılarının sammiti keçirilib. Sammitə Rusiya prezidenti Vladimir Putin də qatılıb. Bəzi müşahidəçilər filmin nümayişinə icazə verilməməsini məhz bununla əlaqələndirirlər. Onların fikrincə, Rusiya nümayəndə heyətinin səfəri zamanı Bişkekdə filmin afişalarının yerləşdirilməsi rus məmurlarını narazı sala bilərdi.

Dövlət Kino Fondunun rəhbəri Urmat Aytaliyev sentyabrın 14-də AzadlıqRadiosu-na bildirib ki, xüsusi komissiya yaxın həftələrdə filmi gözdən keçirəcək:

"Biz ayda 10, ya da 20 filmə baxırıq. Filmin göstərilməsində özümüz də maraqlıyıq. Onun yaradıcılarına əməkdaşlıq təklif edir, beləcə, onları dəstəkləmək istəyirik".

“Urkun” - "bölmə", "parçalama" anlamına gələn qədim türk sözüdür.

Bəzi qırğız tarixçilərinin dəyərləndirməsinə görə, üsyanın gedişində 250 minədək qırğız həyatını itirib.

Birinci Dünya Müharibəsində Rusiya imperatoru "yabançıların" arxa cəbhədə işləməsi üçün məcburi səfərbərliyinə dair fərman verir. Bu fərmana və ümumiyyətlə imperiyanın Mərkəzi Asiyadakı aqressiv müstəmləkə siyasətinə cavab olaraq bütün regionda müxtəlif formalarda üsyan baş qaldırır. Orta Asiyada müstəmləkə dövləti üçün vuruşmaq ideyası xoş qarşılanmır və səfərbərlik elanı açıq dirənişlə üzləşir. Peterburqdakı hökumət rus qoşunlarına üsyanı yatırmağı əmr edir. Nəticələrsə çox qanlı olur.

Buna da bax:​ Azərbaycan kinonu dirçəltmək üçün qırğızlardan nə öyrənə bilər?

Bəzi qırğız tarixçilərinin dəyərləndirməsinə görə, üsyanın gedişində 250 minədək qırğız həyatını itirib. Bu il avqustun 15-də Qırğızıstanın ictimai komissiyası bütün 1916-cı il boyunca sürən qırğının soyqırım olduğu qənaətinə gəlib. Komissiyanın sədri Azimbek Beknazarov jurnalistlərə bildirib ki, gəlinən nəticələr Rusiya və Çin hökumətlərinin təqdim etdiyi arxiv materiallarına əsaslanır. Apreldə Dövlət Dumasının sədri Sergey Naryshkin üsyanın yatırılmasının soyqırım olması barədə ittihamı rədd edərək bildirib ki, "yüz il əvvəl bütün xalqlar əziyyət çəkirdi".

“Heç bir ayrıseçkilik yoxdur”

Dövlət Dumasının sədri Sergey Naryshkin üsyanın yatırılmasının soyqırım olması barədə ittihamı rədd edib...

1916-cı ildə on minlərlə qırğız ailəsi öz evlərini və torpaqlarını tərk edərək qonşu Çinə pənah aparıb. Ancaq bir çoxları rus qoşunlarından xilas olmaq istərkən, aclıq, şaxta və xəstəlikdən qırılıb. Bir əsr öncənin erkən qışının yolda haqladığı insanların sümüklərini Tyan-Şan dağlarının bəzi aşırımlarında hələ də görmək olur. Mukhtar Atanaliyev-in ikisaatlıq "Urkun" filmi başqalarıyla birgə Çinə qaçmaq istəyən bir ailənin başına gələnlərdən söz açır.

Filmin rejissoru Medin Uchukeev-in sözlərinə görə, filmin ssenarisi əvvəlcədən tarixçilər, ədəbiyyatçılar, alimlər və başqaları ilə razılaşdırılıb. O deyir ki, filmdə "hər hansı bir millətə qarşı heç bir ayrıseçkilik" yoxdur.

1959-cu ildə ölkə əhalisinin 1/3-ni təşkil edən etnik ruslar SSRİ-nin dağılmasından sonra Qırğızıstanı tədricən tərk ediblər. Hazırda onların sayı ümumi əhalinin təxminən 8 faizi qədərdir.

Buna da bax:​ Neft qurtardı, film var

"Bizim filmimiz faciə haqqında yazılanların bəlkə də beş faizini göstərir. Razılığa nəyin problem yaratdığını anlamıram", - prodüser Mukhtar Atanaliyev belə deyir.

Qazaxıstanda rəsmi tədbir keçirilmir

1959-cu ildə ölkə əhalisinin 1/3-ni təşkil edən etnik ruslar SSRİ-nin dağılmasından sonra Qırğızıstanı tədricən tərk ediblər. Hazırda onların sayı ümumi əhalinin təxminən 8 faizi qədərdir.

Rus müstəmləkəçilərinə qarşı üsyan Orta Asiyanın müxtəlif yerlərində baş qaldırsa da, onun yüzilliyi yalnız Qırğızıstanda qeyd edilir. Avqustun 12-də Qazaxıstanın (artıq keçmiş) baş naziri Karim Masimov bəyan edib ki, Rusiyanın baş naziri Dmitriy Medvedev 1916-cı il milli hərəkatının lideri Keyki-batırın kəllə sümüyünü dəfn edilmək üçün Qazaxıstana təhvil verməyə razılaşıb. 1923-cü ildə öldürülmüş Keyki-batırın kəllə sümüyü indi Sankt-Peterburqdakı bir muzeydə saxlanılır. Ancaq Qazaxıstanda 1916-cı il hadisələrini yad edən hər hansı rəsmi tədbir keçirilmir.

Məşhur basmaçılar hərəkatının mövcud olduğu Tacikistanda da heç bir rəsmi tədbir keçirilmir. Basmaçılar ta 1930-cu illərədək rus və sovet hökuməti ilə mübarizə aparan fəal hərəkat olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG