Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:00

Bazarı bağlanan QHT-lər


Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

-

«Fəaliyyətimiz geniş bir sferanı əhatə etdiyi üçün ildə 2-3 donorla müqaviləmiz olurdu. Maliyyənin kəsilməsi işimizi ağırlaşdırıb». Bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı AzadlıqRadiosuna müshaibəsində deyir.

Ötən ilin yayından qeyri-hökumət təşkilatları qarşısında yandırılan qırmızı işıq vətəndaş cəmiyyətinə necə təsir edib? Cəmiyyətin həyatına təsir edə bilən hansı layihələr yarımçıq qalıb?

Mirvari Qəhrəmanlı deyir 8 aydır ki, təşkilatın bank hesabına həbs qoyulub və onların bir sıra layihələri yarımçıq qalıb: «Təşkilat maliyyə vəsaitlərindən məhrum olunub. Biz ölkənin hasilat sənayesində insan hüquqlarını müdafiə edirik. Maliyyə mənbəyimiz xarici donorlardır. Fəaliyyətimiz geniş bir sferanı əhatə etdiyi üçün ildə 2-3 donorla müqaviləmiz olurdu. Maliyyənin kəsilməsi işimizi ağırlaşdırıb. Ancaq işi saxlaya bilmirik. Çünki, yarımçıq məhkəmə proseslərimiz var. Onları davam etdirmək lazımdır. Bundan əlavə təşkilata müraciət edən insanlara kömək lazımdır. Çətin də olsa fəaliyyətimiz hələlik davam edir».

Müsahibimiz əlavə edir ki, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü prosesinə ilk qoşulan ölkədir:

«Təəssüf doğuracaq haldır ki, bizim bank hesabımıza qoyulan həbs «Mədən Sənayesində şəffaflığın artırılması» layihəsi ilə əlaqədardır. Bu layihə 2013-cü ilin oktyabrında başlayıb, sentyabrda qurtarmalı idi. Lakin 8 iyulda hesabımıza həbs qoyulduğu üçün layihə sona çatdırılmayıb».

«ƏL-QOLUMUZ BAĞLIDIR»

Mirvari Qəhrəmanlı deyir ki, onlar əmək hüququnun müdafiəsi, neft gəlirlərinin xərclənməsində şəffaflığın təmini edilməsi, korrupsiya əleyhinə proqramlarla bağlı layihələr həyata keçirirdilər:

«Bundan başqa, beynəlxalq maliyyə qurumlarının Azərbaycanda maliyyələşdirdikləri layihələr üzərində ictimai nəzarət və monitorinq aparırdıq. İndi isə əli-qolumuz bağlıdır, gücümüz yalnız təşkilata üz tutan şikayətçilərin hüquqlarının müdafiəsinə çatır».

QHT sədrinin sözlərinə görə, xarici donorlardan qrantın kəsilməsi bütün vətəndaş sektoruna təsir edib:

«Müstəqil təşkilatlara daha çox təsir göstərib. Müstəqil təşkilatın fəaliyyəti göz qabağında olur, saytı var, ictimaiyyətlə daima təmasdadır, illik hesabatlar hazırlayır, qiymətləndirmə və monitorinqlər aparır və s. Ona görə də bu təşkilatlar daha çox ekspertlə işlədikləri üçün daha çox tərəfdaş və maliyyə vəsaiti axtarır».

GÖZLƏMƏ...

Mirvari Qəhrəmanlı hesab edir ki, xarici donorlardan maliyyə vəsaitini dayandırılmasından təkcə müstəqil QHT-lər yox, ölkə ictimaiyyəti zərər çəkdi: «İctimaiyyət bu QHT-lərin onlara bəxş etdiyi hüquqi yardımlardan, araşdırmalardan, ictimai nəzarət nəticəsində əldə olunmuş və dövlət qurumlarının fəaliyyətini əks etdirən hesabatlardan məhrum oldu».

Müsahibimiz hələ ki, gözləmə mövqeyindədir: «Hələlik qrant qeydiyyatı üçün tətbiq olunacaq yeni qaydaları gözləyirəm. Onda söyləmək olacaq ki, vətəndaş cəmiyyəti bu ölkəyə lazımdır, ya yox. Vətəndaş cəmiyyəti ictimaiyyət, ölkəmiz, onun imici üçün, əhali üçün vacibdir və lazımdır. Hakimiyyətə lazımdırmı? Bunu isə qrant layihələrinin qeydiyyat qaydalarının elanından sonra biləcəyik».

