Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:15

Deputatdan çoxarvadlılıq təşəbbüsü


Qırğıstanlı deputat Kamchybek Joldoshbaev
Qırğıstanlı deputat Kamchybek Joldoshbaev

Qırğızıstan Ali Sovetinin (Joqorku Keneş) "İnkişaf" fraksiyasından olan deputatı Kamchybek Joldoshbaev çoxarvadlılığın rəsmiləşdirilməsini təklif edib. Bu təklif cəmiyyətdə böyük əks-səda oyadıb

Qırğızıstanda ölkənin ən zəngin adamlarından sayılan Kamchybek Joldoshbayev haqqında birmənalı düşünmürlər. Tanıyan adamların çoxu onu qaba və dalaşqan biri sayır. Düzdür, onun əliaçıq və idmana vurğun olduğunu iddia edənlər də az deyil.

“Konstitusiya yalnız bir arvad almağa icazə versə də...”

Ölkənin ən zəngin adamlarından sayılan Kamchybek Joldoshbayev haqqında birmənalı düşünmürlər.

Joldoshbayev mənsub olduğu fraksiyanın iclasında Konstitusiyaya dəyişikliklər müzakirəyə çıxarılarkən, belə deyib:

"Konstitusiya yalnız bir arvad almağa icazə versə də, indi bəzilərinin 2-3 qanunsuz arvadı var. Onlar ərlərinin soyadını götürə bilmirlər... Bəzilərinin artıq uşaqları var. Hər iki tərəf olub-bitəni düzgün sayır, uşaqlarını birgə tərbiyə edirlər. Bunu qanuniləşdirmək lazımdır. Bəziləri üç, hətta dörd arvad alsa da, nikahları qeydə alınmır. Bəs onların uşaqları hansı soyadı daşıyır? Yad adamın? Bəlkə heç onun uşaqları deyil? Ona görə də bu məsələni öyrənib təklif vermək və qanuniləşdirmək lazımdır".

Kamchybek Joldoshbaev, hələ ki, parlamentə aktual bir qanun layihəsi təklif etməyib.

Joldoshbaev-in öz təklifini parlamentin ümumi iclasında da səsləndirib-səsləndirməyəcəyi, həmkarlarının bu təklifə münasibəti hələ bilinmir. Ancaq deputatın bu təşəbbüsü sosial şəbəkələrdə böyük müzakirə doğurub. İstifadəçilərin əksəriyyəti deputatı qınayır.

Qırğızıstanın ən varlı adamlarından biri olan 60 yaşlı Kamchybek Joldoshbaev bədən tərbiyəsi institutunu bitirib. O, vaxtilə ölkənin milli voleybol komandasında oynayıb.

İndiyədək üç partiya dəyişib

Joldoshbaev müstəqilliyin ilk illərində bizneslə məşğul olmağa başlayıb. 1992-ci ildə "Beş-Sarı" şirkətini yaradıb. İndi Bişkekin Oş bazarında onun eyniadlı iri ticarət və idman kompleksi var.

Deputat: "Konstitusiya yalnız bir arvad almağa icazə versə də, indi bəzilərinin 2-3 qanunsuz arvadı var. Onlar ərlərinin soyadını götürə bilmirlər..."

1990-cı illərdə Joldoshbaev-ə məxsus şirkət Ak-Talı rayonundakı Turuku və Cumqal rayonundakı Kara-Keçe yataqlarında kömür çıxarırdı. Özəlləşdirmə dövründə bu işadamı Ak-Talı və Koçkorkda avtobazalar satın alıb. Bəzi yerli sakinlərin sözlərinə görə, bu obyektlər qəpik-quruşa satılıb.

İndiyədək üç müxtəlif partiya dəyişən Joldoshbaev qaba davranışlarıyla ad çıxarıb.

O bu ilin əvvəlində jurnalist Semet Talas uulunu (Talasoğlunu – red.) döyməsi ilə gündəmə gəlib. Jurnalist öz işi üçün parlamentə gəlibmiş, deputat onu görüncə, çoxdankı məqalələrinə görə "dərsini vermək" istəyib:

“Hamilə qadının qarnına təpik vurmasından yazdım...”

"Mən onun insanlarla qaba davranışından, hamilə qadının qarnına təpik vurmasından, başqa əməllərindən yazırdım. O, mənə qəzəblidir. Vaxtilə zəng vurub hədələyirdi... O xuliqandırsa, biz nə edə bilərik? Ondan şikayət etmədim, ancaq o da üzr istəmədi. Yanıma adamlar göndərsə də, onları qəbul etmədim.

Mənə təpik atdı. Cangüdənləri bizi ayıranadək o, məni təpikləməyə fürsət tapdı. Yerimə başqası olsaydı, xəstəxanaya düşər, ərizə yazaraq, deputat etikası komissiyasına üz tutardı. Mən bunu etmədim. Birincisi, göstərdim ki, jurnalistlərə əl qaldıranı nə gözləyir. İkincisi də, göstərmək istədim ki, bütün problemlər pulla çözülməz. O üzdən, göndərdiyi adamları da geri qaytardım".

İndiyədək üç müxtəlif partiya dəyişən Joldoshbaev qaba davranışlarıyla ad çıxarıb.

Bir dəfə kolbasanın keyfiyyətini, bir dəfə də xanımın geyimini pisləyib?

Artıq 2-ci çağırış deputat olan Kamchybek Joldoshbaev, hələ ki, parlamentə aktual bir qanun layihəsi təklif etməyib.

Düzdür, bir dəfə parlamentin ümumi iclasında kolbasanın keyfiyyətindən şikayətlənib.

Ombudsman vəzifəsinə namizədlərin müzakirəsi zamanı isə o, namizədlərdən biri olan Rita Karasartova-nın geyimini pisləyib. Bu olaydan sonra da Joldoshbaev sosial şəbəkə istifadəçilərinin qınağına tuş gəlib.

Buna da bax:​ Müfti çoxarvadlılığa çağırır

Onu tərifləyənlər də var

O, təkcə adi vətəndaşlarla yox, iclaslarda nazirliklərin nümayəndələri ilə də kobud danışır.

Bütün bunlar öz yerində, amma onu tərifləyənlər də var. Məsələn, partiya yoldaşı Tazabek Ikramov deyir: "Biz ona deputat və ağsaqqal kimi sayqı göstəririk. O, "Beş-Sarı" komandasını yaradıb, idmançıları dəstəkləyir, maaşlarını verir, idman zalları açır... Hər şeyi üzə deyir, bəzən kobud sözlər işlədir. Bunu hamı bilir. O, təkcə adi vətəndaşlarla yox, iclaslarda nazirliklərin nümayəndələri ilə də kobud danışır. Ancaq ümumiyyətlə, ölkənin inkişafına töhfəsini verir, idmançıları dəstəkləyir, böyük vergilər ödəyir".

Buna da bax:​ Qırğız müftilərinin seks qalmaqalı

Joldoşbayev-ə məxsus "Beş-Sarı" ticarət kompleksinin özündə də ondan narazı qalanlar var. Orada dükan sahibi Aliya Abdykadyrova deyir ki, məhz Joldashbayev üzündən dükanını tərk etmək fikrinə gəlib. O, şirkətin maliyyə pozuntuları ilə bağlı Dövlət Vergi Xidmətinə və maliyyə polisinə şikayət etdiyini də söyləyir.

"Belə bir adam necə deputat olub əxlaqdan danışa bilər?"

“Niyə ona prezidentin və fraksiya liderlərinin gücü çatmır?”

Vaxtilə “Beş-Sarı”da dükan işlətmiş Ulan Turdaliyev də ondan narazıdır: “Qırğızıstanda təkcə o belədir. Bax mən düşünürəm ki, niyə ona prezidentin və fraksiya liderlərinin gücü çatmır? Belə bir adam necə deputat olub əxlaqdan danışa bilər? O öz çıxışları zamanı bir adamdır, ancaq həyatda tam başqadır”.

Joldoshbaev-in mükafat və fəxri adları da az deyil. O, bədən tərbiyəsi akademiyasının, Bişkek humanitar universitetinin və beynəlxalq yaradıcılıq akademiyasının fəxri professorudur. Ölkənin voleybol, atçılıq idman növləri federasiyalarının rəhbəridir. Beynəlxalq kəmərli güləş federasiyasının vitse-prezidentidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG