Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:19

-

Ermənistana isə 41 min dollar verilib, ikinci proqram çərçivəsində qara qəpik də ala bilməyib; Rusiya radikalları Suriyaya göndərirmiş; Erdoğan saat əqrəblərini geri fırladır – 18 may Qərb mediasının icmalı.

Son 10 ildə ABŞ Müdafiə Departamenti Azərbaycana 20 milyon dollarlıq hərbi yardım ayırıb, Ermənistana isə «qəpik-quruş» verilib. Bunu Eurasianet.org saytında Joshua Kucera ABŞ hökumət sənədlərinə istinadla yazır.

TV-lər göstərmir? Biz göstəririk - Youtube Kanalımıza abunə ol, izlə!

Xarici ölkələrə hərbi yardıma Dövlət Departamenti nəzarət etsə də, antiterror müharibəsi başlanandan Müdafiə Departamenti bu işə daha çox girişib. Müəllif yazır ki, Dövlət Departamenti bu iki Qafqaz ölkəsinə yardım məsələsində bərabərlik siyasətini saxlayır, ancaq Müdafiə Departamenti həmin balansı elə də vecinə almayıb. Bakı Pentaqonun «1004-cü Düzəliş» və «1206-cı Düzəliş» adlı iki yardım proqramından faydalanıb. Bu proqramlara Konqres daha az nəzarət edir.

1004-cü Düzəliş narkotik maddələrə qarşı mübarizəyə, 1206-cı Düzəliş isə terrorçuluqla mübarizəyə yardım ayırır. Azərbaycan 2005-ci ildə birinci proqram çərçivəsində 8.5 milyon, ikinci proqramla 11.5 milyon dollar əldə edib. Ermənistana isə 1004-cü Düzəliş ilə 41 min dollar verilib, ikinci proqram çərçivəsində qara qəpik də ala bilməyib. Məlumatı Vaşinqtonda yerləşən Təhlükəsizliyə Yardıma Nəzarət təşkilatı toplayıb. Qurum ABŞ-ın müxtəlif yardım proqramları üzrə məlumat bazası saxlayır.

Yazıda qeyd olunur ki, bu pulun çoxu donanma qüvvələrinə gedib. Daha sonra, 2013-cü ildə ABŞ xüsusi qüvvələri Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin narkotiklərlə mübarizə bölməsinin 50 üzvünə iki aylıq təlim keçib. Təlim 916 min dollara başa gəlib.

Müəllif Pentaqonun yardım proqramlarının regionda uyğun balansı Azərbaycanın xeyrinə pozduğunu vurğulayır. «Düzdür, Azərbaycanın aldığı 20 milyon dollar region miqyasında kiçik görünür. Məsələn, Qırğızıstana həmin müddət ərzində eyni proqramlar çərçivəsində 118 milyon dollar ayrılıb. Amma Dövlət Departamenti son 10 ildə Ermənistanla Azərbaycana oxşar yardımı ciddi azaldır, ildə 2-4 milyon dollara salıb və təxminən eyniləşdirib», - yazıda vurğulanır.

«Ötən ay Dağlıq Qarabağda toqquşmalar qızışandan sonra ABŞ-ın regiona hərbi yardım məsələsi yenə gündəmə gəlib. 1992-ci ildən ABŞ-ın qəbul etdiyi 907-ci Düzəliş Azərbaycana yardımı məhdudlaşdırıb, ancaq 2001-ci ildən bəri bu əlavə hər il pozulub. Sonuncu dəfə aprelin 21-də Dövlət Departamenti təsdiqləyib ki, ABŞ-ın Azərbaycana yardımı Birləşmiş Ştatların beynəlxalq terrorçuluqla mübarizəsinin dəstəklənməsi, Azərbaycanın sərhəd təhlükəsizliyinin qorunmasından ötrü vacibdir, Dağlıq Qarabağ sülh prosesinə zərbə vurmayacaq, yaxud Ermənistana qarşı istifadə olunmayacaq», - müəllif yazır.

Aprel toqquşmalarından sonra 907-ci Düzəlişə əməl olunması çağırışları səslənib. Ermənistan lobbiçiləri ABŞ-ı Azərbaycana yardımı tamamilə dayandırmağa çağırıblar. Azərbaycan isə məhdudiyyətlərin bütünlükdə qaldırılmasını istəyir. «907-ci Düzəliş 1992-ci ildə erməni lobbisinin təzyiqi ilə qəbul olunub və ləğv edilməlidir», - prezidentin köməkçisi Əli Həsənov bu ayın əvvəlində deyib.

İŞİD döyüşçüsü

İŞİD döyüşçüsü

RUSİYA RADİKALLARI SURİYAYA GÖNDƏRİRMİŞ

«Reuters» agentliyi Rusiyanın radikal islamçıların Suriyaya getməsinə yardım etməsini üzə çıxaran araşdırma dərc edib. Məsələn, 38 yaşlı Saadu Sharapudinov Rusiyada axtarılırmış, o, Şimali Qafqazda qadağan olunmuş islamçı qrupun üzvü olub. «Reuters»ə danışıb ki, 2012-ci ildə Rusiya kəşfiyyatçıları ona gözlənilməz bir təklif ediblər. Rusiyadan çıxmağa razılaşsa, həbs olunmayacaq, onun ölkədən çıxışına kömək edəcəklərmiş.

Sharapudinov razılaşır, bir neçə aya ona yeni adla pasport verirlər və İstanbula birtərəfli bilet alırlar. O, Türkiyədən asanlıqla Suriyaya keçir, daha sonra özünü «İslam Dövləti» adlandıracaq qruplaşmaya qoşulur.

«Reuters» daha dörd belə rusiyalı radikalı müəyyənləşdirib, onlar da Rusiyadan hakimiyyətin köməyi ilə çıxıblar. Qohumlarının, keçmiş və indiki rəsmilərin sözlərincə, Moskva bununla ölkədə terror hücumları riskini azaltmaq istəyib. Bəzi mənbələr iddia edir ki, rəsmilər silahlıları Rusiyadan çıxmağa həvəsləndiriblər. Bu ssenari, azı, 2014-cü ilədək davam edib. Bütün bunların Soçi olimpiadasından öncə baş verdiyi ortaya çıxır. Hakimiyyət yaraqlıların bu tədbirlə bağlı hücumlar təşkil edəcəyindən ehtiyatlanıb.

2015-ci ilin dekabrınadək 2 min 900 rusiyalı Yaxın Şərqə savaşmağa gedib, - rəsmilər belə deyir. Onların 90 faizindən çoxu ölkəni 2013-cü ilin ortalarından sonra tərk edib.

«Rus dili «İslam Dövləti» qruplaşmasının ərəb və ingiliscədən sonra üçüncü dilidir. Rusiya bu qruplaşmaya əcnəbi döyüşçülər göndərən vacib ölkə sayılır», - Beynəlxalq Böhran Qrupunun aparıcı təhlilçisi Ekaterina Sokiryanskaya deyir. «Olimpiya Oyunlarından öncə Rusiya xeyli sayda döyüşçünün Rusiyadan çıxmasına göz yumub. Onlar radikal gənclərin Yaxın Şərqə axışmasını gözardı edib».

Rusiya rəsmiləri ölkənin terrorçularla əməkdaşlıq etmədiyini bildirib, deyilənləri «əsassız» adlandırıb.

R.T.Erdoğan

R.T.Erdoğan

ERDOĞAN SİYASƏTİNİN RİSKLƏRİ

«The Financial Times» qəzeti Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın təkadamlıq idarəçilik siyasətinin risklərindən yazır. O, konstitusiyaya dəyişiklik edib prezidentliyini gücləndirməyə çalışır. Bu həftə parlamentdə deputatların toxunulmazlığının alınması məsələsi səsə qoyulacaq. Təklif keçərsə, prezidentin dediklərinə qarşı çıxanlar, özəlliklə, kürd deputatlar ölkənin antiterror qanunlarına uyğun olaraq cəzalandırıla bilərlər.

Yazıda bu siyasətin ziyanlı tərəflərinin artıq üzə çıxmasından söz açılır. Belə ki, kürdlər siyasi prosesdən uzaqlaşdırıldıqca, zorakılığa alternativ görməyə bilərlər.

«Ölkə iqtisadiyyatı da risk altındadır. Daimi seçkilər struktur islahatları yubadır. Monetar siyasətdə inanılmaz baxışları olan Erdoğan, görünür, mərkəzi bankın rəhbərini də uzaqlaşdıracaq, yenisi isə faiz dərəcələrini azaltmaq təzyiqi ilə üzləşəcək», - yazıda oxuyuruq.

«Hazırda Erdoğan-a çox cüzi nəzarət var. Avropa dəyərlərinə sayqısızlığına baxmayaraq, AB hökumətləri miqrant böhranında Türkiyəylə işləməli olduqlarını düşünürlər. Vaşinqton da Ankaranı Suriyada, etibarsız olsa da, vacib müttəfiq sayır. Bu üzüyolalıq təhlükəlidir. Türkiyənin uzunmüddətli sosial və iqtisadi sabitliyi AB üçün vacibdir. Bu səbəbdən liderləri də aydın şəkildə deməlidirlər ki, Erdoğan-ın avtokratik şıltaqlıqlarına dözməyəcəklər. Erdoğan bilməlidir ki, davranışı AB-yə üzvlük ambisiyası ilə bir araya sığmır… Elə Erdoğan da buraxdığı siyasi irsi ciddi düşünməlidir. Baş nazir postunun ilk illərində o, Türkiyəni 1990-cı illərin münaqişələrindən, iqtisadi böhranlarından çəkib çıxara bildi. İndi isə hamını özünə tabe etdirməklə, saat əqrəblərini geriyə fırlatmış olur», - «The Financial Times» yazır.

Həmçinin bax: AzadlıqRadiosu Youtube Kanalında izləyin:

Ramil Usubovun polisdəki işgəncələrdən xəbəri var?

Günün bütün mövzuları

XS
SM
MD
LG