İXTİSARA DÜŞƏN İŞÇİLƏR

Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli xarici donorlardan maliyyənin kəsilməsinə iki cür yanaşır: «Pis odur ki, reallaşan layihələrimizin sayı azalıb. Çünki donor nə qədər çox olurdusa , bu o qədər də çox layihənin reallaşması demək idi. Üstəlik, QHT-lərdə nə qədər adam işlə təmin olunub işləyirdilər. Bu gün maliyyə problemi işçilərin ixtisara düşməsinə də səbəb oldu. Ancaq yaxşı tərəfi odur ki, dövlətimizin artıq özü milli donor kimi fəaliyyət göstərməyə qərar verib».

Vüsalə Hüseynli a onu da düşünür ki, xarici maliyyənin məhdudlaşdırılması QHT adından istifadə edərək dövlətçiliyə qarşı kimlərinsə əlində alət olan insanların bazarını bağlaya bildi:

Elə donorlar var idi ki, onlar illərlə Azərbaycana ayırdıqları maliyyəni yalnız eyni təşkilata verirdilər. Bu isə şəffaflığı kölgədə qoymaqla yanaşı qaranlıq məqamlardan xəbər verirdi...

«Elə donorlar var idi ki, onlar illərlə Azərbaycana ayırdıqları maliyyəni yalnız eyni təşkilata verirdilər. Bu isə şəffaflığı kölgədə qoymaqla yanaşı qaranlıq məqamlardan xəbər verirdi».

Müsahibimiz deyir ki, hazırda onların yarımçıq layihələri qalmayıb, amma hələ yeni layihələri də yoxdur: «Təbii ki, QHT-nin aktiv işləməsi üçün maliyyə lazımdır. Ancaq biz Avropa təcrübəsindən də faydalana bilərik. QHT xidmətlə də məşğul ola bilər. Qanunla bu məhdudiyyət yoxdur. Müvafiq tenderlərə qatıla bilər».

Amma Vusalə Hüseynli ümid edir ki, xarici donorlardan maliyyələşmə də bərpa olunacaq: «Məsələn, Avropa Birliyinin Bakı ofisi deyir ki, biz müqavilə bağlamağa hazırıq. Fikrimcə, özünə güvənən, fəaliyyətindən arxayın olan donor müqaviləsini bağlayıb işləyəcək».

«BEYNƏLXALQ TƏŞKİLATLAR AZƏRBAYCANLA DANIŞIQLAR APARIR
»​

Arif Əliyev
Arif Əliyev

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə deyir ki, layihənin qeydiyyat problemi həll olunmadığından heç bir təşkilat fəaliyyət göstərə bilmir:

«Hətta qeydiyyatdan keçmiş layihələrə belə yenidən qeydiyyat tələb olunur, bu isə QHT-lərin işini iflic vəziyyətə salıb. Beynəlxalq təşkilatlar Azərbaycanla danışıqlar aparır, bu bir az ümid verir, ancaq o da var ki, qanunvericiliyə edilən dəyişikliyə görə, donorun maliyyələşdirmək istədiyi layihənin məqsədəuyğun olub-olmadığı ilə bağlı müvafiq icra hakimiyyəti arayış verməlidir. Bu isə o deməkdir ki, hansı layihəyə istəyəcəklər, arayış verəcəklər».

Xarici donorlardan əli çıxan QHT-lər yerli donor axtarırlarmı? Arif Əliyev deyir ki, hətta yerli donor olsa da, layihənin qeydiyyatdan keçirilməsi maneəsi var, çünki yeni qaydalar hələ bəlli deyil.

QHT-lərə Dövlət Dəstəyi Şurasının, Prezident yanında Gənclər Fondu ilə yanaşı artıq nazirliklərin də sahələrinə müvafiq layihələrin maliyyələşdirməsi imkanını Arif Əliyev müsbət addım sayır: «Əvvəllər də belə təcrübə vardı. Nazirliklərin öz funksiyalarının bir hissəsini QHT sektoruna ötürməsi, onları idarəetməyə cəlbetməsi təqdirəlayiq haldır. Ancaq söhbət ondan gedir ki, bu işlər nə dərəcədə effektlidir?»

XS
SM
MD
LG