Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:58

Əliməmməd Nuriyev: 'Prezidentə müraciət etməyin mənasını görmürəm'


Əliməmməd Nuriyev

Əliməmməd Nuriyev

“Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası prezidentə üz tutaraq, qeyri-hökumət sektorundakı problemlərin həllini istəyib.

Koalisiyanın Şura üzvü, Konstitusiya Fondunun rəhbəri Əliməmməd Nuriyev AzadlıqRadiosu-na deyir ki, müraciəti bir qrup üzv imzalayıb və onu bütün koalisiya adından təqdim etmək düzgün deyil. Müraciəti “təkrarçılıq” sayan Ə. Nuriyev hökumətin, ayrıca Prezident Administrasiyasının “bu sektordakı problemlərlə gündəlik məşğul olduğunu” əsas gətirərək, ona “ehtiyac qalmadığını” bildirir:

“Onsuz da iş gedirdi. Bu müraciətin mənasını görmürəm. Bununla bağlı bütün məlumatlar təqdim edilib, müzakirələr aparılır. Cənab prezident də göstəriş verib. Çoxlu işlər də görülüb, narahatlıq yaradan problemlərin 90 faizi həll olunub. Bu yaxınlarda bəzi addımlar da atılacaq. Bir neçə məsələ qalıb həll olunmamış”.

Əliməmməd Nuriyev koalisiya üzvlərinə sərhəddə qoyulan “stop”un götürüldüyünü, bank hesablarına həbslərin qaldırıldığını da vurğulayır. Şura üzvü artıq 21 qrant müqaviləsinin qeydə alındığını, qeydə alınmayan bir neçə layihə ilə bağlı müzakirələrin də davam etdiyini bildirir. O, bu məsələnin də həllini tapacağını düşünür. QHT üzvləri ilə bağlı cinayət işlərinə gəlincə, Ə.Nuriyev bunu “yalan” adlandırır.

Buna da bax:​ Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Azərbaycanın statusunu aşağı saldı

Oqtay Gülalıyev: “Məcbur qalıb prezidentə müraciət etdik”

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının başqa bir üzvü Oqtay Gülalıyevsə sadalanan problemlərin çözülmədiyinə diqqət çəkir. O, prezidentə də “məcburiyyət qarşısında qalaraq” müraciət etdiklərini söyləyir.

Koalisiya üzvü başqa çıxış yolu görmədiklərini, QHT sektorundakı problemlərin həlli üçün “siyasi iradə lazım olduğunu” və dövlət başçısının “buna müdaxiləsinin” gərəkdiyini deyir:

“Söhbət ondan gedir ki, Azərbaycanın “Mədən Sənayesində Şəffaflığın Artırılması” təşəbbüsü (ingiliscə qısaltması - EITI) çərçivəsində üzvlük statusu aşağı endirilib. Oktyabrın 25-də Qazaxıstan paytaxtı Astanada bu qurumun beynəlxalq İdarə Heyətinin toplantısı keçirilməlidir. Orda Azərbaycanla bağlı islah planının icra edilib-edilməməsinə baxılacaq. Açığı, biz istəyirik və maraqlıyıq ki, Azərbaycan “Mədən Sənayesində Şəffaflığın Artırılması” təşəbbüsündə qalsın. Amma bununla bağlı hökumətin qarşısında plan qoyulub. Bunların yerinə yetirilməsi ilə bağlı vaxt verilmişdi. Bu da QHT sektorundakı problemlərin həlli ilə bağlı idi”.

Bəzi problemlərin hələ də çözülmədiyini deyən O. Gülalıyev özəlliklə QHT haqqında qanuna “mürtəce dəyişikliklərin”, bank hesablarına həbslərin aradan qaldırılmadığını, vergi sanksiyalarının qaldığını vurğulayır. O, hələ həllini tapmayan məsələlər siyahısında bəzi QHT-lərin Ədliyyə Nazirliyindən çıxarış ala bilməməsini, donorlarla bağlı problemləri də qeyd edir.

“Barəsində cinayət işi olanlar, həbsdə qalanlar var”

“Bundan başqa, koalisiya üzvləri ilə bağlı cinayət işi var, onların ölkədən çıxışı yasaqlanıb. Barəsində cinayət işi olub, ölkədən çıxışına qadağa qoyulanlardan biri də mənəm”, - O.Gülalıyevin sözləridir. O, koalisiyanin iki üzvünün - Fuad Qəhrəmanlı və Asif Yusiflinin həbdə qalmasına da diqqət çəkir.

Buna da bax:​ F. Qəhrəmanlının istintaq işi ilə tanışlıq başlayıb

Əliməmməd Nuriyev fərqli düşünür

Əliməmməd Nuriyev Fuad Qəhrəmanlının “QHT işinə” görə həbs edilmədiyini, haqqında məhkəmə getdiyini bildirir. O, Asif Yusiflinin də dələduzluqda suçlandığını və onun əfvi üçün ölkə başçısına müraciət edildiyini deyir:

“Məlum oldu ki, cəmi bir nəfər - Elçin Abdullayev haqqında cinayət işi qaldırılıb. Bu iş ötən ilin oktyabrında dayandırılıb. Koalisiyanın bir üzvü barəsində də 2012-ci ildə cinayət işi qaldırılıb, amma bunun “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası ilə əlaqəsi yoxdur. Həmin işlə də bağlı müzakirələr aparılır. Güman edirəm, buna da aydınlıq gətiriləcək. Özü də həmin şəxs həbsdə deyil, sadəcə, barəsində ölkədən çıxmamaq haqda qərar var”.

Əvəz Həsənov: “Ümidlərimiz puç olub”

Hüquq müdafiəçisi Əvəz Həsənov bu sektordakı problemlərin həlli üçün hökumətə də, ayrıca prezidentə də dəfələrlə müraciət etdiklərini, ancaq indiyədək qərar verilmədiyini söyləyir:

“İndi Koalisiya nəyə ümid bağlayıb, müraciət edibsə, deyə bilmirəm. Şəxsən mən və başqa hüquq müdafiəçiləri bu ümidlərin puç olduğunu düşünürük. Durum göz önündədir. Demək olar, bu sahədə ciddi fəaliyyət yoxdur. Təşkilatların çoxu bağlanıb, ofislərini qapadıblar, işçilərini işdən çıxarıblar. Sabah bütün kanallar açılsa da, bu təşkilatların bərpasına, ən azı, bir il vaxt lazımdır”.

Buna da bax:​ Amulsar qızıl mədəni Sevan gölünə təhlükədir

Oqtay Gülalıyev deyir ki, hökumət Azərbaycanın nüfuzunun qorunmasını, beynəlxalq təşkilatlarda üzv qalmasını istəyirsə, bu problemlərin həllində maraqlı olmalıdır. “Hər halda biz müraciət etmişik, cavab gözləyirik. Arzu edirik və ümidvarıq ki, prezident bu problemlərin həllinə fəal müdaxilə edəcək. Nəticəsi nə olacaq, yaşayıb görəcəyik”.

Azərbaycan 13 ildir ki, EITI-yə üzv olsa da, ötən ilin aprelində orada Azərbaycanın statusu tamhüquqlu üzvlükdən üzvlüyə namizədliyə salınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG