Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının Qəbələ rayonunda bizim eradan əvvəl 4-cü minilliyin birinci yarısına aid mədəniyyət qalıqları aşkarladıqları bildirilir.
«Turan» bu barədə Arxeologiya və Etnoqrafiya İnstitutuna istinadən xəbər yayıb.
Məlumata görə, qazıntılar Qəbələ aeroportunun yaxınlığındakı Leylatəpə adlanan yerdə aparılıb. Arxeoloqların fikrincə, tapıntılar Xalkolit dövrünə aiddir.
Tapıntılar arasında gil, daş, metal və sümükdən hazırlanmış əmək alətlərinin olduğu deyilir. Bundan əlavə, insan skeleti, bəzək əşyaları, saxsı qablar tapıldığı bildirilir.
İnstitutun direktor müavini Nəcəf Müseyiblinin rəhbərliyi ilə 6 min əvvələ aid katakomba tipli qəbir abidəsinin də aşkar edildiyi açıqlanır.
Alimlərin rəyinə görə, aşkar olunmuş artefaktlar böyük elmi əhəmiyyətə malikdir.