Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:23

Yeni 'Açıq hökumət' platformasına opponentlərin reaksiyası


Sahib Məmmədov
Sahib Məmmədov

Bu ilin sentyabrında Azərbaycanda Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması yaradıldı. Burda 10-dək dövlət qurumu ilə yanaşı, vətəndaş cəmiyyəti fəalları da təmsil olunmuşdu.

Dekabrın 6-da İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu həmin quruma alternativ təşkilatın - vətəndaş cəmiyyətinin müstəqil nümayəndələrindən ibarət Açıq Hökumət Forumunun yaradılacağını bəyan edib.

Onun sözlərinə görə, hazırda mövcud olan Açıq Hökumət Tərəfdaşlığı üzrə dialoq platformasını “açıq” adlandırmaq olmaz, burda “vətəndaş cəmiyyətinin real nümayəndələri təmsil olunmayıblar”. Qubad İbadoğlu deyir ki, sentyabrda yaradılan platformada “bu məsələ ilə məşğul olan bir çox QHT kənarda qalıb”.

Buna da bax:​ Müstəqil QHT-lər alternativ forum yaradır

Onun fikrincə, indi belə təəssürat yaranır ki, hökumət özü-özü ilə dialoq aparmaq istəyir:

“Biz - müstəqil QHT nümayəndələri, gözləmə mövqeyi tutduq və hökumətə vaxt verdik ki, vəziyyəti düzgün qiymətləndirərək düzgün qərarlar qəbul etsin. Təəssüf ki, bu, olmadı”.

Bir qədər əvvəl vətəndaş cəmiyyəti fəallarının, hüquqşünas və jurnalistlərin birləşdiyi Sivil Toplum Platforması da “Dialoq Platforması”nı “hökumətyönlü” adlandırmışdı.

Buna da bax: 'Dialoq Platforması' kimə aiddir?

“Prosesdə iştirak etmək yaxşıdır, yoxsa...”

Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü kimi təmsil olunan Sahib Məmmədov bu açıqlamanı kəskin qarşılayır. Bəyanat müəllifinin özünü “hökumətə işləməkdə” günahlandırır.

“Açıq Hökumətə dair Milli Fəaliyyət Planı”nda var ki, hökumətlə vətəndaş cəmiyyətinin dialoq platforması yaradılmalıdır. Onun icrası bir neçə quruma, o cümlədən Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına tapşırılıb. Şura da Platforma yarananda hətta üsyankar adlandırdığımız şəxsləri, Sivil Toplum Platformasının xeyli üzvünü ora dəvət edib. Platformanın koordinatoru Əliməmməd Nuriyev də bir-bir hamı ilə görüşüb. Amma onlardan Azər Mehtiyev, Samir Əliyev və daha bir neçə nəfər ora qatılmaqdan imtina ediblər. Qadir İbrahimli, Vüqar Bayramov, Şəhla İsmayıl kimi fəallar Platformada təmsil olunur və onlar müstəqildir”.

Buna da bax:​ Vətəndaş cəmiyyətinin Forumu keçirilir

Sahib Məmmədovun qənaətincə, onların yaratdığı Platformanın üstünlüyü ondadır ki, orda hökuməti təmsil edən 10 nəfər var. Düzdür, o, alternativ qurumun yaradılmasına da əngəl görmür: “Buyurub yaratsınlar. Amma orda hökumət təmsil olunacaqmı? Yaxşı olmazdımı ki, Qubad bəy də orda təmsil olunsun? Orda prosesdə iştirak etmək yaxşıdır, yoxsa hökumət olmadan yalançı platforma yaradıb xaricdən gizli yollarla qrant almaq?”.

Sahib Məmmədovun sözlərinə görə, məhz Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının sayəsində sentyabrdan bu yana 20-dən çox QHT, o cümlədən özünü “barışmaz” adlandıran qurumlar qeydə alınıb. Bundan başqa, qanunvericiliklə bağlı bütöv bir paket hazırlanaraq hökumətə təqdim edilib, prezident “vahid pəncərə” sistemi haqda sərəncam imzalayıb. Düzdür, o, vəziyyətin tam düzəlmədiyini, daha çox iş görülməli olduğunu da gizlətmir, amma görülən işi görməməyi də “gülünc” sayır.

Buna da bax: Bridget Brink Sivil Toplum-la da görüşüb

“İşçi Qrupunun gününə düşməsə yaxşıdır”

Mirvari Qəhramanlı
Mirvari Qəhramanlı

Eyni platformada təmsil olunan vətəndaş cəmiyyəti fəalı Mirvari Qəhrəmanlı yeni yaradılan qurumun missiyasının yaxşı olduğunu bildirsə də, şübhələrini də bölüşür. O, iki il öncə hökumətin iştirakı ilə yaradılan İnsan Hüquqları üzrə İşçi Qrupun fəaliyyətini yada salır. Onun da missiyasının, yaradılma məqsədinin yaxşı olduğunu söyləyir, ancaq fəaliyyətinin kağız üstündə qaldığını deyir:

“Biz hökumətə mesajımızı ya KİV-lə veririk, ya da rəsmi müraciət şəklində. Bəzən məktublar da it-bata düşür. Belə qurumların müsbət cəhəti odur ki, burda üzbəüz oturub sənədləri rəsmi şəxsə təqdim edə və fikirlərini müdafiə edə bilirsən. Mən Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması yaradılanda da dedim ki, bunun missiyası çox yaxşıdır, işdir, İşçi Qrupunun gününə düşməsə. Fəaliyyəti davam edəcəksə, alqışlanmalıdır, davam etməyəcəksə, sadəcə, formal bir qurum kimi qalacaq”.

Buna da bax:​ STP: 'İndi zorun qalib gəldiyi ən çətin dövrdür'

Mirvari Qəhrəmanlı yeni qurumda qalıb-qalmayacağını Platformanin fəaliyyətindən asılı olduğunu bildirir.

Xatırlatma

Sentyabrda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə “Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” təsis olunub.

Platformada QHT-lərdən əlavə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Vüsal Hüseynov, ASAN Xidmət, Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi və bəzi nazirliklərin nümayəndələri təmsil olunurlar.

“Açıq Hökumət Təşəbbüsü” 2011-ci ildə BMT Baş Assambleyasının 66-cı toplantısında qəbul edilib. Hazırda adıçəkilən sənədi 70 ölkə imzalayıb.

Buna da bax: 'Sivil Toplum' 'Dialoq Platforması'nı hökumətyönlü adlandırdı

Azərbaycan 2012-ci ildə təşəbbüsə qoşulub. 2016-cı ilin mayında Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsi Azərbaycanın bu qurumdakı statusunu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirib. Buna səbəb kimi, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılmış məhdudiyyətlər göstərilib. Yeni statusda Azərbaycan səsvermə hüququndan məhrum edilib.

Azərbaycan bu quruma daxil olan ölkələr arasında tamhüquqlu üzvlük statusunu itirən yeganə ölkədir.

Ekspertlər Azərbaycanın sözügedən qurumdakı statusunun kreditlərin cəlb edilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG