Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:11

“İki ət dükanım var. Heyvanı birbaşa Bərdənin heyvan bazarından alıram. Bu dəfə əliboş qayıtdım”.

Sumqayıtda ət dükanlarının ətrafında yaşayanlar əti, adətən, “qəssab Həsən” dedikləri Həsən Canıyevdən alırlar. AzadlıqRadiosu-na deməsinə görə, son 10 gündə ticarəti “ölüb”. Səbəbsə daimi müştərisi olduğu heyvan bazarında qiymətlərin az qala ikiqat artmasıdır:

“100 kilo təmiz əti çıxan heyvanı 500 manata alırdım, indi 850-900 manata olub. Baxırsan ki, istər iribuynuzlu, istər xırdabuynuzlu heyvan elə əvvəlki qədər çoxdur. Ancaq qiymət çox bahadır. Ora alıcılar Bakıdan, Sumqayıtdan, başqa rayonlardan gəlirlər, qiymətləri eşidib qaçırlar. Sonuncu dəfə gedəndə bazarda əməlli-başlı müştəri qıtlığı gördüm”.

Buna da bax:​ Ətin bahalaşmasının səbəbi bilindi

“MÜŞTƏRİLƏR QAÇDI”

Sonuncu dəfə 86 kiloluq dananı 870 manata alıb. Deyir, haqq-hesab edəndə, kilosu ona 8 manat 70 qəpikdən də baha düşür. Bir dərdi də indiyədək başına yığdığı müştəriləridir. Ət alanlar yarıbayarı azalıb:

“Gətirdim kəsdim, kilosunu 9 manatdan satışa çıxartdım. Müştərilər qaçdı. Üstəlik də dedilər, ‘sən də bahalaşmadan yararlanıb ətin qiymətini qaldırırsan’. Gəl indi müştəriyə xırdala ki, qoyduğum qiymət bu dananı Bərdə bazarından daşıyıb gətirib satmağın heç yolpulu da eləmir. Hələ mən bunun vergisini, baytarlığın, ‘sanepidemstansiya’nın, sahə müvəkkilinin, fövqəladə hallarının, işıq idarəsinin, əlində kitab-dəftərlə hər gün qapıda peyda olanların xərcini demirəm... Bax, vəziyyət budur”.

Buna da bax:​ Ət bahadır, yaşasın düyü!

Bərdənin heyvan bazarı yalnız həftənin cümə günləri işləyir. Bərdəylə yanaşı Ağdam, Yevlax, Ağcabədi, Beyləqan, Tərtər və başqa rayonlardan da mal-heyvan gətirib satırlar. Müştərilərsə, əsasən, Bakıdan, Sumqayıtdan, Gəncədən və başqa şəhərlərdən olur.

“DÜKANI BAĞLADIM”

Qəssab Həsənin daimi müştərisi olduğu satıcı İsa Bədəlov deyir, heyvanlar bazara, adətən, gecəyarıdan çıxarılır. İndiyədək onun gecəyarı bazara çıxardığı iribuynuzlu heyvanlara səhərədək müştəri çıxırmış:

Buna da bax:​ Bahalaşmanın səbəbi təkcə dollardırmı? [video]

“Ağlım kəsəndən heyvandarlıqla məşğul oluram. Hava işıqlananda artıq mal-qaramı satıb evimə qayıdırdım. İki cümədir ki, danaları necə aparıramsa, eləcə qabağıma qatıb geri qaytarıram. Müştəri deyir, ‘qiyməti qaldırma’. Yemin qiyməti ilyarımda 2 manatdan 4 manat 50 qəpiyə qalxıb. Keçən həftəyə qədər 4 manata aldığım yem indi 4 manat 50 qəpiyə satılır. Qiymətlər həftəylə, günlə yox, saatla qalxır. Mal-qara saxlamaq asan gəlməsin. Bu danadır, gündə bir qab yeyib geri çəkilmir, gərək günboyu yemini kəsməyəsən. Mən bu dananı neçəyə satım ki, onun saxlanmasına xərclədiyim pulu çıxarım? İkinci həftədir alver yoxdur, bizimsə dolanışığımız mal-qara satmaqdan çıxır. Mən də istəyərəm ki, malımı satım, dolanışığım olsun”.

Yazı hazırlanarkən qəssab Həsəndən “Qaynar xətt”ə gələn sonuncu mesaj: “Dükanı bağladım”.

Qəssab Həsən bundan sonra nə işlə məşğul olacağını bilmir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG